Həyat mənbəyi uğrunda SAVAŞ BAŞLAYIR Ərəb ölkəsindən müharibə ANONSU

696
Həyat mənbəyi uğrunda SAVAŞ BAŞLAYIR Ərəb ölkəsindən müharibə ANONSU

Dünyanın ən böyük şirin su hövzələrindən olan Nil çayı uğrunda mübarizə güclənir. Afrika ölkəsi olmayan Səudiyyə Ərəbistanı qitənin suyuna göz dikib.

Səudiyyə Ərəbistanı su təhlükəsizliyi sahəsində bir çox problemlə qarşılaşıb. Bununla əlaqədar olaraq Səudiyyə akademiki, fiziki coğrafiya sahəsində mütəxəssis Mahmud Davan hökumətdən yenidən Sudan ərazisi ilə Nildən su çəkilməsi məsələsinə baxmağı tələb edib. Ölkədə hər il suyun istehlakı artır və hazırda dövlət yalnız suyun duzdan təmizlənməsinə güvənərək sakinlərin ehtiyaclarını təmin edə bilmir.

İdeya yeni deyil

Hər şeydən əvvəl, qeyd etmək lazımdır ki, Sudan ərazisi ilə Səudiyyə Ərəbistanına su xəttinin çəkilməsi ideyası yeni deyil. Krallıqda bir neçə dəfə, xüsusilə kral Faysalın dövründə belə təşəbbüslə çıxış edib. Şahzadə Məhəmməd əl-Faysal Nil suyunun boru xətti ilə Qırmızı dənizin dibindən Ciddə şəhərinə kimi gətirilməsini təklif edirdi.

Bu təşəbbüs ölkənin Qərb regionunun, ilk növbədə iki müqəddəs şəhər - Məkkə və Mədinənin su ilə təmin edilməsinə xidmət edirdi. Nəzərə alaq ki, həcc dövründə suyun istehlakının səviyyəsi iki dəfə artır. Ancaq kral Faysal bu təklifi rədd etdi.

İmtinanın səbəbi isə belə izah olunurdu ki, ölkənin su təhlükəsizliyi başqa ölkədən asılı ola bilərdi. Kral Faysal əhalinin su ilə təmini üçün daha uğurlu üsul tapdı: suyun duzdan təmizlənməsi.

Dəniz suyunun duzdan təmizlənməsi üzrə dünyada ən böyük qurğuya sahib olmasına baxmayaraq, əhalinin sayının və suyun istehlak həcminin artması Səudiyyə Ərəbistanının gələcəyi üçün böyük təhlükə yaradır. Bu, ölkə rəhbərliyini yeni resursların axtarışı üçün daha çox vəsait xərcləməyə vadar edir. Ekspertlərin fikrincə, növbəti 15 il ərzində krallıq əhalinin ehtiyacını təmin etmək üçün 30 milyard dollar investisiya qoymalıdır. Su böhranı və su resurslarının çatışmazlığı ilə əlaqədar yeni mənbələrin axtarışı Sudan vasitəsilə Nil suyunun gətirilməsi ideyasını dirçəltdi. Ancaq burada bir sual ortaya çıxır: Sudan bu təklifi qəbul edəcəkmi?

Sudan təşəbbüsü dəstəkləyir

Səudiyyə Ərəbistanı və Sudan arasında münasibətlər bu gün görünməmiş dərəcədə yüksək səviyyədədir. Səudiyyə Ərəbistanı Sudanı Afrika qitəsində əsas müttəfiqi olaraq görür. Krallıq Sudan iqtisadiyyatına əhəmiyyətli investisiyalar qoyur. Nəzərə alaq ki, Xartum böyük iqtisadi resurslara malikdir. Beynəlxalq məsələlər üzrə mövqelərin yaxınlığı və dövlət başçıları arasında möhkəm münasibətlər şübhəsiz ki, yuxarıda göstərilən təklifin reallaşdırılması üçün qapıları açır.

