Şamil Basayevin ölümü ilə bağlı gizli əməliyyatın detalları üzə çıxıb.
Bu ilin yay ayında Rusiyada bir nömrəli terrorçu elan edilən Baseyevin ölümündən 11 il ötdü. Gizli əməliyyatın detalları bu günə qədər üzə çıxmırdı. Sadəcə qeyd edilirdi ki, Basayevi müşayiət edən silah-sursat maşını partladılıb. Bu səbəbdən isə maşına bomba qoyulması versiyası səsləndirilirdi. Amma əslində belə olmayıb. Yük maşını başqa üsulla havaya uçurulub.
Xüsusi xidmət orqanlarından "Rosbalt" agentliyinə verilən məlumata əsasən, 2006-cı ilin yay ayında Şamil Basayev baş qərargah kimi İnquşetiyanı seçibmiş. Basayev əsasən yerli milis işçilərinin müşayiəti ilə hərəkət edirmiş. Federal xüsusi xidmət orqanlarının istənilən aktivliyi Basayevə çatdırılırdı. Bu səbəbdən uzun müddət onu ələ keçirmək mümkün olmayıb.
2006-cı ilin yay ayında xüsusi xidmət orqanlarına məlum oldu ki, Basayev idarəolunmayan reaktiv sursat ələ keçirmək qərarına gəlib. "NURS" raketləri ilə dolu yük maşını xüsusi xidmət orqanları tərəfindən izləndi. Amma maşına bomba qoymaq həm mümkün deyildi, həm də ehtiyac yox idi. Birincisi, maşını dəfələrlə yükləyib boşaldırdılar. İkincisi isə, Basayevin bu maşının yanında olub-olmayacağı da məlum deyildi.
Sadəcə son anda məlum oldu ki, Basayev sursatı döyüşçülərə şəxsən təqdim edəcək və eyni zamanda səhra komandirləri ilə iclas keçirəcək. Həm də "Böyük Səkkizlik"in sammitində terror aktı hazırlığı müzakirə ediləcək. Amma Basayevin hansı marşrutla hərəkət edəcəyi, tədbirin necə keçiriləcəyi məlum deyildi.
Nəticədə ehtimal olunan yerlərə 10-dan çox xüsusi xidmət orqanı əməkdaşlarından ibarət qrup göndərildi. Ekajevo yaxınlığında fəaliyyət göstərən qruplardan biri 10 iyul tarixində səhər saatlarında yolda "KAMAZ" markalı maşın və avtomobil karvanı görür. Karvanın qarşısında milis avtomobili hərəkət edirmiş. Bu qrupun döyüşçülər yoxsa hərbi konvoy olduğunu müəyyən etmək mümkün deyildi. Dərhal qərar vermək lazım idi.
10 nəfərlik qrup açıq hərəkət edə bilmirdi. Çünki karvanda ən azı 40 nəfər silahlı var idi. Maşınları atəşə tutmaq da mümkün deyildi. Çünki bu maşınlarda hərbi xidmətçilər və ya inquş hərbçiləri ola bilərdi.
Əməliyyatçılar bilirdilər ki, Basayevin yük maşını sursatla doludur. Adi bir toxunuş güclü partlayışa səbəb ola bilər. Buna görə də qərar qəbul edildi. Qrup yol kəsişməsində pusquya yatdı. Snayper isə yük maşınına bir atəş açdı. Bu isə sursatın partlamasına səbəb oldu. Partlayışın dalğası karvandakı maşınların əksəriyyətini dağıtdı. Arxada hərəkət edən iki maşına güclü ziyan dəymədiyi üçün onlar arxaya çevrilib aradan çıxdılar.
Əməliyyatı yerinə yetirən qrup hadisə yerinə yaxınlaşmadı və meşə massivinə üz tutdu. Məlumat yaxınlıqdakı daxili qoşunlara ötürüldü. Hadisə yerinə qrup çıxarıldı. Artıq ölənlər arasında Şamil Basayevin olduğuna dair məlumatlar daxil olmağa başladı. Həqiqətən də belə oldu. Maşınların birində aşkar edilən meyit qalıqları Basayevə aid idi...
olke.az