Müsəlman aləmində azyaşlı və yetkinlik yaşına çatmayan qızların baş bəlasına - tale qarasına çevrilmiş erkən nikahlar zaman-zaman yerli mətbuatda da işıqlandırılır.
İslam dinin məhz bu ziddiyyətli məqamı ilə ilahiyyatçıların verdiyi fətvalar da cəmiyyətdə birmənalı qarşılanmır.
Yeri gəlmişkən bir müddət öncə Türkiyə ilahiyyatçısı Nurəddin Yıldız 6 yaşlı uşaqla evlənməyi mümkün olması haqda fətva vermişdi.
Qardaş ölkənin hüquq-mühafizə orqanları onun sözlərini ifadə azadlığı hesab ediblər.
Məsələ ilə bağlı ilahiyyatçı Elşad Miri BiG.AZ-a danışır.
“İslamı və bu dini təbliğ edən Muhəmməd peyğəmbəri məsxərəyə qoymaq istəyənlərin əllərindəki ən böyük iddialardan biri azyaşlıların ailə həyatı qurmasıdır. Allahın sonuncu elçisi Muhəmməd peyğəmbər haqqında ortaya atılan bu iddia onun 53 yaşı olarkən 9 yaşlı qızla ailə həyatı qurması iftirasıdır. Bu peyğəmbərimizə atılan iftiradır, Aişə anamıza atılan böhtandır, İslam aləminə, İslam dünyasına atılan ləkədir. Rəbbimiz “Quran”da insanların ailə həyatı qurmasını istəyir. Eyni zamanda, da bunun ciddi məsələ, əhd-peyman olduğunu qeyd edir. “Nisa” surəsinin 21-ci ayəsində, Rəbbimiz evliliyin ağır və məsuliyyətli iş olduğunu deyir. Özünüz düşünün, Allah ağır və məsuliyyətli bir işi uşaqların boynuna qoyardı? Çünki 9 yaş həqiqətən də, istər keçmişimizdə, istərsə də indiki dövürdə, uşaqlıq dövrüdür. Bu mümkün olmayan bir məsələdir. “Bəqərə” surəsinin son iki ayələrində “Allah hər kəsi yalnız yetdiyi qədər yükləyər” - deyir. Peyğəmbərimizin Aişə ilə guya 9 yaşda evlənməsini misal gətirirlər. Lakin bu, belə deyil. “Quran” ayələrindən, həm də hədislərdən sübutlar gətirilərək həmin iddianın əsassız olduğu sübut olunur…”
“Azərbaycanda bəzi insanlar qızların erkən yaşda ərə getməsini dinlə əlaqələndirirlər, amma islam dinində - "Qurani Kərim"də belə məsələlər yoxdur”.
Bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyir.
“Əslində, bunlar hamısı insanların yaratdığı stereotiplərdir və onların əsasında doğru olmayan ailə modeli formalaşdırırlar. Deyirlər ki, guya dində belədir. Əslində isə “Quran”da qadınların da hüquqları qorunur. Əgər insanlar bunları qəbul etsəydi, cəmiyyət başqa cür olardı”.