Bu gün sosial şəbəkədə yayılan hadisə Türkiyənin Balıkesir rayonunun Ayvalık mahalında, otel xidməti göstərən bir məkanda baş verib.
Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, Ramazan bayramında tətilə gedən 3 rəfiqə qız otel sahibi tərəfindən qapı arasından izlənildiklərini iddia ediblər.
Otel sahibinin onları otaqlarının qapısının açar dəliyindən izlədiyini hiss edən qızlar polisə şikayət ediblər:
"Hadisə şəxsən mənim və rəfiqələrimin başına gəlib. Bayram üçün rəfiqələrlə rezervasiya etdirdik. Ünvana çatanda heç bir problem yox idi. Mən üst mərtəbədə qalırdım, iki rəfiqəm isə otel sahibinin oturduğu masanın yanındakı otaqda qalırdılar. İki rəfiqəm otel sahibi və administratoru olan K.M.A.-nın onları açar dəliyindən izlədiyini hiss ediblər, amma həmin an qorxudan səslərini çıxarmayıblar. Həmin vaxt açar dəliyinin üstünü dəsmalla örtüblər. Dərhal mənə zəng etdilər, aşağıya endim. O, artıq çoxdan getmişdi. Nə edəcəyimizi bilmədik, çünki əlimizdə bir sübut yox idi. Biz də gözləməyə qərar verdik. Bir sonrakı gün K.M.A otelə heç gəlmədi. Normalda isə gündüz vaxtı həmişə oteldə masasında əyləşərdi. Gecə otelə geri döndük, otaqlarımıza keçdik.
Rəfiqələrim gecə 2-də K.M.A-nın otelə gəldiyini söylədilər. Bina köhnə olduğu üçün ən kiçik səs bütün otaqlara yayılırdı. Eyni zamanda, qızların qaldığı otaq qapısının açar dəliyindən otelin dəhlizi (K.M.A.-nın dayandığı yer) çox rahat görünürdü. Rəfiqələrim mənə həmin şəxsin bu dəfə qarşıdakı otaqdakıları açar dəliyindən izləməyə başladığını söylədilər. O otaqda bildiyimiz qədəriylə 3 gənc qız qalırdı. Rəfiqələrim bütün gecə onu videoya çəkməyə çalışdılar. Gecə çəkdikləri video çox qaranlıq və naməlum olduğundan bunu dəlil olaraq istifadə edə bilməyəcəyimizi anladıq. Səhəri gözlədik. Və pozğun otel sahibimiz gözlədiyimiz kimi səhər da qarşı otaqdakı 3 qızı açar dəliyindən izləməyə davam etdi.
Səhər olduğu üçün rəfiqələrim qapının dəliyindən hər şeyi çox dəqiq çəkməyi bacardılar. Bunların dəlil olaraq istifadə etməyin mümkünlüyünü anlayınca əşyalarımızı yığdıq və qızların qapısını döyərək içəri girib hər şeyi onlara izah etdik, videoları göstərdik. Sonra otaqdan çıxıb polisə üz tutduq".
Şübhəli K.M.A. açıqlamasında "Hadisə bayram tətilinin son günü baş verdi. Belə bir ittihamı qəbul etmirəm. Onsuz da, çəkilən videoda da hər hansı bir cinayət ünsürü yoxdur. 3 ildir ki, bu işi yerinə yetirirəm. Mən belə bir şey görmədim. 6 qadın üzərimə gəldi. Mənim titrəmə xəstəliyim var. Hadisə sonrası pullarını geri qaytardım. Məndən şikayət etdilər. Müdafiə məqsədi ilə vəkilimə vəkalətnamə verdim. Mən də hüquqi olaraq haqqımı tələb edib, hadisənin əsassız olduğunu sübut edəcəm" deyib.