ABŞ-da erməni lobbisini ifşa edən kitab nəşr olunub - FOTOLAR

742
ABŞ-da erməni lobbisini ifşa edən kitab nəşr olunub - FOTOLAR

Amerikalı jurnalist Raul Loveri Kontreras (Raoul Lowery Contreras) ABŞ-dakı erməni lobbisini, onun anti-Azərbaycan və anti-Türkiyə fəaliyyətlərini ifşa edən kitab yazıb.

Mynews.az APA-ya istinadən xəbər verir ki, “Erməni Lobbisi və ABŞ Xarici Siyasəti” (the Armenian Lobby & U.S. Foreign Policy) başlığı daşıyan və Kaliforniyanın “Berkeley Press” nəşriyyatı tərəfindən nəşr olunmuş kitabda təkzibolunmaz sənədlər əsasında erməni lobbisinin uzun illərdən bəri apardığı məkrli fəaliyyətlər, çirkli maliyyə oyunları və bütün bunların fonunda ABŞ-ın xarici siyasəti üçün yaratdığı problemlər qeyd olunur.

Bu səpkidə oxucu öncə ABŞ siyasətində kifayət qədər fəal olan erməni lobbi təşkilatları ilə tanış olur, bu təşkilatların hər birinin fəaliyyət istiqaməti və siyasi-ictimai təsir dairələri barədə etibarlı mənbələrə istinadən geniş informasiya əldə edir. Daha sonra ayrı-ayrı ştatlar və federal səviyyədə sözügedən lobbi təşkilatlarının çirkli məqsədlər üçün böyük məbləğlərdə pullar hesabına törətdiyi təxribatçı əməllər və bu əməllərin ABŞ-ın xarici siyasət maraqlarına mənfi təsirləri izah edilir.

Faktlarla zəngin olan bu əsərdə müəllif qondarma “erməni soyqırımı” iddialarından Azərbaycanla əlaqədar 907-ci düzəlişə, ştatlar və federal səviyyədə qəbul edilmiş anti-Azərbaycan və anti-Türkiyə məzmunlu qətnamələrdən şübhəli seçki kampaniyalarına qədər, yaxın tarixdə baş vermiş bir çox gərgin siyasi-ictimai proseslərin əsl iç üzünü açıb göstərir.       

Mütaliə zamanı oxucu aydın şəkildə görür ki, uzun illərdir ABŞ Konqresində erməni lobbisinin və erməni maraqlarının ruporuna çevrilmiş Frank Pallone, Adam Şif, Robert Dold, Bred Şerman kimi konqresmenlər, yaxud Barbara Bokser və Bob Menendez timsalında bəzi senatorlar, eləcə də bir çox başqa qanunvericilər məhz külli miqdarda erməni vəsaitləri hesabına Azərbaycan və Türkiyəyə qarşı hər bir qərəzli sifarişi canla-başla yerinə yetirmişlər. Eləcə də, müəllif Kaliforniya Senatında və Assambleyasındakı ermənipərəst qanunvericilərin təxribatçı əməllərindən bəhs edir.

Misal üçün, diqqətli oxucular yaxşı xatırlayır ki, hələ 2010-cu ildə amerikalı diplomat Metyu Brayzanın ABŞ-ın Azərbaycanda səfiri vəzifəsinə namizədliyi məsələsi gündəliyə gəldikdə, erməni lobbi təşkilatları dəridən-qabıqdan çıxaraq onun təyinatına mane olmağa çalışırdılar. ABŞ Senatında bu hay-küyçü qrupun əsas havadarlarından biri də senator Bob Menendez idi. Müəllif R.L.Kontrerarsın kitabda göstərdiyi əsaslı faktlardan aydın olur ki, bu, heç də təsadüfi deyildi. Yüksək peşəkarlıqla aparılmış tədqiqatın nəticəsi olaraq kitabda qeyd olunur ki, senator B.Menendez 2005-2006-cı illərdən başlayaraq müxtəlif vaxtlarda erməni lobbisi ilə yaxın təmasa keçərək bu müddət ərzində sözügedən lobbi təşkilatlarından və ayrı-ayrı erməni donorlardan 250 min ABŞ dolları məbləğində maliyyə vəsaiti almışdır. Həmçinin, senator B.Menendezin Kaliforniyadan olan həmkarı, öz ermənipərəstliyi ilə  B.Menendezdən heç də geri qalmayan senator Barbara Bokser də M.Brayzaya qarşı ən sərt mövqe nümayiş etdirənlərdən idi. R.L.Kontreras göstərir ki, müxtəlif vaxtlarda erməni donorlardan 115 min ABŞ dolları məbləğində vəsait alan senator B.Bokser, M.Brayzanın namizədliyinin irəli sürüldüyü təkcə 2010-cu ildə ermənilərdən 75 min ABŞ dolları almağa nail olmuşdu. Müəllif qeyd edir ki, bu səbəbdən də, M.Brayzanın bu vəzifəyə təyin edilməsi ABŞ-ın mənafeyi baxımından doğru seçim olsa da, şəxsi maraqlarını güdən və erməni donorlar qarşısında gözükölgəli olan senatorlar B.Menendez və B.Bokserin  xüsusi “fəallığı” nəticəsində ABŞ Senatı onun namizədliyini rədd etmişdi.

