Bu gün Kabildə prezident sarayı və xarici səfirliklərin yaxınlığında baş verən güclü partlayış nəticəsində İranın Əfqanıstandakı səfiri Momammat Reda Barhami yaralanıb.
Mynews.az Reprot.az-a istinadən xəbər verir ki, bu barədə İranın "İatimad" qəzeti məlumat yayıb.
Bildirilib ki, partlayış zamanı həmçinin İranın radio və televiziya nümayəndəliyinin, İRNA dövlət informasiya agentliyinin binası xəsarət alıb.
Almaniyanın xarici işlər naziri Ziqmar Qabriel isə partlayış zamanı Almaniya səfirliyinin əməkdaşlarının xəsarət aldığını bildirib.
"Səfirliyin təhlükəsizliyini təmin edən əfqan həlak olub. Onun ailəsinə və yaxınlarına başsağlığı veririk", - nazir deyib.
Yaponiya Xarici İşlər Nazirliyi partlayış nəticəsində diplomatik nümayəndəliyin 2 üzvünün yaralandığını açıqlayıb.
"Pajhwok Afghan News" agentliyi BBC teleradio şirkətinin əməkdaşlarının yaralandığını bildirib. Eyni zamanda, yerli "1TV" telekanalının jurnalistləri xəsarət alıblar. "Tolo News" kanalı isə partlayış nəticəsində "Tolo TV" və "Moby" media qrupunun ştatlı əməkdaşının öldüyünü xəbər verib.
12:25
Bu gün səhər Əfqanıstanın paytaxtı Kabildə törədilmiş partlayış nəticəsində ölənlərin sayı 80 nəfərə çatıb, azı 325 nəfər yaralanıb.
Mynews.az Azvision.az istinadən bildirir ki, bu barədə "Tolo News" agentliyi Əfqanıstan Səhiyyə Nazirliyinə istinadla məlumat yayıb.
Bir qədər əvvəl isə France Press agentliyi 49 nəfərin həlak olduğunu, 300-dən çox insanın yaralandığını xəbər vermişdi.
Xatırladaq ki, partlayıcı qurğu prezident sarayının və xarici səfirliklərin yerləşdikləri binaların yaxınlığında işə salınıb. Bir çox binalar zədələnib, qapı və pəncərələr qopub. İlkin məlumata görə, Almaniya səfirliyindən bir qədər aralıda minalanmış avtosistern partladılıb.
10:36
Əfqanıstanın paytaxtı Kabildə güclü partlayış baş verib.
Mynews.az xəbər verir ki, partlayıcı qurğu prezident sarayının və xarici səfirliklərin yaxınlığında işə salınıb. Bir çox binalar zədələnib, qapı və pəncərələr qopub.
Agentliyin polisdəki mənbələrdən dəqiqləşdirdiyi məlumata görə, Almaniya səfirliyindən bir qədər aralıda minalanmış avtomobil partladılıb. Partlayış zamanı Sinxua agentliyinin Kabildəki bürosunun binasına da zərər dəyib.
Pajvak agentliyi partlayış nəticəsində onlarla insanın öldüyünü, yüzlərlə insanın yaralandığını bildirir. Assosiated Press agentliyi isə əfqan məmurlarına istinadla 50 nəfərin öldüyü və yaralandığı barədə məlumat yayıb.
AZƏRTAC