Mustafa Kamal Atatürkün öz əlyazmalarından ibarət qeydləri mediada gündəm olub. Qeydlərdə türklərin başına gətirilən müsibətlərdə Osmanlı padşahını günahkar göstərdiyi fikirlər yer alır.
Publika.az xəbər verir ki, Türkiyə banklarından birinin arxivində saxlanılan qeydlər son günlərdə mediada dərc olunmağa başlayıb. Dərc olunan materiallarda Atatürk, Osmanlı Padşahı Vəhdətin haqqında "Osmanoğullarının 36-cı və sonuncu padşahı Vahdeddinin hakimiyyəti dövrünü Türk millətinin dərin əsarət içində olduğu dövr" kimi səciyyələndirdiyi qeyd olunub.
Ucal Dəmirəlin hazırladığı "Atatürkün qeydləri" adlı kitabda böyük öndər Osmanlı padşahı Vahdeddini "Türk xalqının həyatını, namusunu, şərəfini yox edən şəxs" olaraq təsvir edib.
Kitabda Atatürkə məxsus qeydlərin vizual, qədim və müasir Türk dilində tərcümələri də yer alır. Arxivdə saxlanılan qeydlər içərisində Atatürkün Birinci Dünya Müharibəsi zamanı bir sıra yazışmaları, Mustafa Kamal Paşanın Məclis sədri seçilməsindən sonra çıxış mətni, Şahzadə Ömər Faruk Əfəndinin Anadoluya keçməsiylə bağlı yazışmalar, Anadoludakı müharibənin mənfi nəticələnmə ehtimalı ilə bağlı xəbərdarlıq məktubu və müxalif qüvvələrin bir sıra gizli yazışmaları yer alır.
Yunan ordusunun məğlub edilməsindən sonra Türkiyə Böyük Millət Məclisinin sədri Ali Baş Komandan Mustafa Kamal imzası ilə qeydlər qələmə alan Atatürkün "Böyük və nəcib Türk milləti” deyə başlayan qeydlərindən birində yer alan fikirlərdən biri: "Qoşunlarımız İzmiri və Bursanı qələbə ilə xilas etdi. Asiya imperatorluğuna çalışan həyasız bir düşmənin döyüş meydanlarına gəlmək cəsarətində olan ordu komandanları ilə pult komissiyaları günlərdən bəri TBMM hökumətinin müharibə əsiri olublar. Düşmənin ali baş komandan təyin etdiyi General Trikopis gərgin döyüşdükdən və bütün qurtuluş yollarını sınadıqdan sonra əmrindəki generallar və idarə etdiyi ordu ilə təslim olub. Əgər Yunan Kralı da bu gün əsirlər arasında yer almırsa, bu hökmdarların həlledici xüsusiyyətlərə malik olmasından irəli gəlir".
Kitabda Atatürkün Hz. Məhəmməd haqqındakı düşüncələri: "Əfəndilər, yenə də məlumdur ki, dünya üzündə yüz milyonluq Ərəb kütləsi var. Onların bir qismi Ərəb yarımadasında intensiv olaraq mövcud olub. Peyğəmbərliyə çatmış Hz. Məhəmməd Ərəb kütləsi içindən Məkkədə dünyaya gəlmiş bir mübarək varlıqdı. Tək və böyük olan Allah insanları yaratdıqdan sonra ölənə qədər onları maarifləndirmək üçün peyğəmbərlərini göndərdi. Qullarının inkişaf mərhələsinə çatmasına qədər onlara bələdçilik edən peyğəmbərlər ilahi tələbləri insanlara aşılayıblar. Bəşəriyyətin qavrayış, maarifçilik və inkişaf səviyyələri hər qulun, birbaşa Allah tərəfindən könülə doğan şeylərlə əlaqə qurma qabiliyyətinə çatdığını qəbul etmişdir və bu səbəbdən Hz. Məhəmməd son peyğəmbər olub".
"Tarixi dövrlərin tolerant olduğu ilk mərhələlərdə biz də tolerant olduq. Lakin açıq və obyektiv tarixi dəlillərə əsaslanaraq demək olar ki, türklər 15 əsr əvvəl Asiyanın göbəyində böyük dövlətlər qurub və bəşəriyyətin hər cür qabiliyyətlərini görüb" ifadələrindən istifadə edən Atatürkün qeydləri mediada rezonans yaradıb.
Atatürkün ən ağır ifadələrlə tənqid etdiyi adlar siyahısında Osmanlının sonuncu padşahı Vahdeddin durur. Atatürk onu israrla "şüursuz xain" adlandırıb: "Min illərdən bəri müstəqillik anlayışının görkəmli nümunəsi olan Türk xalqı bir təpik ilə çuxurun içinə yuvarlandı. Amma bu təpiyi heç kim ata bilmirdi. Təpiyi atmaq üçün türklərin içindən şüursuz bir satqın lazım idi. Necə ki, ölüm cəzasına məhkum edilənlərin ipini çəkmək üçün duyğusuz, qəddar insanlara ehtiyac duyulur, belə alçaqlığı qəbul etmək üçün də ən azı o qədər duyğusuz olmaq lazım idi. Təəssüf ki, o şərəfsiz, millətin hökmdarı, sultanı, padşahı, xəlifəsi deyib əl üstündə saxladığı Vahdeddin oldu. Bu hərəkəti ilə o, özü özünü öldürdü".