Rusiyanın Zabaykalski diyarında Azərbaycan vətəndaşı qanunsuz olaraq külli miqdarda qiymətli metal saxladığına görə mühakimə olunub.
Müttəhim Kalar rayonuna iş tapmaq məqsədilə gəlib. Kuanda qəsəbəsi ərazisində içində şlix konsentrantlı mədəndən çıxarılmış qiymətli metalların – qızıl və gümüşün olduğu polimer paket aşkarlayıb. Müvafiq icazəsi olmadan o, üç milyon rubl dəyərində olan qiymətli metalları özündə saxlayıb.
Mynews.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Zabaykalski diyarının məhkəmə departamentinin mətbuat xidməti məlumat yayıb.
Həmin şəxsə qarşı cinayət işinə xüsusi qaydada baxılıb. Məhkəmə iclasında müttəhim irəli sürülmüş ittihamla tam razılaşaraq, təqsirli olduğunu və peşmançılıq keçirdiyini bildirib. Kalar rayon məhkəməsi onu təqsirli bilib.
Kimliyi açıqlanmayan Azərbaycan vətəndaşı iki il müddətinə şərti olaraq azadlıqdan məhrum edilib. İki illik sınaq müddəti təyin olunub. Məhkəmə qərarının hələlik qanuni qüvvəyə minmədiyi bildirilir.