Büdcəyə milyonluq xeyir: Aylıq işıq pulunu azaltmaq üçün tövsiyələr

783
Büdcəyə milyonluq xeyir: Aylıq işıq pulunu azaltmaq üçün tövsiyələr

Bir neçə ay əvvəl Tarif Şurasının qərarı ilə elektrik enerjisinin qiyməti qaldırılıb. Yeni tariflərə görə, elektrik enerjisinin bir kilovat-saat üçün topdansatış tarifi 5,7 qəpik təsdiq edilib, pərakəndə satış tarifi isə sosial siyasətə uyğun olaraq, əhali üzrə aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılıb, aylıq istehlak həcminin 250 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.

İşıq pulunun artırılması isə qlobal iqtisadi böhran vaxtı büdcəsi az olan ailələrə ciddi problemlər yaradır. Halbuki ildə bir ailə elektrik enerjisinə 1 faiz qənaət etsə, həm öz büdcəsinə, həm də iqtisadiyyata milyonlarla manatlıq xeyir vermiş olar.

Mynews.az BakıPost.az-a istinadən gündəlik görülən işlər zamanı elektrik enerjisinə qənaət etməyin yollarını təqdim edir:

Soyuducudan düzgün istifadə edin

İşıq pulunu azaltmaq üçün diqqət edilməsi vacib olan ən önəmli nüans, əvvəlcə soyuducunu düzgün yerləşdirməkdir. Soyuducunu radiotar, qaz plitəsi, günəş kimi istilik mənbələrindən uzaqda qoyun və qapısını uzun müddət açıq saxlamayın.

Diqqət edilməsi vacib olan ikinci məsələ isə soyuducunun içidir. Ağzı bağlanılmamış su və sulu yeməklər nəm buraxdıqları üçün soyuducunun daha artıq elektrik enerjisi sərf etməsinə səbəb olur. 

Bu səbəbdən suların ağzını bağlayın, yeməkləri isə saxlama qablarında soyuducuya qoyun.

Bundan əlavə, soyuducunu doldurarkən, yeməklər arasında uyğun bir məsafə buraxılmalıdır. Beləcə hava rahatlıqla hərəkət edər və soyuducu daha az enerji sərf edər.

Elektrik alətlərinin başlıqlarını unutmayın

Elektronik qurğular elektrik mənbəyinə taxılı olarkən işləməsələr belə, enerji sərf edirlər. 

Yandırıb-söndürmə funksiyalı uzatma kabelləri eletrik alətlərini tək hərəkətlə elektrik mənbəyindən ayırmağa kömək edir.

Ev əşyalarını elektrik mənbəyindən ayırmağı adət halına çevirin.

Diqqətli ütüləyin

Ütü ən çox elektrik enerjisi sərf edən ev alətidir. Buna görə də buxarlı ütülərə üstünlük verin. 

Son paltarı ütüləyərkən ütünü elektrik mənbəyindən ayırıb, öz istisində də işinizi tamamlaya bilərsiniz. Paltarları xəfif nəmli ütüləməyə başlasanız, daha tez düzləşdirməyə nail olarsınız.

Lampalarınızı dəyişdirin

Evlərdə əsasən, istifadə olunan sadə işıq lampalarından imtina edib, yerinə qənaətli lampalar taxın. Bu lampalar vasitəsilə həm eyni işıqlandırmaya nail olacaqsız, həm də elektrik enerjisinə qənaət edərək daha uzun müddət lampa dəyişdirmək əzabından xilas olacaqsınız.

Diqqət edilməli daha bir vacib nüans var. Belə ki, gün işığından mümkün olduğu qədər daha çox faydalanmaq və mebelləri gün işığının qarşısını kəsməyəcək formada yerləşdirmək lazımdır. Lampaları isə otaqların künclərinə yerləşdirsəniz, işıq künc divarlardan otağa daha rahat yayıla bilər.

Paltarları aşağı dərəcədə yuyun

Əvvəlcə, paltaryuyan maşınınızı öz tutumu qədər doldurun. Az miqdarda paltar qoyduqda su və elektrik qənaətli proqramlar seçin. Mümkün qədər aşağı dərəcəli istilikdə yumağa çalışın. Parçanın materialını və çirklilik dərəcəsini göstərərək mümkün olan ən qısa yuma proqramını seçin. Qabyuyan maşında da mümkün olduğu qədər aşağı istilikli proqramlara üstünlük verin.

 

Xəbər lenti