İnsan haqlarının cəmiyyətin dirəyi sayıldığı Estoniyada hökumət BMT İnsan Haqları Komitəsinin qərarına məhəl qoymur. Bunu necə başa düşmək olar, ikili standartlar, yoxsa?
Ədalətsiz olaraq mühakimə olunan və eston həbsxanasında 10 il 50 gün cəza çəkən azərbaycanlı iş adamı Əhliman Zeynalov azadlığa çıxıb.
Mynews.az bildirir ki, bu barədə Oxu.Az-a vəkil Cavanşir Süleymanov məlumat verib.
Yanvarın 5-də Virus qəza məhkəməsi Əhliman Zeynalovun vaxtından əvvəl azadlığa buraxılması və vətəninə deportasiya olunması ilə bağlı qərar çıxarıb.
Qeyd edək ki, 31 mart 2010-cu ildə Xaryus qəza məhkəməsi Zeynalovu 14 il 6 ay müddətinə azadlıqdan məhrum edib. O, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətdə iştirak etməkdə təqsirli bilinib. Məhkəmənin cəzası bununla bitməyib. Əlavə olaraq 736 111,3 avro məbləğində cərimə haqqında qərar qəbul olunub.
Zeynalov daha əvvəl 2007-ci ildə saxlanılıb.
28 mart 2016-cı ildə Dövlət Dəstək Xidməti Mərkəzi Virus qəza məhkəməsinə 497 285, 82 avro məbləğində cərimənin ödənilməmiş hissəsinin həbslə əvəzlənməsi üçün vəsatət qaldırıb. Virus məhkəməsi vəsatəti təmin edərək, 2 il 9 ay 4 gün müddətinə həbs qərarı çıxarıb.
Daha sonra 16 fevral 2017-ci ildə dövlət məhkəməsinin cinayət məsələləri üzrə kollegiyası Virus və Tartus qəza məhkəmələrinin qərarlarını qismən ləğv edərək, Zeynalov barəsində ümumilikdə 14 il 6 ay müddətinə azadlıqdan məhrumetmə qərarı çıxarıb. Cəza müddəti 3 iyun 2022-ci ildə bitməlidir.
Bu arada, Virus məhkəməsi Zeynalovun nümunəvi davranışını nəzərə alaraq, vaxtından əvvəl şərti azadlığa buraxılması haqqında qərar çıxarıb. Ancaq bu məsələdə ən vacib məqam Azərbaycan vətəndaşının heç nədən dəmir barmaqlıqlar arxasına göndərilməsidir. Sən demə, Estoniya hüquq-mühafizə orqanı əməkdaşları qanuna tabe olan nümunəvi vətəndaşların hüquqlarını pozur. Halbuki Estoniya insan haqlarının cəmiyyətin dirəyi olduğu bir dövlət kimi tanınır.
Məlum olduğu kimi, Dağlıq Qarabağda doğulmuş Zeynalov Estoniyaya hələ 1986-cı ildə köçüb. Orada ailə həyatı qurub, qız övladı dünyaya gəlib.Tallində üç restoranı olub. Dostları və həmkarları arasında hörmət sahibi olub, aktiv sosial həyat tərzi keçirib.
2007-ci ildə uğurlu biznesmen Zeynalov Tallin aeroportunda, uçuş ərəfəsində saxlanılıb. Polis narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan beynəlxalq dəstənin iddia olunan başçısı kimi uzun müddət onu izləyib.
Saxlanılmasına əsas narkotik vasitə satışına görə əvvəllər məhkumluğu olan Estoniya vətəndaşı Marqo Mitalın verdiyi ifadə olub. Mitalın cinayətkar fəaliyyətini guya Estoniyadakı rus icmasının nümayəndəsi, biznesmen Roman Vaşenko və Əhliman Zeynalov maliyyələşdirib. Həbs olunan Vaşenko və Zeynalov narkotiv vasitələrin dövriyyəsi ilə bağlı ittihamları qəti şəkildə rədd edib. Onlara qarşı aparılan cinayət araşdırmasının isə Estoniyanın “KAPO” siyasi polisi ilə əməkdaşlıqdan imtina etdiklərinə görə bir qisas aktı kimi qələmə verib.
