Çərşənbə axşamı, noyabrın 7-də atası tərəfindən zorla İstanbulda saxlanıldığını iddia edən 15 yaşlı rusiyalı məktəbli qız vətəninə qayıtdı.
Onun sözlərinə görə, atası onu başlıq pulu qarşılığında ərə verməyi planlaşdırırdı. Bu hadisə qızın intihar təhdidlərindən sonra ictimaiyyətdə geniş yayılaraq, Rusiya Federasiyasının İstintaq Komitəsinin (İK) diqqətini çəkdi. Hazırda bu məlumatlar hüquq-mühafizə orqanları ilə Uşaq Hüquqları üzrə müvəkkil tərəfindən yoxlanılır.
Bununla bərabər, bir çox hallarda 14-15 yaşına çatmamış uşaqların valideynlərinin basqısı ilə erkən nikahlar qurmaları, həmçinin ailədə zorakılığa məruz qalmaları kimi hallar bütün dünyada kəskin problemlərdən sayılır. Eyni zamanda kifayət qədər firavan ölkələrdə dünyaya gəlmiş uşaqlar da bu kimi hallardan sığortalanmayıb.
Publika.az öz ailəsinin əsirinə çevrilmiş bir neçə yetkinlik yaşına çatmamış uşağın həyat hekayəsi ilə oxucuları tanış edir.
Atadan xilasolma
Atasının 15 yaşlı rusliyalı qız uşağını zorla Türkiyədə saxladığı noyabr ayının əvvəllərində bəlli oldu. Qız Türkiyədə zorla saxlanıldığını, atasının onu başlıq pulu qarşılığında ərə verməyi planlaşdırdığını söylədiyi, həmçinin intihar edəcəyini bildirdiyi videomüraciəti təhsil aldığı dini məktəbdəki sinif yoldaşına ötürüb. Hekayə dərhal jurnalistlərin, Rusiyanın hüquq-mühafizə orqanlarının və Anna Kuznetsovanın uşaq ombudsmanı aparatının əməkdaşlarının diqqətini çəkdi.
Qızın atasının fotosu.
KİV-in yayımladığı məlumatlara görə, qızın valdeynləri bir neçə il əvvəl boşanmış, atası islam dinini qəbul etmiş və yenidən ailə quraraq, Türkiyəyə köçmüşdü. Məktəbli qız anası ilə Sankt-Peterburqda yaşayırmış. 2016-cı ildə qızın anası vəfat etmiş və qız nənəsinin himayəsində qalmışdı. 2017-ci ilin yayında qız atasıgilə yay tətili müddətinə qonaq getmək qərarına gəlmiş, lakin artıq ondan sonra vətəninə qayıda bilməmişdi.
Məktəbli qızın sözlərinə görə, atası bütün sənədlərini və mobil telefonunu əlindən alaraq, onu dini məktəbə yazmış və çadraya bürünməyi məcbur etmişdi. Uşaq ombudsmanının məlumatına görə, oktyabr ayında məktəbli qız bir sinif yoldaşının köməyi ilə Rusiyada yaşayan nənəsilə xalasına atasının yeni ailəsində döyüldüyünü bildirdiyi ismarıc yollamışdı. Nənəsigil İstanbula gələrək, gizli şəkildə qızı məktəbdən aparıblar. Atası Türkiyənin uşaq polisinə ərizə ilə müraciət etdikdən sonra, qız yaxınları ilə birgə Rusiya diplomatik missiyası ərazisində qalmağa məcbur olub.
Tezliklə atanın qızının Türkiyəni tərk edərək, Rusiyaya qayıtmasına razılıq verdiyi məlum oldu. O, noyabrın 7-də vətənə qayıtdı. Rusiya İK-sində qızın Türkiyədəki həyat şəraiti ilə bağlı bütün təfərrüatları, o cümlədən sosial şəbəkələrdəki yazışmalarını nəzərdən keçirməyi planlaşdırdıqlarını bildirdilər. Məktəbli qızın atasına qarşı artıq yetkinlik yaşına çatmamış şəxsin intihara vadar edilməsi təqsiri ilə cinayət işi açılıb, onun həmçinin tərbiyə etmək hüququndan məhrum edilməsi nəzərdə tutulur. Hazırda vəziyyət İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinlə Sankt-Peterburq Uşaq ombudsmanı Svetlana Aqapitovanın nəzarətindədir.
Qızın atası, öz növbəsində, valideyn hüquqlarını müdafiə etmək üçün qızının dalınca Rusiyaya gəlmək niyyətində olduğunu söyləyib. Jurnalistlərə davranışını qızının Rusiyada yaşayarkən, “əxlaqsız həyat tərzi” sürdüyünü düşünməsi ilə izah edib.
