Hansısa bir mobil nömrənin sahibini tapmaq artıq müşkül məsələ deyil. Bunun üçün xüsusi proqramlar mövcuddur.
Belə ki, həmin proqrama istənilən nömrəni daxil etməklə onun kimə məxsus olmasını tapmaq olur. Lakin siyahıda nömrənin rəsmi sahibinin adı yox, telefon kitabçalarında qeyd olunan adlar çıxır.
Eyni zamanda, bu proqram hər iki tərəfdə varsa, axatarış edən zaman həmin adama nömrəsinin kimin tərəfindən axtarıldığı məlumat bildirilir. Bu kimi hallar ailədaxili problemlərin yaranmasına belə gətirib çıxara bilir.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Metbuat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, mobil nömrənin “GetContact” bazasından silinməsi mümkündür:
““GetContact” adlanan mobil tətbiqetmə telefona yükləndikdən sonra “Telefon nömrəsi” və “Facebook” hesabı ilə proqramda qeydiyyatdan keçmək tələb olunur. Qeydiyyatdan sonra “GetContact” istifadəçinin kontaktlarına və mesajlarına daxil olmaq üçün icazə istəyir. Giriş icazəsinin verilməsi istifadəçinin kontaktında olan nömrələrin müəyyən bazalarda saxlanılması və üçüncü tərəfə ötürülməsi deməkdir. Bu da gələcəkdə mobil nömrəyə spam mesajların, arzuolunmaz zərərli kontentin daxil olmasına, şəxsi məlumatlarınızın bədəməllərin əlinə keçməsinə gətirib çıxara bilər. İstifadəçi tətbiqetmədə qeydiyyatdan keçməsə belə, onu telefonuna yükləyən şəxslərin kontaktında olan bütün nömrələr bazaya ötürülür. Bu həm də digər abunəçinin də hüquqlarının pozulmasına yol açır.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Elektron Təhlükəsizlik Xidməti bildirir ki, tətbiqetmənin quraşdırıldığı telefonlarda proqramın Tənzimləmələr (Settings) bölməsindən istifadəçiyə aid müvafiq hesabı silmək (remove account) mümkündür.
Daha sonra mobil nömrənin “GetContact” bazasından silinməsi üçün istifadəçihttps://www.getcontact.com/en/unlist vebsaytında nömrəni “Unlist” bölməsində yazaraq siyahıdan çıxara bilər".
İKT Mərkəzinin direktoru Fərid Kazımov Metbuat.az-a açıqlamasında qeyd edib ki, telefon nömrələrinin sahiblərini müəyyənləşdirən proqramları 2 yerə bölə bilərik:
“Əsas istifadədə olan tədbiqlər açıq mənbələrdən telefon nömrələrini müəyyənləşdirir. Məsələn, zəng etdiyiniz adam nömrənizi bilmirsə, bu zaman həmin proqram nömrəni axtarış edir. Nömrə internetdəki açıq mənbədə yerləşdirilibsə, bu zaman qeyd olunan adla göstərir. Bundan başqa, fərdi informasiya bazalarından istifadə etməklə işləyən tədbiqlər var. Bu proqramlar ümumi istifadədə deyil. Onlar informasiyaları oğurlamış mənbələrdən istifadə edirlər. Bu yolla hər hansı bir mobil operatorun məlumatları onlardan qeyri-rəsmi şəkildə alına bilər. Amma məsələ ondadır ki, Azərbaycan kiçik ölkədir. İnanmıram ki, bizdə bu proqramlardan istifadə olunsun. Hazırda istifadə olunan proqramlar isə açıq mənbələrdən aldıqları məlumatları istifadə edə bilirlər. Bu, bir tərəfdən yaxşıdır. Ona görə ki, sizə zəng gələn naməlum nömrəni bu şəkildə müəyyənləşdirə bilərsiniz. Amma əsas məsələ fərdi məlumatların oğurlanmamasıdır”.
Ekspertlər mobil nömrələrin bu yolarla axtarılmasını doğru hesab etmirlər.
Vəkillər Kollegiyasının üzvü, vəkil Xəyal Bəşirov Metbuat.az-a açıqlamasında bildirib ki, qeyd olunan proqram hər hansı ailədaxili problemlərin yaranmasına səbəb olarsa, məsuliyyət yaradır:
“Azərbaycan Respublikasının Konstitusiyasına görə, şəxsi həyatın toxunulmazlığı qanunla qorunur. Bu proqram insanların hüquqlarının pozulmasına gətirib çıxarırsa, o halda məsuliyyət yarada bilər. Belə bir proqramla əvvəl də qarşılaşmışıq. Onunla bağlı əziyyət çəkən, hüquqları pozulan şəxslər olduğu üçün vaxtında tədbir görüldü. Bu proqramla bağlı da elə olarsa, onun istifadəsinə qarşı tədbirlər görüləcək. Hər bir halda, proqramla bağlı insanların hüquq və azadlıqlarıa xələl gəlirsə, onların şəxsi məlumatlarına daxil olunubsa, bu halda proqramın istifadəsi qadağandır. Çünki insan hər hansı insan haqda məlumat əldə etmək üçün rəsmi qaydada müraciət etməlidir. Bu zaman məlumat verilir. Bu səlahiyyət bir də hüquq-mühafizə orqanlarına aiddir. Onlar əhəmiyyətli məsələlərin araşdırılmasında insanlarla bağlı məlumatları ala bilərlər. Amma istənilən şəxs barəsində hər hansı bir məlumatın bu şəkildə əldə edilməsi qanunsuzluqdur. Bu həmin şəxslərin hüquqularının pozulması deməkdir”.