Baxış zamanı narkotik aşkarlanmayıb, narkotiv vasitələrin satışı ilə məşğul olan şəxslərin Əhliman Zeynalov və Roman Vaşenko ilə görüşməsi ilə bağlı iddiaları da öz təsdiqini tapmayıb, əksinə, bu iddiaları rədd edib. İş üzrə aparılmış bütün araşdırmaların nəticələri Zeynalov və Vaşenkonun günahsız olduğunu, deyilənlərin isə böhtan olduğunu ortaya çıxarıb.
2007-2010 illər ərzində həbsdə olan zaman “KAPO” Zeynalov və Vaşenko ilə əməkdaşlıq etmək istəyib.
İstədiyi nəticəni əldə edə bilməyən “KAPO” işi Xaryus qəza məhkəməsinə ötürüb, həmin məhkəmədə Zeynalov 14,5 il, Vaşenko isə 9 il müddətinə azadlıqdan məhrum edilib.
Qərarda yalnız Marqo Mitalın verdiyi ifadələr əsas götürülüb, heç bir sübut ortaya qoyulmayıb.
“Həbsdə olduğu müddətdə Zeynalov eston dilini öyrənib, qiyabi olaraq Mainor İqtisad Universitetini bitirib, gec-tez öz günahsızlığını sübuta yetirəcəyinə, layiqli adını bərpa edəcəyinə və ikinci vətəni saydığı Estoniyada qalacağına ümid edir”, – deyə vəkil bildirib.
Bu arada, BMT İnsan Haqları Komitəsi həmin prosesdə Zeynalovun ədalətli məhkəmə araşdırması hüququnun pozulduğunu müəyyən edib. Təqsirləndirilən şəxsin özünə vəkil seçməsinə imkan verilməyib, Zeynalovun azərbaycanlı vəkili prosesdən kənarlaşdırılıb. Zeynalovun təklif etdiyi digər iki vəkilin apellyasiya prosesində iştirakına icazə verilməyib.
Bununla əlaqədar, BMT-nin İnsan Haqları Komitəsi 4 noyabr 2015-ci ildə iş üzrə məhkəmə araşdırmasının ədalətsiz olduğu, Zeynalovun qanunsuz olaraq mühakimə olunması və hüquqlarının kobudcasına pozulması haqqında 2040/2011 saylı qərar qəbul edib.
BMT komitəsi Estoniyanın aidiyyəti qurumlarının üzərinə Əhliman Zeynalova təzminat vermək, Komitənin qərarı haqqında ictimaiyyəti eston və rus dillərində geniş şəkildə məlumatlandırmaq və qəbul olunan ölçülər barədə 180 gün ərzində BMT-yə məruzə etmək öhdəliyi qoyub. Estoniya mülki və siyasi hüquqlar üzrə beynəlxalq Pakta və BMT İnsan Haqları Komitəsinin səlahiyyətlərinin tanınması haqqında fakültativ protokola qoşulduğundan, respublika üçün bu təşkilatın çıxardığı qərar icbari xarakter daşıyır. Zeynalovun pozulmuş hüquqları tam şəkildə bərpa edilməlidir, belə ki, yol verilən qanun pozuntuları onu ədalətli məhkəmə prosesindən məhrum edib, əsaslandırılmamış şəkildə mühakimə olunmasına yol açıb.
Habelə, BMT komitəsinin qərarının icrası üzrə normal müddətlər çoxdan bitib, Estoniyanın aidiyyəti qurumları indiydək Birləşmiş Millərlər Təşkilatının yuxarıda qeyd olunan qərarını icra etməyib.