«Bu nikahdan qurtuluş mənim həyatımı xilas etdi»
Uşaqların nikahları ilə bağlı problem inkişaf etməkdə olan ölkələrdə ən aktual problemlərdən sayılır. Lakin firavan dövlətlərin də sakinləri bu kimi hallardan sığortalanmayıb. Belə ki, Böyük Britaniyada övladlarını zorla evləndirən və ya ərə verən valideynlər üçün nəzərdə tutulan cəza məsuliyyəti yalnız 2012-ci ildə tətbiq olunub. Düzdür, həmin zamana qədər ölkədə artıq bir neçə il idi ki, bu problemlərlə məşğul olan xüsusi bir şöbə fəaliyyət göstərirdi: sözügedən idarənin məlumatlarına görə, 2011-ci ildə valideyn özbaşınalığının ən gənc qurbanı beş yaşlı qız olub.
2015-ci ildə “The Guardian” qəzetində gəncliyində zorla evliliyə məcbur edilən bir qadının anonim məktubu dərc olundu. Məktub hadisədən on il sonra yazılmışdı. On il öncə britaniyalı qız ərə verilərək Hindistana göndərilmişdi. Məktubda o, anasına valideynlərinin basqısı altında ailə qurduğunu xatırlatmış, anasının onu evlənməyə məcbur etdiyi əsas bəhanələrdən biri kimi intihar edəcəyi ilə hədələməsini bildirmişdi.
“O günlə bağlı heç nə xatırlamıram, yalnız o ərəfələrdə özümü pis hiss etdiyim və möhkəm arıqladığım yadımdadır. Sənin yadındadırmı? Sonralar mənə travmasonrası sinir pozğunluğu diaqnozu qoyuldu, odur ki, xoşbəxtlikdən şüurum özü mənim üçün son dərəcə ağır olan xatirələri yaddaşımdan “pozdu”. Yalnız onu xatırlayıram ki, nikahımız Hindistanda iki yüz nəfərdən artıq qonaq-qaralı möhtəşəm bir hadisə olmuşdu”.
Bu nikah cəmisi 10 gün davam etdi – ondan sonra məktubun müəllifi Londona qaçmış və nikahın ləğv edilməsinə artıq Britaniyanın paytaxtında müvəffəq olmuşdu. Sonralar o, qadın hüquqlarını müdafiə edən hərəkatın fəal üzvlərindən birinə çevrildi, lakin, məktubda qeyd edildiyi kimi, buna uzun illərin terapiyasından sonra müvəffəq olub. Məktubda deyilir: “Bu nikahdan qurtuluş həyatımı xilas etdi”. Qadın bir daha valideynləri ilə görüşmədi.
Dərsdən sonrakı toy
Məcburi nikahlar ABŞ-da da problem olaraq qalmaqdadır. Bütün dünyada olduğu kimi, uşaq hüquqlarının müdafiəsi uğrunda hərəkatlara, əsasən, özləri vaxtilə valideyn basqısının qurbanına çevrilmiş adamlar qoşulur. Bu baxımdan, bu ilin iyun ayında 1983-cü ildə zorla ərə verilən Trevisiya Uilyamsın hekayəsi məlum oldu. Nikaha vadar ediləndə, cəmisi 14 yaşı var imiş. Həmin gün, Trevisyanın sözlərinə görə, o, yalnız məktəb tamaşasında rol almaq barədə düşünürmüş. Məktəbdən çıxdıqda isə anası onu evə yox, evlənmə haqqında sənədləri imzalamaq üçün məhkəməyə aparıb.
“Sən bu gün ərə gedirsən”, – deyə əlində kitab-dəftəri ilə məktəbdən çıxan qızın anası dedi. Beləliklə, qızcığazı uşaqlığından ayıran məhkəmə binasına çatmaq üçün tələb olunan cəmisi 45 dəqiqəlik yol idi.
Potensial nişanlı həm də daimi işi olmayan 26 yaşlı birisi idi. Qızın yetkinlik yaşına çatmadığını nəzərə alaraq, ona qarşı göstəriləcək hər hansı bir yaxınlıq qanun nöqteyi-nəzərindən təcavüz (zorlama) cəhdləri kimi təsnif edilə bilərdi. Qanunlara bu şəkildə göz yummaq təşəbbüsü əksər hallarda yetkinlik yaşına çatmayanlarla qeyri-bərabər nikahlar qurmaq cəhdindəki əsas amillərdən biridir.
Bütün sənədləri qızın əvəzinə anası imzalayıb. Ciddi tərbiyə mühitində böyümüş Trevisiyanın valideynlərinə etiraz edə biləcəyi ağlasığmaz idi. Bir ildən sonra, 15 yaşında ikən, o, hamilə qaldı. Özü 16, qızı təxminən bir yaşında olanda isə əri 21 yaşlı qonşuları qızın şikayəti əsasında təcavüz təqsiri ilə məhkum edildi. Lakin o halda da qız boşanma üçün müraciət edə bilmədi – qanuna görə, lazımi sənədlərin rəsmiləşdirilməsi üçün 17 yaşının tamam olunmasını gözləməli idi. Ondan sonra tənha ana olan Trevisiya yerli həbsxanada işə düzələrək, addım-addım öz azadlığını bərpa etməyə başladı. Gündüzlər çalışdı, gecələr isə hüquq kollecini bitirmək üçün dərs oxudu. Hazırda hüquqşünas fəaliyyəti göstərən 50 yaşlı qadın “Mən öz həyatımı geri aldım” deyir.
