1 il keçdi Putin Ərdoğanı ölümdən necə xilas etdi? - VİDEO

835
1 il keçdi Putin Ərdoğanı ölümdən necə xilas etdi? - VİDEO

Mynews.az Metbuat.az-a istinadən xəbər verir ki, Türkiyədə hərbi çevrilişə cəhd hadisələrindən bir il keçir. Çevrilişə cəhd edənlərin məqsədi Türkiyədə mövcud hakimiyyəti devirmək idi.

Özünü “Yurdda Sülh Konseyi” adlandıran bir qrup Türk Silahlı Qüvvələrinin rəsmi internet saytında və TRT-də yayımlanan bildirişdə ordunun dövlət idarəçiliyini ələ aldığını, ölkədə fövqəladə vəziyyət və küçəyəçıxma qadağası tətbiq edildiyini elan etdi. İlk növbədə Ankarada polis akademiyası partladıldı. Daha sonra İstanbulda Atatürk Hava Limanı, TRT HABER, AKP-nin Ankara qərargahı zəbt olundu.

Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargah rəisi Hulusi Akar və ordunun komanda heyətinə daxil olan bəzi generallar, eləcə də prezidentin baş katibi girov götürüldü. Türkiyə Böyük Millət Məclisi havadan atəşə tutuldu. 248 nəfər şəhid oldu. 2196-i isə yaralandı. Qiyamçı hərbçilərin zərərsizləşdirilməsi üçün təşkil olunan əks əməliyyat zamanı 104 üsyançı hərbçi öldürüldü. Girovlar azad edildi.

Qiyamçı hərbçilərin əsas məqsədi prezident Rəcəb Tayyib Ərdoğanı girov götürmək və ya öldürmək idi. Lakin dövlət başçısı daha cəld hərəkət edərək Marmarisdə qaldığı oteli tərk etdi. 62 dəqiqə sonra isə xüsusi təyinatlı qiyamçılar həmin otelə hücum etdi. Ərdoğanın təyyarəylə bölgədən uzaqlaşdığını güman edən üsyançılar, uçuşları nəzarətə götürdülər. Bu məqsədlə qırıcılar Ankara və İstanbul səmalarında uçuşlar həyata keçirirdilər. Məlumata görə, Ərdoğanın təyyarəsi havada 3 dəfə qırıcılarla üz-üzə gəlib. Lakin pilot qülləyə laynerin sərnişin təyyarəsi olduğunu deyərək təhlükədən yayınıb. 

Həmin gün baş verən hadisələrlə bağlı hələ də qaranlıq qalan bəzi məqamlar var.

Maraqlıdır ki, qiyamçılar hərbi çevrilişi gecə 3 radələrinə təyin etmişdi. Lakin onlar axşam 22:00 radələrində hərəkətə keçməli oldular. İddialara görə, buna səbəb Moskvanın Ərdoğanı hərbi çevrilişə cəhdin olacağı barədə xəbərdar etməsidir. Rusiyanın Suriyadakı hərbi bazasında olan əsgərlər Türkiyə bazalarındakı danışıqları dinləyərək, ciddi hərəkətliliyin olduğu barədə Moskvaya məlumat verib. Moskva bu barədə dərhal Ərdoğanı xəbərdar edib. Bundan sonra hökumətin qabaqcıl tədbirlər görəcəyindən narahat olan üsyançılar daha tez hərəkətə keçmək məcburiyyətində qalıb.

İddia edilir ki, Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarına hərbi dəstək də təklif edib. Lakin Ərdoğan təklifi dəyərləndirməkdə tələsməyib. Bəlkə hadisələr Ərdoğanın əleyhinə cərəyan etsəydi, Rusiya qırıcılarını Türkiyə səmalarında görmək gözlənilməz olmazdı. Üsyançıların hərəkətə keçməsindən sonra Ərdoğan dərhal İstanbula getdi. Burda xalqa müraciət edən dövlət başçısı, onları küçələrə çıxmağa çağırdı.

Qiyamçılar bütün planları düzgün qurmuşdu. Lakin onlar cəsur türk xalqının küçələrə çıxaraq, canlarını tanklar qarşısında qalxan edəcəyini nəzərə almamışdı. Türklər həmin gün yeni tarix yazdı. Dumlupınarda, Sakaryada, Çanaqqalada olduğu kimi...

Xəbər lenti