Adanada iki dələduz qadın saxlanılıb. Onlardan biri özünü kişi kimi təqdim edibmiş. Onlar yaşlı kişini evlilik vədiylə inandırıb, avtomobilini satdıraraq 40 min lirəsini masaj zamanı oğurlayıblar. Hətta kişini zərgərlik mağazasına aparıb 1200 lirəlik qızıl aldıraraq aldadıblar.
Iddiaya görə, 69 yaşlı təqaüdçü Şeref Y. məhəllədə bir məkana gedərək buradan spirtli içki almaq istəyib. Bu məqamda yaşlı kişinin yanına adının Kaan olduğunu söyləyən bir nəfər gələrək söhbət etməyə başlayıb. Yaşlı adam yanına gələn şəxsə: "Mənim həyat yoldaşımla aramızda problemlərim var, arvadımdan boşanacam. Yeni bir arvad axtarıram özümə" deyib. Bundan sonra özünü Kaan olaraq tanıdan şəxs: "Mənim 42 yaşında xalam var, subaydır, adı Nazdır" deyincə kişi qadını görmək istəyib. Həmin şəxs bir müddət sonra xalası dediyi Nazı yaşlı kişinin yanına gətirərək tanış edib. Kişi qadını bəyənərək evlənməyə qərar verincə, şübhəlilər evlənmədən öncə qızıl istədiklərini bildiriblər. Yaşlı adam qızıl ala biləcək imkanının olmadığını, amma avtomobili sataraq almağın mümkün olduğunu deyib. Bundan sonra şübhəlilər kişinin maşınını 61 min 500 lirəyə satıb. Pulu alan yaşlı adam 40 min lirəsini corabının içinə, 21 min 500 lirəni isə cibinə qoyub.
Şübhəli şəxslər kişi ilə qızıl almağa gediblər. Qadın zərgərlik mağazasından yaşlı adama 1200 lirə civarında üzük, sırğa və bilərzik aldırıb. Bu anlar isə təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.
Yaşlı adamın qalan pulunu almaq üçün meşəlik bir sahəyə gətiriblər. Burada Naz adlı qadın yaşlı kişiyə: "Səni masaj edimmi? Evlilik öncəsi bir az həyəcanlısan" deyib. Kişi masaj təklifini qəbul edib. Qadın yaşlı kişini masaj edərkən digəri, kişinin corabının içinə qoyduğu 40 min lirə və telefonunu oğurlayıb. Yaşlı kişi bunu hiss edərək müdaxilə etmək istəsə də şübhəlilər olayın baş verdiyi yerdən qaçıblar. Kişi polis bölməsinə gedərək evlilik vədiylə aldadıldığı barədə şikayət edib.
Aparılan araşdırmalar zamanı yaşlı adamı biri kişi olmaqla iki nəfərin aldatdığı üzə çıxıb. İstintaq zamanı evlilik vədiylə özünü Naz olaraq təqdim edən qadının gerçəkdə 42 yaşlı İnci G. olduğu məlum olub. İnci polislər tərəfindən saxlanılıb. Şübhəli kişi isə hələ də tapılmır.
Kişi sanırdılar, qadın çıxdı
İnci G. yanındakı şəxsin kişi yox, Güneş C. (34) adlı qadın tanışı olduğunu deyib. Polis bu məlumatdan sonra Güneş C.-nı da saxlaıb. Şübhəli bölməyə gətiriləndə polislər onu kişi zənn edib, üzərini araşdırmaq istəyib, ancaq o qadın olduğunu deyincə şübhəlini həmcinsi yoxlayıb.
///Milli.Az