Oğlanlar bəzən bir neçə kişiylə birlikdə cinsi əlaqəyə girmək məcburiyyətində qalır...
Bu yazıda BBC-nin Əfqanıstanla bağlı hazırladığı bir sənədli filmdə yer almış ilginc məlumatlarla tanış olacaqsınız.
Əfqanıstanda gənc oğlanları cinsi təcavüzə məruz qoyan qədim bir ənənə bu gün də ölkənin hər yerində mövcuddur. Gecə saatlarında keçirən qonaqlıqlarda oğlan uşaqları qadın paltarı geyinərək dəvətdəki kişilər üçün oynayır. Rəqs edən oğlanlar taxma döşlərdən istifadə edirlər, ayaqlarına zəng taxırlar. Ancaq bu adətin narahatedici məqamı odur ki, qonaqlıqlar başa çatandan sonra kişilər oğlanları otellərə aparır. Oğlanlar bəzən bir neçə kişiylə birlikdə cinsi əlaqəyə girmək məcburiyyətində qalır. Qonaqlıqlarda oynadılan oğlanlar adətən, yetimlər və ya yoxsul ailələrin uşaqları olur. Oğlan uşaqlarına qadın paltarları geyindirib oynadan kişilər, adətən, zəngin və güclü mövqelərdəki insanlardır.
Danışılmayan həqiqət Əfqanıstanın şimalında yaşayan bir oğlan uşağı başına gətirilənlər barədə BBC-i müxbirinə danışıb. Əsl adı gizli saxlanılan 15 yaşlı bu uşaq şərti olaraq Ümid adıyla təqdim edilib. Ümid anasının işsiz olduğunu, iki balaca qardaşının olduğunu deyib. Ümid məcburiyyət qarşısında qalaraq qonaqlıqlarda oynadığını bildirib. Dəvətlərə çağırılanda qadın paltarı geyinərək oynayır, bunun qarşılığında ona 1-2 dollar verirlər. Ümid xüsusi dəvətlərdə oynamağa 10 yaşında, atası öləndən sonra başlayıb. Bəzən gecələr ac qarına yatdıqlarına görə, gündəlik iki dollar qazancı belə qənimət hesab ediblər. Ümid qonaqlıqlardakı adamların onunla cinsi əlaqəyə girdiklərini deyib. Buna baxmayaraq o, polisə və ya başqa bir orqana bu bardə heç nə deməyib. Ümid onu istismar edənlərin zəngin adamlar, əsasən də iş adamları olduğunu bildirib.
Ümid tək deyil, Əfqanıstanda yoxsulluğun pəncəsində çabalayan on minlərlə uşaqdan biridir.
BBC müxbiri daha sonra Anhoy bölgəsində oğlanların oynadığı bir toyda da iştirak edib. Toy saat doqquzda kənd gəncləri arasında keçirilən güləş yarışı ilə başlayır. Gecə yarısını keçəndən dərhal sonra parlaq bənövşəyi geyimli bir oğlan uşağı ortadakı meydançaya çıxır və qolları havada fırlana-fırlana oynamağa başlayır. Rəqsi izləyənlər arasında azyaşlı oğlan uşaqları da var. Arxalarında isə oynayan uşağın rəqsindən gözlərini ayırmayan yaşlı adamlar oturub. Qadın paltarı geyinmiş bir oğlanın ortalıqda oynamasını yüzlərlə adamın böyük zövqlə izləməsi dərin kökləri olan İslam ənənələrinə zidd olan görüntüdür.
Əfqanıstandakı ən mühüm dini mərkəzlərindən “Əli Məscidi"nin baş mollası bunun İslam dinində günah, əslində uşaq təcavüzü olduğunu deyib. Ancaq ədalət sisteminin işləmədiyi üçün davam etdiyini bildirib: "Bu ölkədə illərdir qanunsuzluqdur, məsul şəxslər, qurumlar uşaqları qoruya bilmir. Oynadılan oğlanlar kiçik yaşda, xüsusən yoxsul və çətin vəziyyətdə olan ailələrin "gözəl", "qadına bənzər görünüşlü" uşaqları arasından seçilir. Küçələrdə axtarışa başlayan şəxslər uşaqlara pul və ərzaq vəd edirlər”.
BBC müxbiri qeyd edir ki, Talibanların dövründə homoseksualları amansızlıqla cəzalandırırmışlar. Ancaq bir çox Taliban komandirinin əmrində olan oğlan uşaqları da varmış ki, onlardan ticarət məqsədilə istifadə edirmişlər.
moderator.az