İŞİD-in sözcüsü Əbu Həsən əl Mühacirin həyat yoldaşı terror təşkilatından qaçdıqdan sonra ilk dəfə açıqlama verib. Tanya adlı qadın terror təşkilatından qurtularaq Suriyadan ayrıldıqdan sonra "The Atlantic" dərgisinə danışıb.
Qeyd edək ki, terror təşkilatının içində Əbu Həsən əl Mühacir adı ilə tanınan bu şəxsin əsl adı Con Corcelasdır və ötən il İŞİD-in sözcüsü təyin edilib. ABŞ-ın Texas şəhərində, varlı bir ailədə doğulub və Yunan Ortodoks dininin qaydaları ilə böyüdülüb. Atası Amerika ordusunda həkim kimi fəaliyyət götərib.
Con 11 sentyabr terror aktlarından sonra radikallaşıb. İslam dinini qəbul edib və adını "Yəhya əl Bahrumi" olaraq dəyişdirib. Ərəb dilini öyrənib, bir tanışlıq saytında özü kimi qadın axtarmağa başlayıb. Londonda doğulan Banqladeş əsilli bir ailənin qızı olan Tanya ilə Con bu saytda tanış olub, 2004-cü ildə evlənib. Onların 3 övladı dünyaya gəlib. Getdikcə radikallaşan və İŞİD-ə yaxınlaşan cütlük bir 2013-cü ildə Suriyaya yollanıb.
İŞİD-in "First Lady"si adlandırılan Tanya başına gələnləri "The Atlantic"ə danışıb:
"2013-cü ilin avqust ayında Azez kəndində suriyalı bir generalın tərk etdiyi evə yerləşdik. Nə su, nə elektrik var idi. Xəyal etdiyimiz kimi deyildi. Dözə bilmədim. Cona getmək istədiyimi dedim. Məni sərhəddə qədər gətirdi və özü orda qaldı. Dönən kimi ondan boşandım. Yenidən tanışlıq saytına girdim və "4 uşağım var, ərim yeni Üsamə bin Laden olmaq üçün məni tərk etdi" yazdım. Düz 1300 cavab gəldi. Biri "Craig" adlı kompüter firmasının işçisi idi. Ərimin İŞİD-ə qoşulduğunu dedim. Mənə "problem deyil" cavabını verdi. İndi onunla bərabərəm və birlikdə kilsəyə gedirik. Uşaqlarım sağdır, Suriyadan da qurtulmuşam".
mənbə: qaynarinfo.az