Azərbaycanlı alimdən Ermənistan üçün dəhşətli ZƏLZƏLƏ PROQNOZU 9-10 bal...

603
Azərbaycanlı alimdən Ermənistan üçün dəhşətli ZƏLZƏLƏ PROQNOZU 9-10 bal...

Bu gün Ermənistanın Gümrü şəhərinin yaxınlığında Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib. Episentri 10 kilometr dərinlikdə olan zəlzələ Stepanavan və Artik şəhərlərində hiss edilib. Dağıntılar və zərərçəkənlər barədə məlumat verilməsə də, zəlzələnin “Metsamor” Atom Elektrik Stansiyasına çox da uzaq olmayan ərazidə baş verməsi region üçün narahatlığı artırıb.

İstifadə müddəti bitsə də, hələ də fəaliyyət göstərən sözügedən AES onsuz da hazırkı durumda Cənubi Qafqaz, Orta Asiya, Xəzər və Qara dəniz ölkələri üçün ciddi təhlükə mənbəyidir. Ərazidə zəlzələnin baş verməsi ehtimalı bu narahatlığı bir az da artırır.

Tikintisinə 1973-cü ildə Yerevandan 40 km aralıda yerləşən Metsamor şəhərində başlanılan AES-in birinci enerji bloku 1976-cı ildə, ikincisi isə 1980-ci ildə istifadəyə verilib. 1983-cü ildə AES-in 3-cü və 4-cü enerji bloklarının tikintisinə başlansa da, 1986-cı ildə Çernobıl AES-də baş vermiş qəzadan sonra bu proses dayandırılıb.

1988-ci ildə Metsamordan 75 km aralıda yerləşən Spitakda baş vermiş zəlzələdən sonra 1989-cu il yanvarın 15-də AES-in fəaliyyəti dondurulub.

1993-cü ildə AES-in fəaliyyəti bərpa edilir və 1995-ci ildə 2-ci enerji bloku işə salınır. Bu stansiya regionda birinci nəsil tipli ВВЭР-440 tipli Rusiya istehsalı olan reaktorla təchiz edilib. Reaktorun istifadə müddəti isə 2006-cı ildə başa çatıb. Bir sözlə, durduğu yerdə təhlükə saçan AES-in, kiçik bir təkanla nə qədər böyük bir əraziyə radioaktiv maddə yayacağını təxmin etmək çətin deyil.

Publika.az-a danışan Respublika Seysmoloji Xidmət Mərkəzinin Seysmoloji və geodinamik tədqiqatlar şöbəsinin müdiri Tahir Məmmədli bugünkü zəlzələnin “Metsamor” AES üçün ciddi təhlükə hesab etməsə də, ərazidə güclü zəlzələnin olması ehtimalının hər zaman mövcud olduğunu deyib:

“Bu gün Gümrüdə baş vermiş zəlzələ “Metsamor” üçün təhlükəli deyil. 4-5 bal gücündə zəlzələ ciddi dağıntılara səbəb ola bilməz. Bu zonada güclü zəlzələ ocaqları mövcuddur. Həmin ərazidə dəhşətli zəlzələlərin olma ehtimalı var. Bu da “Metsamor” üçün ciddi təhlükə yarada bilər. Ermənistanın əksər bölgələrində 12 ballıq şkala üzrə 9-10 bal gücündə zəlzələ olmaq təhlükəsi var. Rixter şkalası üzrə 7 bal gücündə zəlzələ 12 ballıq şkala üzrə 9-10 bal gücündə təhlükə deməkdir. 1988-ci ildə Spitakda baş vermiş zəlzələ 9-10 bal gücündə olmuşdu və 30 min insan ölmüşdü. Həmin təhlükə bu gün “Metsamor” yaxınlığındakı qırılmada mövcuddur. Həmin ərazidə hər an belə təhlükəli zəlzələnin baş verə biləcəyi seysmoloqlar tərəfindən də qəbul edilib”.

