Ermənistanın Avropa İttifaqı ilə "Şərq Tərəfdaşlığı" təşəbbüsü çərçivəsində əhatəli əməkdaşlıq razılaşması imzalamasının Rusiya telekanallarında, ekspert çevrələrində "siyasi fahişəliklə" müqayisə olunması erməni çevrələrini bərk qəzəbləndirib.
Mynews.az virtualaz.org-a istinadən xəbər verir ki, bu gün Rusiya Erməniləri İttifaqı bəyanatla çıxış edərək hakimiyyət dairələrini "Ermənistanın əleyhinə təbliğat aparan satqın jurnalistləri" efirdən kənarlaşdırmağa çağırıb.
İttifaq bildirir ki, Rusiyanın müəyyən dairələrində Ermənistanın Aİ ilə razılaşma imzalaması siyasi kursun dəyişməsi kimi təqdim olunur. "Əgər bu bədnam ekspertlər tənbəllik etməyib həmin razılaşmanı oxusaydılar görərdilər ki, Ermənistan Avrasiya İttifaqı və müttəfiqləri qarşısında götürdüyü bütün öhdəliklərə sadiq qalır"-bəyanatda bildirilir.
Rusiya Erməniləri İttifaqı hesab edir ki, "məsuliyyətsiz jurnalistlər və siyasətçilər" öz hərəkətləri ilə Ermənistan cəmiyyətində və Rusiya erməniləri arasında narazılıq dalğası yaradıb.
"Biz ola bilsin göstərilən KİV-lərə təsir imkanları olan hakimiyyət strukturlarını çağırırıq ki, efirdən satqın jurnalistləri, siyasətçiləri və bədnam ekspertləri kənarlaşdırsın. Onların mövqeləri Rusiya cəmiyyətində əks-səda yaratmır. İlk növbədə onlar bivecliyi və şüurlu dezinformasiyanı tirajlayaraq bizim qardaş xalqlar arasında fikir ayrılıqları yaradırlar"-bəyanatda deyilir.
Xatırladaq ki, Rusiyanın NTV kanalı Ermənistanın Aİ ilə əməkdaşlıq sazişi imzalamasını geniş müzakirəyə çıxarıb. Bu zaman aparıcı Ermənistanı əri olduğu halda özünə gənc sevgili tapan gəzəyən qadına bənzədir.
Bundan əvvəl isə Rusiya Müdafiə Nazirliyinin "Zvezda" telekanalı Ermənistanın Aİ ilə razılaşma imzalaması mövzusu ilə bağlı süjetində İrəvanda faşist Garegin Njdeyə abidə qoyulmasına toxunub, Ermənistan rəhbərliyinin faşist Njdenin yolu ilə getdiyini bildirib.
Rusiya Erməniləri İttifaqına bu ölkədəki erməni diasporunun ən güclü adamı hesab edilən milyarder Ara Abramyan başçılıq edir. Onun Kremllə sıx münasibətləri var.