Hazırkı adı Terri Apudo olan Terri Qobanqanın başına gələn müsibətlər bəlkə də bir insanın yaşaya biləcəyi ən ağır şeylərdir. O, toy günü qaçırılaraq bir neçə nəfərin təcavüzünə məruz qalır və ölümə tərk edilmiş vəziyyətdə yol kənarına atılıb. Bu, nayrobili gənc qadının başına gələn müsibətlərin ilki idi. Amma xoşbəxtlikdən o, bütün bunların hamısını unudaraq həyatına davam edə bilib...
Mynews.az "Qaynarinfo"-a istinadən keşməkeşli həyat yolu keçən, bir zamanlar xoşbəxtliyin nə olduğunu belə unudan, lakin ayaqda durmaq üçün əlindən gələni edən bu qadının həyat hekayəsini təqdim edir:
"Böyük bir toy mərasimi keçiriləcəkdi. Dini lider olduğum üçün ailə üzvlərimlə yanaşı, kilsədən də rəsmilər bu məclisə qatılacaqdılar. Mən və nişanlım Harri çox həyəcanlı idik. Nayrobidəki "All Saints Kathedrali" kilsəsində evlənəcəkdik və bunun üçün gözəl bir libas da kirayələmişdik. Amma toydan öncəki gecə Harrinin qalstuku da daxil olmaqla bəzi paltarları mənim evimdə qalmışdı. Qalstuksuz məclis olmazdı, ona görə də gecəni bir yerdə keçirdiyim rəfiqələrimdən biri qalstuku aparmağı təklif etdi və səhər tezdən oyanıb onu avtobus dayanacağına ötürdüm. Dayanacaqdan qayıdanda bir avtomobilin kaportuna söykənən adamın yanından keçirdim ki, birdən məni arxadan tutub maşının arxa oturacağına tulladı. İçəridə başqa iki nəfər də oğlan var idi və maşını sürdülər. Bütün bunlar bir saniyə içərisində baş verdi.
Ağzıma əsgi parçası basdılar. Onları vurur və "Bu gün mənim toyum var" deyə qışqırırdım. Bu zaman ilk zərbəni yedim. Onlardan biri, "İtaət et, yoxsa ölərsən" dedi. Mənə növbə ilə təcavüz etdilər. Əmin idim ki, öləcəyəm, amma yenə də sağ qalmaq üçün mübarizə aparırdım. Ağzımdakı əsgini çıxartdıqlarında onlardan birini dişlədim. Ağrının təsirindən qışqırmağa başladı və bu zaman digər oğlan məni qarnımdan bıçaqladı. Qapını açıb maşın hərəkətdə ola-ola məni yolun kənarına atdılar. Nayrobidən kilometrlərlə uzaqda idim. 6 saat idi ki, qaçırılmışdım. Onlar məni yola atarkən bir uşaq görüb tez nənəsini çağırdı. İnsanlar qaçaraq köməyə gəldilər. Polislər hadisə yerində gələndə isə artıq nəbzim döyünmürdü. Öldüyümü düşünüb məni bir sellofana büküb morqa doğru yola saldılar. Amma yolda öskürdüm və polislər avtomobili geri döndərib məni Keniyanın ən böyük dövlət xəstəxanasına apardılar. Böyük bir şok içərisində xəstəxanaya girdim. Yarıçılpaq vəziyyətdə, hər yerim qan içində idi və üzüm aldığım zərbələrdən şişmişdi. Amma həkimlərdən biri mənim gəlin olduğumu başa düşdü və tibb bacılarına "Ətrafdakı kilsələrdən soruşun ki, gəlinini tapa bilməyən var" dedi. Şansım o zaman gətirdi ki, soruşduqları ilk kilsə "All Saints Kathedrali" idi. Kilsədən "Saat 10-da bir toy olacaqdı, amma gəlin gəlməyib" cavabını verdilər. Toyda olmamağım hamını həyəcanlandırmış, yaxınlarım məni axtarmağa çıxmışdılar. Qonaqlardan bəziləri "Görəsən ərə getməkdən imtina etdi", bəziləri isə "O, elə bir insan deyil, bəlkə başına bir iş gəlib?" deyə düşünmüşdülər.
Məni tapa bilmədikləri üçün toy salonu başqa bir cütlük üçün hazırlanılmış, bütün bəzəklər çıxarılmış, Harri isə məni gözləmək üçün geyim otağında oturubmuş. Xəstəxanada olduğumu öyrəndikləri zaman qonaqların hamısı oraya axın etdi, Harri gələndə əlində gəlinliyim də vardı. Amma xəbəri eşidən jurnalistlər də oraya gəldikləri üçün narahat etməsinlər deyə məni başqa bir xəstəxanaya köçürtdülər. Həkimlər qarnımdan aldığım bıçaq yarasını tikərkən daha bir pis xəbəri verdilər. Uşaqlığım zədələndiyi üçün bundan sonra uşaq dünyaya gətirə bilməyəcəkdim.
