Suriyadakı vətəndaş müharibəsindən əriylə birlikdə qaçaraq Türkiyənin Hatay vilayətinin Reyhanlı mahalında məskunlaşan 15 yaşlı 6 aylıq hamilə qız suriyalı bir cütlük tərəfindən qaçırılıb.
Suriyanın Hələb şəhərində yaşayan Zəhra Hammud (15) ilə Muhmamed Elalluş (23) bundan 1 il əvvəl evləniblər. Elalluş Reyhanlıda Suriyanın Kobani rayonundan gələn C.Əl İbrahim və arvadı E. Əl Mustafa ilə tanış olub. Əl İbrahim qaldığı iki mərtəbəli evin birinci mərtəbəsini suriyalı köçkünlərə verib.
Təxminən 10 gün əvvəl də E. Əl Mustafa 6 aylıq hamilə olan Zəhra Hammuda təmizlik işləri üçün bir ev olduğunu, çalışıb-çalışmayacağını soruşub. Hammud da pula ehtiyacı olduğu üçün Əl Mustafa ilə birlikdə evi təmizləməyə gedib. Ancaq axşam olmasına baxmayaraq Hammud evinə dönməyib. Əri Məhəmməd Elalluş səhərə qədər gözləyib, amma yoldaşından xəbər ala bilməyib. Həmin vaxt tanış olduqları qonşuları ər-arvad da evdə olmayıblar. Bir müddət sonra Elalluşun telefonuna zəng gəlib. Elalluş cavab verdikdə telefonun o biri tərəfindəki şəxs "Yoldaşın bizim əlimizdə, onu aparmaq istəyirsənsə, 10 min dollar pul gətirəcəksən, yoxsa yoldaşını bir daha görə bilməcəksən. Heç kimə də demə, polisə getmə" deyib.
Elalluş əvvəl nə edəcəyini bilməyib, o qədər pulu olmadığı üçün də çarəsiz gözləməyə başlayıb. Daha sonra Reyhanlıda polis bölməsinə gedərək yoldaşının qaçırıldığını, ondan əvəzində pul istənildiyini söyləyərək şikayətçi olub. Ancaq aradan 10 gün keçməsinə baxmayaraq həyat yoldaşı tapılmayıb.
Yoldaşının qaçırılıb Adana və Mersin istiqamətində aparıldığını öyrənən Elalluş Adanaya gəlib. Elalluş "Həyat yoldaşım 10 gündür yoxdur. Üstəlik, 6 aylıq hamilədir. Onu Suriyadan gələn Reyhanlıdakı qonşumuz və arvadı qaçırdı. Mənə zəng edib 10 min dollar pul istəyirlər. Mənim bu pulu ödəyəcək gücüm yoxdur. Mən müharibədən qaçıb gəldim, heç pulum yoxdur. Arvadımın və bətnindəki körpəmin həyatından narahatam. Mənə zəng edib təhdid edirlər. Mən artıq nə edəcəyimi bilmirəm" ifadələrini işlədib.