109 yaşında Hindistanda vəfat etmiş ən yaşlı yəhudi qadının fövqəladə taleyi olduqca maraqlıdır.
Macarıstanda antisemitizmdən (yəhudilərə qarşı ədavət) əziyyət çəkən qadın, Londona yola düşür və orada gələcək həyat yoldaşı ilə tanış olaraq onunla birlikdə Hindistana gedir. Qısa zamanda özünə Şoba Nehru adını götürür və Hindistan siyasi həyatının ən nüfuzlu qadınlarından birinə çevrilir, Kennedi ailəsi ilə dostluq edir və Qandi xanədanına kömək edir.
Əfsanəvi Cavahirləl Nehrunun qohumunun məhz yəhudi olması, onun Himaçal Pradeş ştatında, öz iqamətgahında 109 yaşında vəfat etməsi xəbərini daha da əhəmiyyətli edir.
Maqdolna Fridman 5 dekabr 1908-ci ildə Budapeştdə zəngin və nüfuzlu ailədə dünyaya gəlir. Fridmanlar Avstro-Macarıstanda zadəganlığı əks etdirən “fon” önşəkilçisini daşıyan nadir yəhudi ailələrindən idilər. Valideynləri Armin və Reginanın uşaq oyuncaqları və mebel ticarətindən ibarət biznesləri var idi. Tezliklə soyadlarını Forbat olaraq dəyişirlər, qız isə məktəb illərində Fori təxəllüsünü alır. Hindistanda son günlərinə qədər çoxları onu məhz Fori deyərək çağırırdılar. Budapeştdə təhsilini davam etdirmək üçün Fori kifayət qədər faiz normasını yerinə yetirə bilmir, bu səbəbdən onun 20 yaşı olanda valideynləri Londona göndərirlər.
Orada, London İqtisad Məktəbində gələcək həyat yoldaşı Cəvahirləl Nehrunun kuzeni Brac Kumar Nehru ilə tanış olur.
Alışmaqda olan roman hər iki ailəni qorxudur: Forinin valideynləri düşünürdülər ki, Hindistan kişilərinin yüzlərlə arvadı olur. Və Nehru xanədanında bu vaxta qədər heç vaxt xarici vətəndaş olmayıb. Buna baxmayaraq, 1934-cü ildə gənc qız Nehru klanının vətəninə - Allahabada gəlir və hind dilinin mükəmməl bilicisi kimi hamını heyrətləndirir. 1 il sonra Brac Kumar Nehru ilə rəsmi nikaha daxil olur və Şoba adını götürərək Hindistanda həyatını davam etdirir.
Macarıstan ordusunun zabiti olan qardaşı “Xolokost”dan (yəhudi soyqırımı) salamat çıxa bilir, qulluqçulardan biri onu öz evində gizlədir. Atasını başqa ev xidmətçisi, alman qadın xilas edir. Lakin Fridman ailəsinin bir çox qohumlarının bəxti gətirmir...
1949-cu ildə Şoba Nehru oğulları ilə uzun illərdən bəri ilk dəfə Budapeştə gəlir. “Hər gün evdən çıxırdı ki, dostları ilə görüşsün – oğlu Aşok xatirələrini bölüşür. - Ağrılı günlər idi, yadımdadır, o hər gün ağlayaraq evə qayıdırdı”.
Buna baxmayaraq, onun taleyi artıq Hindistanla, oranın ən ümdə xanədanlığı ilə bağlı idi. Türmədə Britaniya hakimiyyəti tərəfindən saxlanılan Cəvahirləl Nehrunu ziyarət etməsi onun yaddaşında iz buraxır. Forinin göz yaşlarını görən Hindistan lideri sonradan ona təsəlliverici məktub yazır: “Hehrular heç zaman publika qarşısında ağlamırlar, özlərini ələ ala bilirlər”.
Britaniya tərəfindən müstəqillik elan olunandan sonra Brac Kumara imkan yarandı ki, möhtəşəm karyera qursun. 1949-cu ildə o, Beynəlxalq bankın icraçı direktoru, sonra Hindistanın maliyyə məsələləri üzrə baş komissarı, 1958-ci ildə isə ölkənin Amerika Birləşmiş Ştatlarındakı səfiri vəzifəsini icra etməyə başladı. Gözəl cütlük Amerika elitasını valeh edə bildi və Kennedinin həyat yoldaşı Cekini 1962-ci ildə Hindistana səfər etməsi üçün razı saldı. 92 yaşında vəfat edən Brac Kumar Hindistanın 7 fərqli ştatının qubernatoru olmaqla yanaşı, Hindistanın Londondakı baş komissarı vəzifələrini də icra edib. Hətta bir zamanlar ona Birləşmiş Millətlər Təşkilatına (BMT) rəhbərlik etmək təklif olunmuş, lakin o, imtina etmişdir.
