Ölkənin ən gənc mobil operatoru “Nar”, Bakı Şəhər Halqası Əməliyyat Komitəsi (BŞH) və Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham") birgə təşkil etdiyi karyera sərgisində iştirak edib. Artıq ikinci ildir ki, "Geniş imkanlara kiçik addımlarla” devizi altında keçirilən sərgidə mobil operator hazırda mövcud olan vakansiyalarını təqdim edib. 30-a yaxın şirkətin də iştirak etdiyi sərgidə “Nar” stendinə maraq böyük olub. Gənclərin daha çox diqqətini çəkən isə müxtəlif departamentlərdə özünü sınamağa imkan verən yay təcrübə proqramları olub.
Karyera yarmarkasının keçirilməsində məqsəd gənclərin şəxsi inkişafına və onların uğurlu karyera qurmasına töhfə verməkdir. Eyni zamanda, ölkənin aparıcı şirkətlərində çalışan İnsan Resursları mütəxəssisləri ilə ünsiyyət gənclərə düzgün karyera istiqaməti seçməkdə kömək edir.
Qeyd edək ki, oktyabrın 30-da keçirilmiş sərgini 1000-dən çox gənc ziyarət edib.
Mobil operatorun həyata keçirdiyi digər layihələr haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən əldə etmək olar.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97,6%-ni əhatə edir və 8500-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.