Rusiya bayrağı altında üzən “VF Tanker-20” gəmisi avqustun 16-da dördüncü dəfə "Dragon Oil" şirkətinin istehsalı olan 6,265 min ton Türkmənistan neftini İranın Neka limanında boşaldıb.
Xatırladaq ki, bu il iyulun sonlarında bu gəmi “Dragon Oil”a məxsus nefti qəbul etdikdən sonra Bakı limanında 1 həftə reyddə dayanmalı olub. Buna səbəb kimi gəminin göyərtəsində bəyan edilməmiş yükün olması amili göstərilir. Bundan sonra “VF Tanker-20” dərhal İran tərəfə istiqamət alıb və nefti İran Milli Neft Şirkətinin (NIOC) terminalında boşaldıb.
Qeyd eləmək lazımdır ki, NIOC və onun ticarət strukturu olan NICO, eləcə də, onların müxtəlif ölkələrdəki bölmələri ABŞ-ın sanksiyalar siyahısına daxildir.
Mynews.az xəbər verir ki, Report-un əməkdaşı "Dragon Oil"un marketinq direktoru Əhməd Əssədlə əlaqə qurmağa və vəziyyətə aydınlıq gətirməyə çalışıb. Amma Ə.Əssəd jurnalistin sualını dinlədikdən sonra dəstəyi asıb və bundan sonra zənglərə cavab verməyi lazım bilməyib.
Ə.Əssədin mətbuat suallarına cavab vermək istəməməsi onun ABŞ vətəndaşı olmasına baxmayaraq, Birləşmiş Ştatların sanksiyaları ola-ola gəmiləri İrana göndərən şirkətdə çalışması faktı ilə tam şəkildə izah oluna bilər.
Qeyd edək ki, "VF Tanker-20" gəmisi avqustun 7-də də Alaca limanında (Türkmənistan) Türkmənistan nefti ilə doldurulduqdan sonra Azərbaycana tərəf istiqamət alıb, amma Türkmənistan ərazi sularından çıxdıqdan az sonra gəmi cənuba doğru, İranın Neka limanına gedib.
Belə görünür, gəminin bu manevri “Dragon Oil” və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Milli Neft Şirkətinin (ENOC) neft daşınması və gömrük rəsmiləşdirilməsi zamanı sənədlərdə yükün sonradan Avropaya tranzit məqsədi ilə boşaldılması yeri kimi Bakının göstərilməsi ilə bağlıdır. Belə ki, Türkmənistan hökuməti (Dövlət Gömrük Xidməti və digər strukturlar), çox güman ki, Türkmənistan neftinin İrana tədarükünə icazə vermir.
İstisna deyil ki, “Dragon Oil” Türkmənistanla İran arasındakı soyuq münasibətlər səbəbindən həmin icazəni, ümumiyyətlə, ala bilmir. Çünki Türkmənistandan İrana nəql olunmuş təbii qazın pulunun ödənilməsi ilə bağlı tərəflər arasında narazılıq var və İran beynəlxalq arbitrajda Türkmənistan əleyhinə iddia qaldırmaq niyyətindədir.
Bundan başqa, gəminin həmin hərəkətləri “Dragon Oil” və ENOC-un İrana neft tədarük etdiklərini gizlətmək, bununla da ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaları pozan şirkətlərin siyahısına düşməkdən yayınmaq istəmələri ilə bağlı ola bilər.
“Dragon Oil” və ENOC-un nə vaxta qədər qəbul olunmuş ümumi norma və standartlardan yan keçəcəyi isə sual olaraq qalır.