Qlobal kibertəhlükəsizlik xərcləri artır

736
Qlobal kibertəhlükəsizlik xərcləri artır

“International Data Corporation” (IDC) analitik şirkəti 2021-ci ildə dünyada informasiya təhlükəsizliyi sahəsində avadanlıq, proqram təminatı və servislər üçün xərclərin 120 milyard dollara yaxın olacağını proqnozlaşdırır.    

Mynews.az Oxu.Az-a istinadən xəbər verir ki, bütün sahələr tərəfindən artan kibertəhdidlərin öhdəsindən gəlmək və təhlükəsizlik sahəsində tələblərə cavab vermək məqsədilə kibermühafizə üçün vəsaitlərin ayrılması nəzərə alınaraq, 2016- 2021-ci illərdə bu məqsədlər üçün xərclərin orta hesabla 9,6 faiz artacağı gözlənilir.

Şirkətin qiymətləndirməsinə görə, 2017-ci ildə kibermühafizə aparat və proqram vasitələri və müvafiq servislərə investisiyalar 10,3 faiz - 83,5 milyard dollaradək artacaq. Bu məbləğin 80 faizindən çoxu xidmətlər və proqram təminatına sərf olunacaq. İnformasiya təhlükəsizliyi avadanlığı üçün xərclər nisbətən az olacaq və onun əksər hissəsi (13,7 milyard dollar) şəbəkə mühafizə vasitələrinin payına düşəcək.

Coğrafi baxımdan iri kibermühafizə vasitələri bazarı informasiya təhlükəsizliyi məhsulları üçün xərclərin həcminin bu il 37,8 milyard dollar səviyyəsində gözlənildiyi Şimali Amerika olacaq. İkinci yerdə Avropa, Yaxın Şərq və Afrika qərarlaşıb. Bu regionun payı 26,2 milyard dollar təşkil edəcək. Liderlər üçlüyünü Yaponiya istisna olmaqla, informasiya təhlükəsizliyi həllərinə 11,5 milyard dolların xərclənəcəyi Asiya-Sakit okean regionu tamamlayacaq.

Bundan başqa, mütəxəssislər əlavə edib ki, 2017-ci ildə informasiya təhlükəsizliyi həlləri üçün xərclər dörd əsas sahə arasında bərabər bölünəcək: ticarət və xidmətlər sahəsi (19,7 milyard dollar), dövlət sektoru (18,6 milyard dollar), istehsal və resurslar sahəsi (16,4 milyard dollar), maliyyə sektoru (16,3 milyard dollar).

Xəbər lenti