KXDR cənub qonşusunun gələn həftə yüksək səviyyəli danışıqların keçirilməsi təklifini qəbul edib.
Mynews.az xəbər verir ki, bu barədə “Yonhap News Agency” Cənubi Koreyanın Birləşmə Məsələləri üzrə Nazirliyinin rəsmisinə istinadən məlumat yayıb.
Məlumata görə, söhbət rəsmi Seulun gələn çərşənbə axşamı danışıqların aparılması ilə bağlı son təklifindən gedir.
Danışıqlarda Şimali Koreyanın Pxençxanda keçiriləcək Qış Olimpiya Oyunlarında potensial iştirakı məsələsi, həmçinin iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması yolları müzakirə olunacaq.
“Hər iki tərəf danışıqlarda gündəmə çıxarılacaq məsələlərin sənəd mübadiləsi yolu ilə müzakirəsi ilə bağlı ortaq məxrəcə gəlib”, – deyə Cənubi Koreya nazirliyinin rəsmisi bildirib.
Xatırladaq ki,bir müddət əvvəl KXDR və Cənubi Koreya hökumət nümayəndələri Şimali Koreyanın 2018-ci ildə Pxençxanda keçiriləcək Qış Olimpiya Oyunlarında mümkün iştirakı ilə bağlı telefon danışığı aparmışdı.