Ankara Böyükşəhər Bələdiyyə başçısı Melih Gökçek Türkiyənin Çanaqqala vilayətində dünən və bu gün baş verən zəlzələlərlə əlaqədar maraqlı bir iddia irəli sürüb.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bələdiyyə başçısının sözlərinə görə, İstanbul ətrafındakı zəlzələlərlə Türkiyə iqtisadiyyatını çökdürmək istəyirlər.
Onun sözlərinə görə, Çanaqqalada baş verən zəlzələlər hökuməti devirməyə çalışan “xarici güclər”in işidir. Gökçek Türkiyə Silahlı Qüvvələri başda olmaqla, səlahiyyətliləri Egey dənizində təhlükəsizlik tədbirlərini gücləndirməyə çağırıb.
“Çanaqqalada bu gün güclü bir zəlzələ baş verdi. Sahildə seysmik araşdırma aparan bir gəmi var imiş. Bu gəminin nəyi araşdırdığı və hansı ölkəyə aid olduğu təcili olaraq müəyyən edilməlidir. Kim nə deyirsə-desin, zəlzələnin süni şəkildə törədildiyindən narahatam. Mütləq araşdırılmalı və ictimaiyyətə açıqlanmalıdır. İstanbul, Mərmərə və Çanaqqala ətrafında olan bütün sualtı gəmilər və böyük təchizat gəmilər nəzarət altında saxlanılmalıdır. Teslanı öyrənsəniz, nə demək istədiyimi daha yaxşı anlayacaqsınız”, - deyə bələdiyyə başçısı “Tvitter” səhifəsində yazıb.
Qeyd edək ki, bu, bələdiyyə başçısının ilk analoji bəyanatı deyil. Melih Gökçekötən ilin oktyabr ayında Habertürk TV-yə müsahibəsində ABŞ və İsrail gəmilərinin Türkiyədə zəlzələ yaratmaqla məşğul olduğunu deyib.
Türkiyənin Gölcük bölgəsində baş verən zəlzələnin ABŞ və İsrail tərəfindən törədildiyini deyən Gökçek hökumətə xəbərdarlıq edib. O, İstanbulda gözlənən zəlzələlərə görə də ABŞ və İsraildən şübhələndiyini dilə gətirib:
"İnamla deyirəm ki, İstanbulda gələcəkdə zəlzələ gözlənilir və bununla bağlı bir sıra ölkələr hazırda iş aparırlar. Zəlzələ cihazları var, seysmik zonada toplanmış enerjinin gücləndirilməsi var, qazın toplanması var. Bunlarla yanaşı, sadaladıqlarımın aktivləşdirilməsi, hərəkətə gətirilməsi müzakirə mövzusudur. Bunun ən gözəl nümunəsi Gölcük zəlzələsidir”.
Gökçək iddialarını əsaslandırarkən bunları deyib:
“ABŞ-da bir zəlzələ xətti var, bu xətt eynilə Türkiyədəkinə oxşayır. İsrail və ABŞ bu zəlzələ xəttində eksperiment aparmaq istəyirlər. Onlar o qədər bir-birinə bənzəyir ki, San Antoniodaki zəlzələ xəttinin fəallığını artırıb sınaqdan keçirmək istəyirlər. Gölcükdəki də eynidirsə, yavaş-yavaş yoxlayacaqlar. İstanbulda da zəlzələ olsa, onun sübutu bu eksperimentdir. Belə bir hadisə baş verən anda, onun özbaşına olduğunu iddia edə bilməzsiz”.
O, ABŞ və İsrailin Türkiyəni bu yolla məhv etməyə hazırlaşdıqlarını iddia edib:
“Türkiyədə çevriliş cəhdi baş tutmadı. Artıq Türkiyə çevrilişlə yox edilə bilməz. Yeni metodlar var. Odur ki, hökümətə xəbərdarlıq edirəm: Mərmərədə əcnəbilərin seysmik tədqiqat gəmiləri, xüsusilə ABŞ və İsrailin gəmiləri dolaşmasın!”