Seysmoloq Metsamorun tikintisi zamanı zəlzələyə davamlılıq xəritəsinin bu gün özünü doğrultmadığını vurğulayıb: “Spitakdakı kimi zəlzələ “Metsamor”da böyük dağıntılara səbəb ola bilər. Sovet dövründə tərtib edilmiş seysmik fəalllıq xəritəsində “Metsamor” zonası 7 ballıq bölgə kimi qəbul olunmuşdu. Seysmoloqların hesablamasına görə, həmin ərazidə maksimum 7 bal gücündə zəlzələ ola bilər. Lakin 1988-ci il zəlzələsi isə göstərdi ki, ərazidə 9-10 bal gücündə də zəlzələ ola bilər. “Metsamor” yaxınlığında seysmik fəalllıq üçün tətbiq edilən metodlar bu gün özünü doğrultmur. Bu məlumatlar yenidən işlənməlidir. Ərazidə 10 bal gücündə zəlzələ olması təhlükəsini yalnız Azərbaycan seysmoloqları demir, Erməni və Rusiya mütəxəssisləri də bilirlər. Yəni “Metsamor” həmin dövrün seysmoloji xəritəsinə uyğun olaraq 7 bal zonasına davamlı tikilib, maksimum 8-9 bala davamlı olması deməkdir. Lakin ərazidə 10 bal gücündə zəlzələ təhlükəsi var.

Ötən gün baş verən zəlzələ 10 km dərinliyində baş verib. Bu Qafqaz regionunda böyük zəlzələlər üçün xarakterikdir. Böyük Qafqazda, adətən, zəlzələlər 8-10 km dərinlikdə baş verir. Spitak zəlzələsi də 10 km dərinlikdə baş vermişdi. Bu dərinlikdə dediyimiz gücdə zəlzələ baş verdiyi halda böyük dağıntılara səbəb ola bilər. Əlbəttə, bu, yalnız Ermənistan deyil, Qafqaz və ətraf regionlar da radioaktiv şüalanmadan böyük fəlakətlə üz-üzə qala bilər".

"Metsamor" AES ərazisində hazırkı seysmoloji aktivliyə gəldikdə, T.Məmmədli bu barədə fikir yürütməyə çətinlik çəksə də, heç bir aktivlik olmadan da qəfildən güclü zəlzələ baş verə biləcəyini deyib: “Ərazidə güclü zəlzələ olub-olmayacağını müəyyən etmək üçün yalnız aktivlik parametrinin nəzərə alınması kifayət deyil. Ümumiyyətlə isə, zəlzələni proqnozlaşdırmaq mümkün deyil. Ola bilər aktivləşmə olub sonradan sönsün. Ona görə də, aktivliyin olmasını əsas tutaraq zəlzələni proqnozlaşdırmaq doğru deyil. Bundan başqa, ərazidəki aktivliyin səviyyəsini müəyyən etmək üçün mütəmadi olaraq monitorinqlər aparmalıyıq. Biz yalnız Ermənistanda güclü və orta güclü zəlzələləri qeydə alırıq. Zəlzələnin proqnozlaşdırılmasında iki yanaşma var. Bir qrup alim güclü zəlzələdən əvvəl ərazidə tam sakitlik olduğunu, bəziləri isə əksinə gərginliyin güclü zəlzələdən xəbər verdiyini deyir. Hər iki parametrin özünü doğrultması halları müşahidə edilib. 2000-ci ildə Bakıdakı zəlzələdən əvvəl ocaqlarda tam sakitlik idi.

“Metsamor”AES-ə gəldikdə isə o, seysmik cəhətdən çox təhlükəli zonada yerləşir. Tikildiyi dövrdə olan seysmik məlumatlar kifayət etmədiyindən “Metsamor” daha aşağı səviyyəli zəlzələyə davamlıdır. Lakin son tədiqqatlar ərazidə daha güclü zəlzələnin olacağını deməyə əsas verir. Sovet dövründə Qazaxıstan, Qırğızıstan, Kamçatkada 7 ballıq zonada 9-10 balı gücündə zəlzələ oldu. Halbuki 7 baldan yüksək zəlzələ olmayacağı proqnozlaşdırılmışdı. Belə hallar “Metsamor”da tikinti aparılarkən seysmik aktivlik düzgün qiymətləndirilməyib. Bu da stansioyanın təhlükəsini bir az da artırır”.

Xəbər lenti