Kitabda qeyd olunan digər nümunə isə daha dəhşətli faktın üstünü açır. Məlum olur ki, 2014-cü ildə Kaliforniya Ştat Assambleyasının spikeri Con Perezin bilavasitə canfəşanlığı ilə sözügedən qurumda qəbul olunmuş anti-Azərbaycan məzmunlu AJR 32 saylı qətnamədə də ermənilərin böyük məbləğlərdəki maliyyə vəsaitləri və C.Perezin pula hərisliyi birinci dərəcəli rol oynamışdı. Belə ki, R.L.Kontreras kitabda dəqiq faktlarla göstərir ki, qondarma “DQR” rejiminin dəstəklənməsini nəzərdə tutan bu qətnamənin 8 may 2014-cü il tarixində Ştat Assambleyasında qəbulundan düz 11 gün öncə – 27 aprel tarixində erməni lobbisi Los Ancelesdə C.Perez üçün geniş ziyafət təşkil edərək, bu ziyafətdə zəngin erməni donorlardan külli miqdarda vəsait yığmış, bu vəsaiti “seçki kampaniyasına dəstək” adı altında C.Perezin hesabına köçürmüşlər.    

Bundan başqa, kitabda uzun illərdir Azərbaycana və Türkiyəyə qarşı kəskin düşmənçilik və qərəzli fəaliyyətləri ilə tanınan konqresmenlər F.Pallone, A.Şif və B.Şermana erməni lobbiçiləri tərəfindən böyük səxavətlə (!) ödənilmiş maliyyə vəsaitlərindən bəhs edilir. Müəllif dəqiq mənbələrə istinadən sübuta yetirir ki, indiyədək erməni lobbi təşkilatlarından seçki kampaniyalarına dəstək adı altında F.Pallone 600 min, A.Şif 365 min, B.Şerman isə 80 min ABŞ dolları məbləğində pul almışlar.  

Kitabda buna bənzər onlarla ifşaedici faktlar yer alır. R.L.Kontreras, həmçinin Ermənistanın apardığı xarici siyasətin də ABŞ maraqları ilə daban-dabana ziddiyyət təşkil etdiyini bildirir. Bu səpkidə ABŞ-dakı erməni lobbisinin təsir, təzyiq və təhriki ilə bir sıra ABŞ siyasətçilərinin və qanunvericilərinin hazırkı Ermənistan kimi ABŞ maraqlarına zidd hərəkət edən ölkəyə dəstək verməsinin anlaşılmaz, hətta qəbuledilməz olduğunu yazır. Eyni zamanda müəllif, Ermənistanda sadə vətəndaşların demək olar ki, hər gün hüquq və azadlıqlarının kobud şəkildə pozulduğunu, korrupsioner Ermənistan hakimiyyətinin bütün demokratik dəyərləri tapdaladığını vurğulayır və bununla bağlı geniş faktları oxucuların diqqətinə təqdim edir.

Kitabın etibarlılığını artıran amillərdən biri də odur ki, yuxarıda sözügedən bir sıra ermənipərəst konqresmen və senatorun müxtəlif illərdə erməni lobbi təşkilatlarından, eləcə də fərdi erməni donorlardan aldıqları dəqiq maliyyə vəsaitləri barədə hesabat kitaba əlavə şəklində nəşriyyat tərəfindən ayrıca linkdə yerləşdirilmişdir. Həmin link belədir:https://issuu.com/berkeleypress/docs/armenian_lobbycontributionspdf    

Kitab artıq məşhur internet kitab mağazası “Amazon”da satışa çıxarılıb. Arzu edən oxucular kitabı bu linkdən sifariş edə bilərlər: https://goo.gl/nhk13K    

 

 

 

 

Xəbər lenti