Milli Məclisin deputatı, millət vəkili Hadi Rəcəbli xarici bir çox xarici ölkələrdə olduğu kimi Azərbaycanda da dövlət və onun atributlarına qarşı təxribatlar yayan saytların və sosial şəbəkələrin bağlanılmasının vacibliyini vurğulayıb. Hadi Rəcəbli deyib:
"Bəzi texniki məsələlər var ki, ona qarşı mübarizə aparmaq hələ ki, çətin görünür. Amma bir çox inkişaf etmiş ölkələrdə təhqirə və böhtana, dövlət və onun atributlarına qarşı təxribatlar yayıldığı üçün həmin saytlar və sosial şəbəkələr dərhal bağlanılır. Düşünürəm ki, artıq Azərbaycanda da bu addımları atmaq lazımdır".
Bəs ölkəmizdə dövlət və onun atributlarına qarşı təxribatlar yayan, təhdid kampaniyası ilə məşğul olan sosial şəbəkələrin fəaliyyəti dayandırıla bilərmi?
Məsələ ilə bağlı Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü millət vəkili Fazil Mustafa sonxeber.az-a açıqlamasında ölkəmizdə sosial şəbəkələrin bağlanılmasının yolverilməz olduğunu bildirib.
Onun sözlərinə görə, sosial şəbəkələrin bağlanması, internet resurslarına çıxışın məhdudlaşdırılması dünyada ölkənin imici üçün müsbət qiymətləndirilmir. Bu fikir qeyri-realdır. Çünki, insanlar informasiya əldə etmək üçün lazımi məkanları tapacaqlar. İnternet məkanından ayrı qalmaq mümkün deyil:
"Sosial şəbəkələrin fəaliyyətinin dayandırılması Azərbaycan üçün mənfi nəticələr verə bilər. Ola bilər ki, bu fikir doğru anlaşılmayıb. Hansısa bir sosial şəbəkənin bağlanması dünyadan təcridolunma yoludurmu!? Bu fikir inandırcı deyil. İnanmıram millət vəkili Hadi Rəcəbli belə bir fikir səsləndirsin.
F. Mustafa vurğulayıb ki, sosial şəbəkələrdə yayılan təxribat xarakterli fikirlərin qarşısını almaq üçün müvafiq dövlət qurumları, Xarici İşlər Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, müxtəlif Fondlar bu istiqamətdə öz işləri ilə məşğul olmaq əvəzinə daha passiv fəaliyyət göstərərlərsə, ölkəmizə qarşı bu cür neqativ halların olması baş verə bilər:
"Müəyyən dərəcədə dövlət büdcəsindən maliyyələşən təşkilatlar öz funksional fəaliyyətlərini normal qaydada yerinə yetirməlidirlər ki, bu cür təhdid kampaniyasının qarşısını almaq mümkün olsun. Vaxtında profilaktik tədbirlər aparılmadığına görə, ölkədə təxribatyönümlü problemlərin baş verməsi yaşanır. Bu məsələdə sosial şəbəkənin bağlanması çıxış yolu deyil. Müasir dövrdə internet xətti hava ilə çəkilir, dünya artıq qlobollaşıb. Sosial şəbəkələrin bağlanması yolverilməzdir", - deyə millət vəkili əlavə edib.