USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Uşaqların sosial media asılılığı: Tarixi məhkəmə prosesi başladı

14:23 19.02.2026
Uşaqların sosial media asılılığı:  Tarixi məhkəmə prosesi başladı
14:23 19.02.2026

Dünyanın ən böyük sosial media şirkətləri uşaqların beynini hədəf alan “asılılıq maşınları” yaratdıqları iddiası ilə Kaliforniyanın Los-Anceles Ali Məhkəməsində hakim qarşısına çıxıblar. İşin mərkəzində uşaqlıqda sosial media asılılığı səbəbindən ciddi psixi sağlamlıq problemləri yaşadığını iddia edən K.G.M. (Keyli G.M.) dayanır.

Mynews.az xarici mediaya istinadən xəbər verir ki, iddiaçı vəkili Mark Lanier "Meta" və "YouTube"un platformalarını qəsdən istifadəçiləri tələyə salacaq şəkildə dizayn etdiyini bildirib.

İddiada “sonsuz sürüşdürmə”, “avtomatik oynatma” və “bəyən” düymələri kimi xüsusiyyətlərin uşaq asılılığını artırmaq üçün istifadə edildiyi vurğulanıb. Məhkəməyə təqdim edilən sənədlər arasında "Meta"nın CEO-su Mark Zukerberqin 2015-ci ildə platformada sərf olunan vaxtın 12 faiz artırılmasını tələb edən elektron poçtu da var.

Müdafiə tərəfi isə uşağın ruhi sağlamlıq problemlərinin sosial mediadan deyil, ailədaxili münaqişələr və laqeydlikdən qaynaqlandığını iddia edib. Şirkətlər platformaların sadəcə vasitə olduğunu və üçüncü tərəflər tərəfindən paylaşılan məzmuna görə məsuliyyət daşımadıqlarını bildiriblər.
Altı həftə davam edəcəyi gözlənilən məhkəmə prosesi ABŞ-da oxşar işlər üçün presedent ola bilər. Proses zamanı Mark Zukerberq ("Meta"), Adam Mosseri ("Instagram") və Nil Mohan ("YouTube") məhkəmədə ifadə verəcəklər. Uşaq istismarı ilə bağlı narahatlıqlar səbəbindən istefa verən keçmiş işçilər isə şahid qismində çağırılacaqlar. "Snapchat" və "TikTok" isə iddiaçı K.G.M. ilə razılığa gələrək məhkəmə iddiasından çəkiliblər.

İşin nəticəsi sosial media şirkətlərini alqoritm dizaynlarını dəyişməyə və milyardlarla dollar təzminat ödəməyə məcbur edə bilər.


Texnologiya

Xəbər lenti