Ertəsi gün mənə HİV və AİDS-ə qarşı dərmanlar verdilər. Bunları heç cür qəbul edə bilmirdim. Harri hələ də mənimlə evlənmək istəyirdi. Açığını desəm "hə", ya da "yox" deyə biləcək vəziyyətdə deyildim. Beynimdə sadəcə mənə təcavüz edən o 3 nəfərin iyrənc üzü və mənə yaşatdıqları əzab var idi. Bir neçə gündən sonra narkozun təsiri tamamilə bitəndə ilk dəfə Harrinin üzünə baxa bildim. Ondan dayanmadan üzr istəyirdim. Onu yarı yolda qoyduğumu düşünürdüm. Bəziləri səhər tezdən evdən çıxdığım üçün məni günahlandırırdılar. Bu çox pis təsir etsə də, ailəm və Harri daim yanımda idi, mənim tərəfimi saxlayırdılar. Polis mənə təcavüz edənləri heç zaman tuta bilmədi. Mənə çoxlu sayda şübhəli göstərildi, amma heç birini tanıya bilmədim. Buna görə məni hər dəfə bölməyə çağıranda əzab çəkirdim. O anda hiss etdiklərimə görə müalicəmdə də irəliləyiş yox idi. Axırda şöbəyə gedib belə dedim: "Bilirsinizmi, məndən bu qədər. Artıq hər şeyi unutmaq istəyirəm".
Hadisədən 3 ay sonra HİV virusuna yoluxmadığımı dedilər. Bu son zamanlar aldığım ən yaxşı xəbər idi, amma daha dəqiq cavab üçün 3 ay da gözləməli idik. Həmin vaxtlar Harri ilə ikinci toyumuza hazırlaşırdıq. Mətbuatın şəxsi həyatıma müdaxilə etməsi məni narahat etsə də, hekayəmi oxuyan bir nəfər mənimlə görüşmək istədi. Adı Vip Oqolla idi, özü də təcavüzə məruz qalmışdı. Görüşdük, xeyli söhbət etdik və mənə toyumuzun bütün xərclərini dostları ilə birlikdə qarşılamaq istədiklərini və "limit yoxdur, ürəyiniz necə istəyirsə elə də əylənin" söylədi.
Xoşbəxtlikdən ayağım yerdən kəsilmişdi. Budəfəki toyumuz daha təmtəraqlı idi. Böyük bir tort sifariş verdik. Bu dəfə gəlinliyi kirayələmədik, birbaşa aldıq. İlk toy planlarımızdan 7 ay sonra, 2005-ci ilin iyulunda Harri ilə ailə qurduq və bal ayına yollandıq.
Bal ayımızın 29-cu günündə hava buz kimi soyuq idi və evimizdə isinməyə çalışırdıq. Harri kömür peçini yandırdı və yataq otağımıza gətirdi. Axşam yeməyindən sonra otaq qızar deyib peçi bayıra çıxartdı. O, qapını bağladığı vaxt mən də yorğanın altına girmişdim. Yatağa gələndə özünü pis hiss etdiyini və başının fırlandığını dedi. Amma önəmli bir şey ola biləcəyini düşünməmişdik.
Soyuqdan yata bilmədiyimiz üçün "bir yorğan da əlavə alaq" dedim. Harri ayağa durmağa taqətinin olmadığını söylədi. İlginc səslənsə də, mən də ayağa dura bilmirdim. Bizə nə isə olmuşdu. Elə bu vaxt Harri huşunu itirdi. Mən də özümdə deyildim, arabir adını çağırırdım. Gah cavab verir, gah da vermirdi. Özümü güclə yataqdan yerə atdım və qusdum. Qusandan sonra bir az özümə gəlib tez telefona doğru süründüm. Qonşuya zəng vurdum və Harrinin özündə olmadığını bildirdim. Qonşum tez qapıya gəldi, amma kilidi açmaq üçün qapıya doğru sürünəndə neçə dəfə özümdən gedib yenidən ayıldığım yadıma gəlmir. Qapını açanda səs-küy içərisində bir neçə adamın otağa doluşduğunu gördüm və huşumu itirdim. Gözümü açanda artıq xəstəxanada idim. Həkimdən ərimin harada olduğunu soruşdum. Yandakı otaqda müalicə gördüyünü dedilər. Həkimə, "Mən bir dini liderəm, həyatda da başıma gəlməyən müsibət qalmayıb. Xahiş edirəm mənimlə açıq danışın" dedim. Həkim üzümə baxdı və "Üzr istəyirəm, ərinizi xilas edə bilmədik" dedi.
