Braziliyada ölkə prezidenti Mişel Temerin istefası tələbi ilə kütləvi etiraz aksiyaları keçirilir.
Onlarla şəhərlərdə nümayişlər olub. Ən kütləvi aksiyalar isə Rio-de-Janeyro, San-Paulu və paytaxt Brazilia şəhərlərində baş tutub.
Mynews.az-ın məlumatına görə, Milli.Az El Mundo-ya istinadən bildirir ki, Braziliyanın Federal Ali Məhkəməsi dövlət başçısı Mişel Temerə qarşı istintaqın başlanmasına qərar verib. Səbəb "Globo" portalında audioyazının yayılmasından sonra parlament deputatlarından birinin sorğusudur.
Audioyazıda Temer parlamentin aşağı palatasının sabiq rəhbəri Eduard Kunyaya "Petrobras" dövlət neft şirkətində korrupsiya işi ilə bağlı "sükut"a görə 630 min dollar ödənməsini tapşırır. Audioyazını portala iş adamları Joesli və Ueasli Batista qardaşları veriblər. Bundan başqa, polisin əlinə keçmiş videoyazıda Temerin ən yaxın müşavirlərindən biri Rodriqu Roşa Loures iri məbləğdə pulu çamadana yığır.
Mişel Temer ittihamları rədd edib və istefa verməyəcəyini deyib.
Braziliya Sosialist Partiyasının nümayəndələri olan müdafiə və mədəniyyət nazirləri qalmaqalla bağlı istefa veriblər.
Ötən ilin avqustunda Braziliyanın həmin dönəmdəki prezidenti Dilma Russef vəzifəsindən kənarlaşdırılmışdı.
Dünən paytaxt Braziliada etiraz aksiyasına 35 min insan qatılıb. Onlar Federal Ali Məhkəmənin, dövlət başçısının iqamətgahı olan Planaltu Sarayının və ölkə parlamenti olan Milli Konqressin binalarının yerləşdiyi Praca dos Tres Poderes meydanına yollanıblar.
Onların əksəriyyəti əllərində solçu Fəhlə Partiyasının və həmkarlar təşkilatlarının bayraqlarını tutmuşdular.
Polislə aksiya iştirakçıları arasında toqquşmalar az sonra iğtişaşlara çevrilib. Nümayişçilər Kənd Təsərrüfatı, Planlaşdırma və Mədəniyyət Nazirliklərinin binalarına od vurublar.
Yanğınlar sönrdürülüb.
Turizm, Maliyyə və Nəqliyyat nazirliklərinin binaları qarət olunub.