Tarixdə bu gün – 9 noyabr 1895-ci ildə alman professoru Vilhelm Rentgen ətrafda baş verənləri unudub özünü bütünlüklə elmə həsr etdiyi bir vaxtda, həyat yoldaşı yeməyini onun iş yerinə gətirdi. Alim insan əlinə ehtiyac duyanda, Anna Berta ona yardımçı oldu. Bu fədakarlıq ona yuxusuz gecələr, ərinə isə Nobel mükafatı qazandırdı.
Publika.az IX əsrin ən möhtəşəm kəşflərindən birinin müəllifi Vilhelm Rentgen haqda dəyərli oxucuları məlumatlandırır.
1895-ci ilin uzun payız axşamlarını professor Vilhelm Rentgen təkbaşına universitet laboratoriyasında keçirirdi. O, Kruksun katod borusu ilə eksperimentlər edərkən, son dərəcə maraqlı fiziki bir hal aşkar etdi.
Alman fiziki Vilhelm Konrad Rentgen
50 yaşlı alimin ixtiyarında olduqca sadə alət və cihazlar, həmçinin bol reaktiv seçimi var idi. O, şüşə bir qurğuya elektrik qoşdu və nəticədə yaşıl işıq yarandı. Lakin işıq salan heç də katod borusu yox, üzərində kimyəvi preparat olan kağız lövhə idi. Alim dərhal bu işğın hamımızın bildiyi işıq deyil, fərqli, xüsusi təbiətə malik şüalar olduğunu müəyyən etdi və öz yazılarında onları “X-şüalar” kimi qeyd etdi.
Vilhelm Rentgen yeni hadisəni diqqətlə araşdırmağa başladı. O, müxtəlif materiallardan düzəldilmiş əşyaları fotoqrafik lövhənin qarşısına yerləşdirərək, onları işıqlandırırdı. X-şüalar bəzi əşyalardan asanlıqla keçir, bəzilərində isə maneələrlə üzləşirdi. Nəticədə, Rentgen həyat yoldaşından ona laboratoriyada kömək etməsini xahiş etdi.
İlk rentgen təsvirlərinin yaranma sxemi
Anna X-şüalar haqqında öyrənən ilk adam idi. O, ərinin tədqiqatlarını hər cür dəstəkləyir və hətta Vilhelm əlini “işıqlandırması” üçün 15 dəqiqə ərzində əlini hərəkətsiz saxlamağa razılaşdı. Rəvayətə görə, eksperiment nəticəsində alınmış şəkili görən Anna “Mən öz ölümünü gördüm!”, – deyə söyləmiş və ondan sonra heç vaxt ərinin çalışdığı laboratoriyaya ayaq basmamışdı.
Məşhur alman fizikinin həyat yoldaşı Anna Rentgen
Vilhelm Rentgen laboratoriyada
Anna Rentgenin “Üzüklü əli”: insanın ilk rentgen təsviri, 1895
Bu qadının öz sümüklərini görməyə hazır olmadığı təəccüb doğurmur. Amma Vilhelm Rentgen bu təcrübələrin üzərində keçirilməsinə şübhəsiz razı olacaq adam tanıyırdı. O, hesabatının və təcrübədən alınmış bir neçə təsvirin surətini çıxarıb, bir neçə avropalı fizikə göndərdi.
Onlardan biri Mançester universitetindən olan Artur Şuster idi. Britaniyalı Şuster fizikanın müxtəlif sahələrində tədqiqatlarla, həmçinin maqnetizm, spektroskopiya, astronomiya və s. bu kimi elmlərlə məşğul olurdu. O, 1896-cı ildə rentgen şüalarının kəşfi haqqında xəbər aldıqda, dərhal öz laboratoriyasında eksperiment keçirərək, qurbağanın, öz əllərinin, əl-ayaq oynaqlarının və hətta altı yaşlı oğlunun ayaqlarının rentgenoqramını çıxardı. Şuster bu kəşfin tibb üçün son dərəcə əhəmiyyətli olduğunu dərhal anladı. Şəkillərdən birində hətta insan beyinində ilişib qalmış güllənin təsviri əks olunmuşdu.
Həkim pasiyentin döş qəfəsinin rentgenoqramına baxır, XX əsrin əvvəli
1896-cı ilin rentgenoqramında sınıq sümüyü bitişmiş qurbağa görünür (ayağının yuxarı hissəsindəki qalınlaşma)
1896-cı ildə altı yaşlı Leonard Şusterin ayağı
Məhz potensial tibbi tətbiqinə görə Vilhelm Rentgen X-şüaları patentləşdirməkdən çəkindi. Texnologiya, həqiqətən də, qısa zamanda qabaqcıl həkimlər cəmiyyətinə sirayət etdi.
Bundan əlavə, XX əsrin başlanğıcında öz bədənini öyrənmək imkanı insanların ürəyincə oldu. Müştərilərə əllərinin sümüklərini görmək imkanı yaradan bir sıra “oyun avtomatlarının” olması da məlumdur. Katod borusu ilə reaktivlərin satışı sərbəst idi və həvəskar-fiziklər müstəqil surətdə “işıqlandırma” qurğuları yaradırdı. Bir kişi hətta arvadının sınıq ombasının təsvirinin çıxarılması xatirinə 10 saatlığına onu hərəkətsizləşdirmişdi.
Zamanla X-şüaların görünməz olduqlarına rəğmən, heç də zərərsiz olmadığı aydınlaşdı. Ombası sınmış qadın çoxlu sayda yanıq xəsarətləri almış, digər pasiyentlər saç tökülməsi və xora kimi xəstəliklərdən əzab çəkirdi. Tomas Edisonun laboratoriyasından olan rentgen texnikinin məruz qaldığı radiasiyanın səviyyəsi o dərəcədə yüksək idi ki, hər iki əli amputasiya olundu. Təəssüf ki, həmin kişi əməliyyat olunmasına baxmayaraq, 39 yaşında dəri xərçəngindən dünyasını dəyişdi.
Vilhelm Rentgenə fizika üzrə Nobel mükafatının verilməsi haqqında sertifikat (şəhadətnamə), 1901-ci il
Bununla belə, X-şüaların kəşfi elmdə böyük bir addım olmaqla, fizika, kimya, tibb kimi elmlərin yeni sahələrinin öyrənilməsinə təkan verdi. 1901-ci ildə Vilhelm Rentgen tədqiqatlarına görə Nobel mükafatını aldı. Şüalarla onların ölçü vahidinə də onun adı verildi.
Radioaktivliyi tədqiq etməyə davam edən digər alimlər təkcə bir-birinə olan sevgiləri ilə deyil, həm də elmi tədqiqatlara olan dərin təəşşüqləri ilə vəhdət təşkil edən iki dahi şəxsiyyət Mariya Sklodovskaya ilə Pyer Küri idi.