Ermənistan prezidenti Serj Sarkisyan İran prezidenti Həsən Ruhaninin avqustun 5-də keçirilən inaqurasiya mərasimində iştirak etdi. Sarkisyanın səfərinin Ermənistan üçün ciddi nəticələrinin ola biləcəyini hesab etmək olar. Daha doğrusu düşmən ölkənin mediası məsələni bu cür təqdim edər və İran-Azərbaycan münasibətlərində aşılması mümkün olmayan tramplinlərin olduğu fikrini qabardır.
Bu, erməni ictimaiyyətinə hesablanmış fikir olaraq anlayışla qarşılana bilər. Lakin Sarkisyanın sıradan İran səfərinə Tehran-Bakı xəttində münasibətlərin pis olması fonunda yanaşmaq üçün insanda ən azı erməni beyni olmalıdır. Bu beyin də yalnız erməniləri qula çevirən İrəvan rejimində var. Doğrudur, İran Dağlıq Qarabağ məsələsində sadəcə ritorik ifadələrlə Azərbaycana dəstək verir. O da faktdır ki, Tehranın işğalçı Ermənistana dəstəyi Bakının İrəvana qarşı apardığı blokada siyasətinə ziddir. İranın erməni siyasətinin kökündə Rusiya ilə Cənubi Qafqaz tikəsini bölüşdürmək perspektivləri olmaqla yanaşı, Azərbaycanın sıxışdırılması, yaxud ən azından Bakıya qarşı revanş həmlələrinin olması da şübhəsizdir. Lakin Bakı-Tehran xəttində vəziyyət heç də İrəvanın arzuladığı kimi deyil və iki ölkənin region üçün bir sıra mühüm layihələrə imza atması da bunu deməyə əsas verir. Digər tərəfdən, Ermənistan prezidentinin formal olan andiçmə mərasimində iştirak üçün Tehrana səfəri bütün siyasi prosesləri kökündən dəyişdirə biləcək gediş də deyil. Yəni İranın işğalçıya təəssüf doğuran bütün dəstəyinə rəğmən, indiki məqamda Bakı və Tehran münasibətlərinə ayaqüstü söhbətdə son qoyulması mümkünsüz görünür.
Amma Sarkisyanın Tehranda “İran təranələri” mahnısına qol götürüb “oynaması” da təsadüfi deyil.
İnaqurasiyaya Ermənistan prezidenti yox, daha aşağı ranqlı erməni məmurlardan biri gedə bilərdi, nə üçün Sarkisyan Tehrana qədər ayaq döyür?
Səfərin ümumi mənzərəsində bu sual düşündürücüdür. Və səfərin analizi Ermənistanın sığınmaq üçün İranı son qala olaraq gördüyü ehtimalını ön plana çıxarır.
Sarkisyanın Tehrana birbaşa özü getməsinin arxasında Moskvaya verilən “İran alternativi” mesajı var. Heç də ürəkaçan olmayan Rusiya-Ermənistan münasibətləri fonunda İrəvan Putinə təkcə ondan asılı olmadığını göstərmək istəyir, amma bir az qorxu ilə. Çünki Ermənistan bu mesajı açıq şəkildə versəydi, o zaman, erməni prezident andiçmədən sonra Tehrana xüsusi səfərlə yollanardı. Lakin Sarkisyan andiçməyə qatılır və mesajı verməklə yanaşı, səfərin formal xarakter daşıdığı rəyini də yaradır.
Rusiyaya verilən yumşaq mesajın arxasında Dağlıq Qarabağ məsələsi də yatır. Payızda Azərbaycan və Ermənistan prezidentləri Rusiya rəhbərliyinin təşəbbüsü ilə görüşəcək. Ehtimallar var ki, bu görüş münaqişədə “ölüm nöqtəsi” ola bilər: ya ərazilərin qaytarılması ilə nəticələnəcək real danışıqlar, ya da müharibə. Rusiya cənub sərhədlərində yeni toqquşma istəmir, buna görə də Ermənistanı ən azı real danışıqlara məcbur edə bilər. Bu gözləntilər fonunda Sarkisyan İrana qaçaraq, Rusiyanın mümkün təzyiqləri qarşısında özünə yeni dayaq axtarır. Bu dayaq həm də Azərbaycana qarşıdır. Təadüfi deyil ki, Sarkisyanla Tehranda görüşən İran prezidenti Həsən Ruhaninin “Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll oluna bilər” sözlərini erməni mediası “İrandan Azərbaycana mühüm xəbərdarlıq” olaraq təqdim etdi. Məsələ İranın Azərbaycana xəbərdarlığı yox, ermənilərin Ruhaninin sözlərini necə eşitmək istəməsindədir.
Hesab etmək olar ki, Sarkisyan Ruhani ilə görüşündə Azərbaycandan şikayətlənib və dəstək istəyib. İran prezidentinin nə dediyini təxmin etmək o qədər də çətin deyil. Çünki indiki situasiyada İran Azərbaycanla münasibətləri erməni arzusuna görə rəfə qaldırmayacaq. Sadəcə olaraq, İran Ermənistana dəstəyin səviyyəsini müəyyən qədər yüksəldə bilər. Bu, Bakının İrana qarşı hücum planını çantasında gəzdirən ABŞ prezidenti Donald Tramp və İsraillə bərabərhüquqlu münasibətlərindən irəli gəlir. Lakin nəticə etibarilə İrəvanın ciddi nəsə qazanacağını düşünmək çətindir. Təkcə ona görə yox ki, İran dünyanın üzərinə gəldiyi bir vaxtda Azərbaycanla qarşıdurmaya getməyəcək, həm də Rusiya öz vassalının başqa qapılardan mədət ummasını həzm edə bilməz.
Görünür, Sarkisyanın “İran təranələri”nə oynaması özünə qalacaq.