Sudan su resurslarının böyük həcminə malikdir. Buna görə də istifadə olunmayan suyun Səudiyyə Ərəbistanına göndərilməsi sudanlılar üçün mənfi nəticələr doğurmayacaq. Mümkündür ki, Xartum hətta bu ideyanın reallaşdırılması ilə özünü müntəzəm daşqınlarla bağlı təhlükələrdən sığortalasın. Daşqınlar zamanı Sudan ərazisinin əhəmiyyətli hissəsi suyun altında qalır.

Bununla belə, bu ideyanın həyata keçirilməsi yalnız Səudiyyə Ərəbistanı və Sudanın iradəsindən asılı deyil. Bir halda ki, regionda başqa güclü oyunçular var və onlarını mövqeyinə məhəl qoymamaq mümkün deyil. Bu layihənin icrası ilk növbədə Misir üçün təhlükə yaradır. Əgər Ər-Riyad və Xartum boru kəmərinin tikintisini elan edərsə, Qahirənin reaksiyası necə olacaq?

Qahirənin mövqeyi

Baxmayaraq ki, Nil çayı dünyada ən böyük şirin su resurslarından biridir və Misir çayın uzunluğu boyu cənubdan şimala uzanır, ölkədə artıq su böhranının müjdəçiləri müşahidə olunur. Xüsusilə, Efiopiyada “Dirçəliş” bəndinin tikintisinin sürətlə tamamlanması milyonlarla misirli üçün əsl dəhşət olub.

Nil çayında Misirin kvotası 55 milyard kubmetri ötmür. Nəzərə alaraq ki, ölkə əhalisinin sayı artır və tezliklə 100 milyon nəfərə çatacaq, bu halda adambaşına suyun istehlak səviyyəsi ildə 700 kubmetrə qədər azalacaq. Birləşmiş Millətlər Təşkilatı tərəfindən təsdiq edilmiş minimum isə 1000 kubmetr təşkil edir. Beləliklə, ölkə suyun çatışmazlığı ilə rastlaşacaq.

Misirdəki iqtisadi situasiya isə ölkə rəhbərliyinə yeni su mənbələrinin axtarışı ilə məşğul olmağa və su təmizləyici qurğuların tikintisi barəsində düşünməyə imkan vermir. Bu halda isə, misirlilər əsas mənbə kimi yalnız Nilə güvənə bilərlər. Elə qədim zamanlardan bu dana Nili Misirin həyat mənbəyi adlandırıblar. Deməli, Qahirə heç bir halda güzəştə getməyəcək və görünür, Nil ətrafında problem kritik hal almağa başlayacaq.

Efiopiya Misiri sakitləşdirməyə çalışır ki, “Dirçəliş” bəndinin tikintisi onun kvotasına təsir etməyəcək. Amma bu sahədə ixtisaslaşdırılan ekspertlər və analitiklər deyilənlərlə razı deyil. Qahirə şübhəsiz ki, Xartum və Ər-Riyad tərəfindən sözügedən layihənin icrasına qarşı çıxacaq. Bəzi analitiklər bildirirlər ki, Xartum belə bir addım atmağa qərar verməyəcək, çünki bu layihənin Misir üçün təhlükə yaratdığını əla anlayır.

Ekspertlər qeyd edir ki, indiki dövrdə ölkələr arasındakı münasibətlərin gərginliyini nəzərə alaraq, Xartumun belə bir addımı cavab reaksiyasına, hətta hərbi toqquşmalara gətirib çıxara bilər.

Üstəlik, hamı hesab edir ki, Krallıq Misirlə razılaşdırmadan bu layihəni reallaşdırmayacaq. Xüsusi halda, zəmanət vermək lazımdır ki, layihə Misirin kvotasına toxunmayacaq və su Sudanın öz payından göndəriləcək.

Xəbər lenti