“Human Rights Watch” Ermənistandakı polis zorakılığından yazdı

621
“Human Rights Watch” Ermənistandakı polis zorakılığından yazdı

Human Rights Watch (HRW) beynəlxalq qeyri-hökumət təşkilatı Ermənistanda polis zorakılığının vəziyyətinə dair yeni hesabat (https://www.hrw.org/news/ 2017/07/30/armenia-limited- justice-police-violence) yayıb. 

Mynews.az-ın məlumatına görə, HRW dinc sakinlərin təqib edilməsi və uzunmüddətli həbs olunmasına görə Ermənistan hakimiyyətini sərt tənqid edib.

Sözügedən hesabatda 2016-cı ilin iyul ayında Sarkisyan rejiminin qanunsuzluqlarına etiraz edən dinc sakinlərə və peşə fəaliyyətini yerinə yetirən KİV nümayəndələrinə qarşı polis zorakılığının cüzi hissəsi öz əksini tapıb və olanlara görə məsuliyyətin Ermənistan hökumətinin üzərinə düşdüyü bildirilir.

Qeyd olunur ki, təkcə son bir il ərzində ən azı 32 etirazçı istintaqa cəlb olunub ki, onlardan da 21-i məhkum olunub. Dinc etiraz aksiyası zamanı polis zorakılığı ilə qarşılaşan insanlar hələ də sadəlövhcəsinə hökumətdən ədalət və hesabatlılıq gözləyirlər. Bu, onsuz da mənfi imici ilə tanınan polis və ədliyyə sisteminə inamı daha da sarsıdıb.  

Sosial tələblər irəli sürən, yeməyə ərzaq tələb edən yüzlərlə insan polis tərəfindən girov götürülüb, onlara paytaxtın polis bölmələrində işgəncələr verilib. Sosial şüarlar səsləndirən nümayişçilər, eyni zamanda, ölkə prezidenti Serj Sarkisyanın istefasını və müxalifət hərəkatının lideri Zirayr Sefilianın azad olunmasını da tələb ediblər.

HRW-ın hesabatında bildirilir ki, silahlı şəxslərin polis bölməsinə hücum edib içəridəkiləri girov saxlaması, sonradan təslim olması gecə nümayişləri ilə müşayiət olunan hökumətə nifrət hərəkatının başlamasına bəhanə olub. Təşkilatın sülhsevər adlandırdığı  nümayişçilərin əksəriyyətinə qarşı polis tərəfindən aşırı şiddət tətbiq olunub. Nümayişçilərin liderləri də daxil olmaqla, yüzlərlə şəxs həbs olunub, əsassız olaraq məsuliyyətə cəlb edilsə də, bir nəfər də olsun rəsmi şəxs, habelə hüquq-mühafizə orqanlarının əməkdaşı cəzalandırılmayıb. Hətta adıçəkilən hadisə ilə əlaqədar açılmış cinayət işinin gedişatı ilə tanışlıq belə ictimaiyyət üçün əlçatmaz olub.

Ermənistan əhalisi və beynəlxalq təşkilatların gözləntilərinin əksinə olaraq, prezident S.Sarkisyan Yerevan şəhər polis idarəsinin rəis müavinini “ictimai asayişi qüsursuz qoruduğuna görə” medal ilə təltif edib. Etirazçıların sərt şəkildə cəzalandırılmasına baxmayaraq, istintaq orqanları heç bir ciddi sübut ortaya qoya bilməyib. 

Xəbər lenti