ABŞ-ın keçmiş prezidenti Barak Obamanın həyat yoldaşı Mişeldən əvvəlki sevgilisi ortaya çıxıb.
Publika.az xəbər verir ki, bu barədə Obama haqqında David J.Grovun yazdığı kitabda bəhs edilir. “Rising Star” adlı kitabda keçmiş prezidentin həyatı ilə bağlı bilinməyən bir sıra məqamlara aydınlıq gətirilir.
Kitabda Obamanın Mişeldən əvvəl 1986-cı ildə hələ Şeila Miyaşoi Jager adlı bir qızla sevgili olduğu və ona evlənmək təklif etdiyi bildirilir. Lakin qız Obamanın təklifini qəbul etməyib.
Kitabda yazılır: “Obama hələ Harvardda oxumamışdan əvvəl Çikaqoda yaşayanda yapon və holland əsilli Şeila Miyaşoi adlı qıza aşiq olur. Qız Obamanın anası kimi antropologiya üzrə araşdırmaçı olub. Onlar arasında münasibət o qədər güclü olub ki, Obama evlənmə təklif edib. Ancaq Obamanın prezident olma xəyalı və sosial layihələrindən xəbərdar olan qızın ailəsi bu izdivaca mane olub. Onlar evliliyin Obamanın xəyalları qarşısında əngəl yaradacağını düşünüblər. Ona görə də Ş.Miyaşoi evlənmə təklifinə “hələ yox” cavabını verib”.
Kitabda Obamanın bir anda dəyişikliyindən danışılır. 1987-ci ildə 25 yaşı olanda artıq prezident olmaq barədə ciddi şəkildə düşünməyə başlayıb.
Jager deyir ki, Obama birdən-birə dəyişmişdi. O, prezident olmaq barədə daha çox düşünürdü:
“Onunla irqi məsələlərdə daha çox mübahisə etməyə başlamışdıq. Sanki Obama gələcəyin qaradərili prezidenti olaraq həyat yoldaşının ağ dərili olmasının sıxıntısını yaşayırdı. Bu da bizim münasibətimizə təsir edirdi”.
Obamanın hüquq təhsili almaq üçün Harvarda getməsi cütlük arasında münasibətlərə təsir edib. Obama sevgilisinə də onunla birlikdə getməyi təklif edib, ancaq qız qəbul etməyib. Harvardda təhsil aldığı ilk ildə Obama indiki həyat yoldaşı Mişellə tanış olur. Qısa müddətdə münasibətləri ciddiləşir. Obama keçmiş sevgilisi ilə 1990-91-ci illərdə bir neçə dəfə görüşüb. O, Obamanın yeni sevgi münasibətinin ciddi olduğunu anlayanda çox pis olduğunu deyib.
Obama ilə Mişel ailə qurandan sonra keçmiş sevgililər bir neçə dəfə ciddi mövzularla bağlı telefonda danışıblar.