İnana bilmirdim. Bir ay öncə toyumuzu etdiyimiz kilsəyə bu dəfə ərimin cənazəsi üçün gedirdim. Bir ay öncə mən gəlinlikdə, Harri bəylik libasında yanımda idisə, indi mən qara libasda, o isə tabutun içində idi. İnsanlar lənətləndiyimi düşünüb uşaqlarını məndən uzaq tuturdular. Bir müddət sonra artıq mən də belə düşünməyə başlamışdım. Bəziləri isə məni ərimin qatili kimi görürdülər, yas zamanı belə bir ittihamla üz-üzə qalmaq çox dəhşətli bir hissdir. Tibbi rəyə görə, Harri karbonmonoksiddən zəhərlənib ölmüşdü.
Özümü nə qədər pis hiss etdiyimi deyə bilmirəm. Bütün digər insanlar kimi, tanrının da məni tərk etdiyini düşünürdüm. İnsanların necə gülə bildiklərini, həyatlarına davam etdiklərini anlaya bilmirdim. Çökmüşdüm. Bir gün balkonda oturarkən quşlara baxıb üsyan etdim: "Tanrım, onlara baxa bilirsən, onları görürsən, bəs məni niyə görmürsən?" Birdən günün 24 saatdan ibarət olduğunu və mənim bütün günümü evdə depressiya vəziyyətində keçirməyimin o 24 saatları geri qaytarmayacağını anladım. Fərqində belə olmadan günlərlə, həftələrlə, aylarla depressiya yaşaya bilərsiniz. Hamıya bir daha ailə qurmayacağımı söyləyirdim. Tanrı ərimi məndən almışdı və buna bənzər bir şeyi yenidən yaşaya biləcəyim ehtimalı belə məni dəli edirdi. Heç kimin belə bir həyat yaşamasını istəməzdim. Ağrı o qədər dərin idi ki, dırnaqlarıma qədər hiss edirdim. Amma bir adam var idi ki, daim məni görməyə gəlirdi. Toni Qabanqa. Ərim haqqında danışmaq və gözəl günlərimizi düşünməyim üçün məni cəsarətləndirirdi. Bir dəfə 3 gün boyunca məni axtarmadı və çox əsəbiləşdim. O an ona aşiq olduğumu anladım.
Toni mənə evlilik təklif edəndə ona belə dedim: "Get bir dərgi al, mənim hekayəmi oxu və ondan sonra qərar ver ki, mənimlə həqiqətən evlənməyi düçünürsən, yoxsa yox". O da dərgi almaq üçün getdi və qayıdanda fikrində qəti olduğunu söylədi. Bu dəfə də ona belə dedim: "Uşaq sahibi ola bilməyəcəyəm, buna görə səninlə evlənə bilmərəm". O isə, "Uşaqlar tanrının bir lütfüdür. Olacaqsa, lap yaxşı, olmasa da səni sevmək üçün daha çox vaxtım olar" dedi. Verdiyi cavab mənə çox təsir etdi və təklifini qəbul etdim. Toni də evlənəcəyimizi söyləmək üçün ailəsinin yanına getdi. Lakin ailəsi mənim hekayəmi eşitdikdən sonra qəti şəkildə bu evliliyin olmayacağını bildirdilər. Məni lənətli adlandırırdılar. Qaynatam mərasimə qatılmasa da, 800 qonaq gəlmişdi. Çoxu maraqdan toya qatılmışdılar, bunu gözlərindən oxumaq olurdu.
İlk evliliyimdən 3 il keçmişdi və Tonini də itirməkdən qorxurdum. Toni ilə evliliyimizin birinci ilində özümü pis hiss etməyə başladım və xəstəxanaya getdik. Həkim hamilə olduğumu söylədi. Yaralar səbəbindən irəlidəki ayları yataqda keçirməli olduğumu dedilər, amma hər şey yaxşı keçdi və Tahillə adlı qızımız oldu. Dörd il sonra Tovdah adlı daha bir qız dünyaya gətirdim. Bugün qaynatamla çox yaxın dostuq.
İnsanlara ümid vermək üçün "Crawling out of Darkness" ("Qaranlıqdan sürünərək çıxmaq" - red.) kitabımı nəşr etdirdim. Təcavüz kəlməsini sevməsəm də, buna məruz qalan insanlara yardım etmək üçün "Kara Olmurani" adlı bir təşkilat yaratmışam. Burada onlara dəstək veririk və psixoloji yardım edirik. İstədikləri zaman qala bilmələri üçün də reabilitasiya mərkəzi yaradırıq.
Mənə təcavüz edənləri bağışladım. Asan olmadı, amma məni heç düşünməyən bu insanlara görə həyatımı qəmgin bir şəkildə keçirməyin bir mənası olmadığını artıq bilirəm. Onlara görə dəyməz. İnancım da insanlara bağışlamağı və pisliyə pisliklə deyil, yaxşılıqla cavab verməyi tövsiyə edir".
"Sürünərək olsa belə, yolunuza davam etməlisiniz, irəliləməlisiniz".