Bu aralar onun yəhudi xanımı özünü yalnız evə və uşaqlara həsr etmirdi. Rəsmi heç bir vəzifə daşımamasına baxmayaraq, o, qətiyyətli vətəndaş mövqeyi, eyni zamanda insan haqlarına ciddi önəm verən biri kimi tanınırdı. Britaniya Hindistanının ikiyə bölünməsi (Hindistan və Pakistan) ərəfəsində Şoba müsəlman qadınlarının haqları uğrunda qətiyyətlə mübarizə aparırdı.
Şoba İndira Qandi ilə çox yaxın münasibətdə idi. Bu, ona imkan verirdi ki, xoşagəlməz həqiqəti baş nazirin üzünə desin – məsələn, 1975-ci ildə fövqəladə vəziyyət elan olunandan sonra hökumətin insanların “məcburi sterilizasiya”sını (defekt genetik kodlu hesab olunan insanların çoxalmasının qarşısını almaq) və digər hüquqlarının pozulmasını ciddi tənqid edir.
Mərkəzi Avropada böyümüş, İngiltərədə təhsil almış Fori Hindistan reallıqlarına yavaş-yavaş daxil olmuşdu, hərçənd əvvəllər düşünürdü ki, hurada bir stəkan təmiz su tapmaq artıq uğurdur. “Mənim həyat yoldaşım çox vüqarlı şəkildə mədəniyyətlər arası baryeri keçə bildi”, – deyə Brac Kumar “Yaxşı oğlanlar finala ikinci çatır” adlı avtobioqrafiyasında qeyd edirdi. O, “Bhaqavad-Gita”nı (qədim hind fəlsəfəsi) öyrənirdi, gündəlik milli geyim olan Sari geyinirdi, eyni zamanda öz mənsubiyyətini də yaddan çıxarmırdı.
Mərhum Britaniya tarixçisi Martin Gilbert (88 kitabın müəllifi, Xolokost üzrə mütəxəssist) xatirələrində yazır: “Həmişə hindistanlı hesab etdiyim Şoba Nehru qəfil məndən yəhudi tarixini şərh etməmi istəyəndə xeyli təəccübləndim. O, mənə Budapeştdəki uşaqlıq illərindən danışdı: - mən elə-belə yəhudiyəm, amma bugün də bir almanın əlini sıxa bilmirəm - deyirdi”. Həqiqətən də, 10 il Vaşinqtondakı səfirin xanımı statusunda o, heç vaxt Almaniya səfirinin əlini sıxmadı.
Gilbert Hindistana səfər edərkən bərk xəstələnir və məhz Şoba Nehru onu xilas edir. O Gilberti öz oğlu adlandırırdı və tarixçi də öz növbəsində Şobaya kitab həsr edir. “Fori xalaya məktublar: yəhudi xalqının və inanclarının 5000 illik tarixi” adlı kitab Şobaya tarixçi tərəfindən yazılan 140 məktubdan ibarət idi.
Son günlərinə qədər yəhudi icmaları ilə sıx əlaqədə olur. Şoba gözəl də qocalır – hindistanlı və xarici dostları ilə mütəmadi məktublaşır, hər gün xəbərlərlə maraqlanır – Çilidə şaxtyorların aksiyasından tutmuş Uol-Stritdəki birja əmsallarına qədər. 101-ci doğum günündə onu şəxsi təyyarəsi ilə Corc Soros ziyarət edir.
Ən yaşlı yəhudi qadının – bunu İsrail səfirliyində təsdiqlədilər – 3 oğlu, 4 nəvəsi və 3 nəticəsi var. Qardaşı oğlu Rahul Qandi Hindistan Milli Konqresi partiyasının vitse-prezidenti, eyni zamanda 5-ci nəsil Nehru-Qandi siyasi xanədanlğının təmsilçisidir. Və qarşıdakı baş nazir seçimlərində real namizədlərdən biridir.
Maqdolna Fridman 90 il əvvəl gələcəyini belə xəyal etsəydi, çox təəccüblənərdi, buna baxmayaraq Şoba Nehru öz həyatından tam olaraq məmnun idi.