Xarabaya çevrilən şəhərdən REPORTAJ

833
Xarabaya çevrilən şəhərdən REPORTAJ

Bu yaxınlarda “İslam dövləti” terror təşkilatının (İŞİD) özünə “paytaxt” elan etdiyi Suriyanın Rakka şəhəri ekstremistlərdən azad olundu, ancaq bu bədbəxt taleli şəhərin perspektivinin necə olacağı sual altındadır.

Rakka şəhərində İŞİD-in qoyduğu qorxu dolu nişanələr hələ də bu şəhərin sakinlərinin üz cizgilərində “bərq vurur”, Adəm övladının başı üzərində hələ də qara buludlar dolaşmaqdadır.  

Rakka azad olunub, lakin şəhər sakinləri yeni təhlükədən də sığortalanmayıblar, çünki Suriyadakı yorucu və əzabverici müharibə bitməyib. Rakka İŞİD terrorçularından təmizlənib, ancaq geridə qalan mənzərə necə də kədərlidir!

ABŞ-ın nüfuzlu “New York Times” qəzetinin müxbirinin (İvor Prikket) Rakkadan hazırladığı reportaj da sırf bu qəbildəndir. Bu reportajda nə siyasi proqnoz, nə də mətnaltı amansız iqtisadi-siyasi maraq əks olunub, sadəcə, fotoların və əziyyət çəkən insanların dili ilə Rakkadakı acınacaqlı, dramatik mənzərə canlandırılıb.

Mynews.az Modern.az-a istinadən, ABŞ-ın məşhur nəşrinin hazırladığı reportajı Azərbaycan dilində ixtisarla təqdim edir:

"Mən də Suriya Demokratik Qüvvələri adı ilə tanınan milis dəstələrinin müşayiəti ilə 10 gündür burada olan jurnalistlərdən biriyəm.

İki dəfə şəhərdəki cəbhə xəttinə getdim. O yerə ki, bura 4 aylıq döyüşlərdən sonra azad olunmuşdu.

İŞİD-in bura gətirdiyi əzablar altında inləyən sivil vətəndaşlarla söhbət etdim. O insanlar ki, onlar 4 ildir ki, terrorçuların əlində girov qalmışdılar və nəhayət, sağ qurtulublar. 

Bir həftə öncə, İŞİD-in özünə “paytaxt” elan etdiyi Rakka uğrunda qızğın döyüşlər gedirdi. Döyüşlərdə minlərlə sivil insandan qalxan kimi istifadə edib, öz maraqlarını təmin edən İŞİD-in yüzlərlə üzvü öldürüldü. Bir neçə gün bundan qabaq İŞİD-in müqaviməti qırıldı, şəhərin terroçulardan azad olunduğu bəyan edildi. Ötən həftə Rakkanın şərqinə də getdim, burada dağıdılmamış küçə, bina, ev tapmaq çətin idi.

Şəhərin 12 millik məsafəsində yerləşən ərazilər ağır artilleriyadan atəşə tutulur, aramsız vızıltı səsləri var. Bu zərbələr nəticəsində İŞİD-in hələ də nəzarətində olan kiçik ərazidən tüstülər çıxır.

Milis qüvvələrindən olan döyüşçülər isə bombalanmış binada müşahidə postları qurmuşdular. Onların bir neçəsi pusquya düşmüşdü,  bədənləri kəsilmişdi. Biri ölmüşdü, 2 nəfər isə ağır yaralanmışdı.

Zirehli texnikaların olmaması səbəbindən yaralı əsgərlərin xilasetmə əməliyyatı başlamadı, yəni yaralıların qapalı məkanda və nisbətən təhlükəsiz bir şəkildə aparılması üçün vasitə yox idi.

Ofisi Londonda yerləşən Suriya İnsan Haqları Müşahidə Təşkilatının məlumatına görə, Rakkadakı döyüşlər zamanı 3 mindən çox insan ölüb. Onların 1130-u sivillərdir. Bir çoxları isə itkin düşüb.

İŞİD zamanında Rakka şəhərinin genişmiqyaslı fiziki məhvinə start verilib. Məni müşayiət edən döyüşçülər isə dağıdılmış binalardan sığınacaq kimi istifadə edirdilər.

İŞİD-in nəzarətində olan vaxtlarda Rakka sakinləri terrorçuların təzyiqlərinə, zorakılıqlarına, qəddar repressiyalarına məruz qalıblar. Sürgündə yaşayan insanlara kömək edənlər isə öz həyatlarını riskə atıblar.

“Biz Ramazan ayından bəri çörək yemirdik, çünki çörək bişirmək üçün un ala bilmirdik”, - bunu ailəsi ilə şəhəri tərk edən 37 yaşlı Yunus Ömər məsciddə mənə bildirir. O danışdıqca,  solğun bənizli və yetərincə qidalanmayan övladları sadə şəkildə bişirilmiş toyuq əti və çörəyi acgözlüklə yeyirdilər..”.

 

 

 

 

 

 

 

 

 

 

Xəbər lenti