Həbsxana olan ev
Bir çox valideynlər çoxsaylı erkən nikahları əsrlərlə qorunub-saxlanan ənənələrlə və uşağın gələcəyinə qayğı göstərilmələrilə izah etsə də, valideynlərin sırf şəxsi fikirləri ilə inanclarına əsaslanaraq, öz övladlarını əsir etdikləri hallar da az deyil. 2016-cı ilin sonunda Kemerovo vilayətində yetkinlik yaşına çatmayanların işi üzrə inspeksiyanın əməkdaşları bir qızı, sözün həqiqi mənasında, valideyn evindən xilas etdi.
Hadisədən az əvvəl yerli məktəblərin birində təhsil alan qızın uzun müddət məktəbə gəlməməsi müəllimlərin diqqətindən yayınmamışdı. Məsələni aydınlaşdırmaq üçün uşağın valideynlərilə əlaqə saxlamağa çalışsalar da, onlar müəllimlərlə danışmaqdan imtina ediblər. O halda məktəb işçiləri yetkinlik yaşına çatmayanların işi üzrə komissiyaya müraciət ediblər. Polis əməkdaşlarının müşayiəti ilə məktəbli qızın evinə gələn Qəyyumluq şöbəsinin müfəttişləri ilə nümayəndələri içəriyə yalnız qızın atası ilə uzunsürən danışıqlardan sonra daxil ola biliblər və Daxili İşlər Nazirliyinin regional Dövlət İdarəsinin mətbuat xidmətində çalışan jurnalistlərə verilən məlumata görə, qızın atası aqressivlik ifadə edərək, qapını açmaqdan imtina edirmiş.
Evdə yoxlanış keçirməyə nail olunduqda, qızın bütün o müddət ərzində dörd divar arasında saxlanıldığı məlum olub. Valideynləri uşağı təcrid etmək qərarlarını qızlarının “ətraf aləmlə qarşıdurmada” olduğunu düşündükləri ilə izah ediblər. Qonşularda şübhə doğurmamaq üçün evin qapısına böyük bir kilid vuran valideynlər özləri içəriyə pəncərədən daxil olurmuş. Qızcığaz azad olunduqdan dərhal sonra xəstəxanaya göndərilmiş, atası ilə anasının isə valideyn hüquqlarının məhdudlaşdırılması üçün məhkəməyə ərizə verilmişdi. Uşağın sonrakı taleyi haqqında heç bir məlumat yoxdur.
20 il yerin altında
Ən dəhşətli “ailə” hekayələrindən biri isə 2008-ci ildə Avstriyada üzə çıxmışdı – o vaxt bütün dünya öz qızını uzun illər yeraltı bunkerdə saxlayan 73 yaşlı ahıl avstriyalı Yozef Frittslin işi üzrə istintaqı təqib edirdi.
2008-ci ildə o, yerli xəstəxanaya gətirdiyi 19 yaşlı Kerstini uzun illər öncə itkin düşmüş qızının övladı kimi təqdim edib. Kerstinin əziyyət çəkdiyi xəstəlik ciddi olduğundan, həkimlər anasının da gəlməsini tələb etmişdi, qızın hər hansı tibbi tarixçəsinin olmaması da onlarda şübhə yaratmışdı. Bütün bunlar polisin diqqətini cəlb etdi – hələ 1980-ci illərin ortalarında hüquq-mühafizə orqanlarının əməkdaşlarının Frittslin itkin düşmüş kiçik qızı Elizabetin axtarışları nəticə verməmişdi. Frittslin qızı Elizabetin onunla əlaqə qurduğunu və ondan sonra bir neçə uşağını atasının öhdəsinə buraxdığını söylədiyindən sonra axtarışlar dayandırılmışdı.
2008-ci ildə Frittsl Elizabetin hərəkətini dini məzhəblərdən birinin üzvü olması ilə izah etməyə çalışdıqda, dini ayinlər üzrə ekspertlərdən biri onun bəhanə gətirdiyi əfsanəsini şiddətli şəkildə tənqid etmişdi. Nəticədə Frittsl qızını Kerstinin müalicə aldığı xəstəxanaya gətirmək məcburiyyətində qaldı. Bundan dərhal sonra Frittsl həbsə alınmış, qızı Elizabet isə polis tərəfindən ondan təcrid olunmuşdu. Atasının evinə bir daha heç vaxt dönməyəcəyinə dair söz verildikdən sonra Elizabet 1984-cü ildən bəri atasının onu həyat yoldaşı və qayınanası ilə birgə yaşadıqları evin zirzəmisində saxladığını bildirmişdi. Həmçinin Elizabet tez-tez şiddətli zorakılığa məruz qaldığını da söyləmişdi. Çox keçmədən keçirilən genetik müayinənin nəticələri Elizabetin dünyaya gətirdiyi yeddi uşağın hamısının atasının Frittslin özü olduğunu təsdiqləmişdi. 2009-cu ildə Yozef Frittsl ömürlük həbs cəzasına məhkum edildi.