Rusiya, ABŞ, İran və Türkiyənin maraqlarının toqquşduğu Suriya ətrafında münaqişə artan hərarətlə davam edir.
Rakka, eləcə də İŞİD-dən təmizlənəcək digər ərazilərin kimin nəzarətinə keçəcəyi sual altındadır. Bundan başqa Rakka və Menbicdə Türkiyənin qarşısı kəsilərsə, Qərbə qayıdıb Afrini tutub-tutmayacağı da sual doğuran məsələlərdəndir.
Mynews.az xəbər verir ki, politoloqlar hesab edir ki, ABŞ-ın Menbicdə PYD-ni qoruması hələlik bu bölgədə hər hansı əməliyyat aparılmasını mümkünsüz edir. Buna görə də əsas diqqət Afrinə yönəlməlidir. Afrin Türkiyənin təhlükəsizliyi üçün böyük əhəmiyyət daşıyır.
ABŞ Yaxın Şərqdə illərin strateji tərəfdaşı Türkiyənin bütün tərəddüdlərinə baxmayaraq, Suriyada YPG/PYD ilə yoluna davam edir. Bu qruplaşmaları silahlandıraraq bir terror təşkilatına qarşı digəri ilə əlbir olub mübarizə aparır. Bu vəziyyətdə Türkiyənin hərbi sahədə edəcəkləri həyati əhəmiyyət daşıyır.
Türkiyənin ya Menbicə, ya da Afrinə girmək kimi iki variantı var. Menbic ABŞ-ın nəzarətində olduğuna görə, Rusiyanın tabeliyində olan Afrinə girmək Türkiyə üçün daha məqsədəuyğundur. Çünki uzun zamandır Rusiya və ABŞ arasında var-gəl edən YPG/PYD-nin artıq ABŞ-la yoluna davam edəcəyi dəqiqləşib. Buna görə də Rusiya Türkiyənin Afrinlə bağlı atacağı addımlara göz yumacaq.
Belə ki, son günlər Afrində yerləşən rus əsgərlərinin cənuba çəkilməsi də bunu təsdiqləyir.
Türkiyənin Tel-Rıfatı topa tutması qabaqlayıcı tədbir kimi PYD/YPG mövqelərini zəiflətmək məqsədi daşıyır.
Rusiya təlim bəhanəsi ilə Afrin də daxil olmaqla, 200 kvadratkilometrlik bir əraziyə ABŞ-ın yaxınlaşmammasını tələb edib. Görünür, bu da Türkiyənin əməliyyatları zamanı ABŞ hərbi təyyarələrindən qorunmaq məqsədi daşıyır.
Bəzi məlumatlara görə, əməliyyat Azez, Mari və İdlib üzərindən başlayacaq və ilk planda Tel-Rıfat, Minniğ hərbi hava limanını PYD/YPG-dən azad ediləcək.
Bir qisim analitiklər bu iki nöqtənin alınmasının yetərli olacağını, bununla da kontolların cənubdan birləşməsinin qarşısının alınacağını düşünür. Əlbəttə, Hələbdən Menbicə uzanan M4 avtomobil magistralının nəzarəti də mühüm əhəmiyyət daşıyır.
Kürd, türkmən və ərəblərdən ibarət olan təxminən 200 min nəfərlik əhaliyə malik Afrində belə geniş bir əməliyyat baş tutarsa, Türkiyənin təhlükəsizliyi baxımından daha böyük əhəmiyyəti olacaq.
Bəzi məlumatlara görə, Türkiyə Afrinin cənubundakı Şeyx Berakat təpəsində bir baza yaratddıb. Bu, Türkiyənin Azad Suriya Ordusu ilə Afrinin mərkəzinə doğru əməliyyat keçirə biləcəcəyinə bir işarədir.
İyulun 4-5-də Astanada Türkiyə, Rusiya və İranın iştirakı ilə Suriya mövzusunda təminatçı ölkələrin 5-ci görüşü keçiriləcək. Görüşdə sabitt bölgələr haqda razılıq əldə olunması və bu razılığa əsasən İdlibin Türkiyə (və Rusiya) nəzarətinə veriləcəyi gözlənilir.
10 minə qədər radikalın İdlibden çıxarılmasından sonra “Fərat Qalxanı” hərəkatında təmizlənmiş Əl-Baba qədər olan ərazi ilə Afrin və İdlibin birləşməsindən ibarət olacaq bölgə Türkiyənin nəzarətində olacaq. Bu ərazisin sahəsi Əl-Bab əməliyyatının başlanğıcında hədəf kimi nəzərdə tutulan 5 min kvadrat kilometrlik təhlükəsiz bölgədən iki dəfə çox olacaq.
Beləliklə, Türkiyənin cənubunda önəmli olan bir sahə təhlükəsiz bölgə olacaq. Bununla da Türkiyə yönələn təhdidlər azalacaq. Gələkdə siyasi mələlərin müzakirəsi zamanı Türkiyənin də əli ABŞ, Rusiya və İran kimi güclü olacaq.
Şübhəsiz, Suriyada atılacaq hər addımın riskləri də mövcuddur. Aydın məsələdir ki, belə bir vəziyyətdən ABŞ böyük narahatlıq keçirəcək. Bundan başqa, bu əməliyyat Əl-Babda olduğu kimi, hər kəsin terrorçu kimi tanıdığı İŞİD-ə qarşı deyil, Türkiyənin terrorçu kimi gördüyü PYD/YPG-yə qarşı yönələcəyinə görə, dünya ictimaiyyəti tərəfindən “Kürdlərə qarşı keçirilən bir əməliyyat” kimi qiymətləndirilə bilər.
A24.Az