ABŞ bu ölkənin sanksiya siyahısına düşmüş Rusiya şirkətləri ilə “strateji müqavilələr” bağlayacağı təqdirdə bir sıra ölkələrin hökumətləri və özəl şirkətlərinə qarşı potensial sanksiyaların qəbul olunacağı ilə bağlı xəbərdar edib.
Mynews.az bu barədə Ermənistanın “Aykakan jamanak” qəzetinə istinadən məlumat verir.
“Rusiyaya qarşı təzyiq göstərməklə, konqres Rusiyanın Ukraynaya qarşı təcavüzü, digər ölkələrin daxili işlərinə müdaxilə etməsi və insan haqlarını pozması ilə bağlı narahatlıq ifadə edir.
Digər ölkələrin hökumətləri və özəl şirkətləri xəbərdar edilib ki, siyahıya düşən Rusiya şirkətləri ilə strateji müqavilələr bağlansa, onlara qarşı sanksiyaların tətbiqi mümkündür”, - deyə ABŞ-ın İrəvandakı səfirliyindən “Aykakan Jamanak” erməni qəzetinə verilən açıqlamada bildirilir.
2017-ci ilin dekabr ayında Ermənistan prezidenti Serj Sarkisyan Rusiya silah-sursatının alınması üçün Ermənistana 100 milyon dollar məbləğində hərbi kreditin ayrılması haqqında Rusiya ilə bağlanmış sazişin ratifikasiyası haqqında qanun imzalayıb.
Bundan əvvəl Moskva, Rusiya silahları ilə təchizatın maliyyələşdirilməsi üçün Ermənistana 200 milyon dollar həcmində dövlət ixracat krediti ayırıb.
“Sanksiya tətbiq olunsa, bu sanksiyalar başlıca olaraq, Rusiyanın hərbi-kəşfiyyat sahəsi ilə strateji müqavilələr bağlamış qeyri-Rusiya şirkətlərinə yönələcək. Bu sanksiyaların hədəfi Rusiyanın öz hərəkətlərinin cəzasını çəkməsidir.
Digər ölkələrin hərbi-kəşfiyyat avadanlıqlarını alma imkanlarını məhdudlaşdırmaqla, Rusiyanı satışdan əldə olunan gəlirlərdən məhrum edirik, o gəlirlər ki, Rusiyanın neqativ təsir və sabitliyi pozmaqla bağlı beynəlxalq kampaniyanı davam etdirməsi üçün istifadə oluna bilər”, - deyə səfirliyin açıqlamasında qeyd olunur.
Ermənistan Müdafiə Nazirliyi məsələyə münasibət bildirməkdən imtina edərək, jurnalistləri Xarici İşlər Nazirliyinə yönləndirib.
Ermənistan XİN mətbuat katibi Tiqran Balayan “Yerevanın tərəfdaş ölkələrlə əməkdaşlığı yüksək qiymətləndirdiyini” bildirib.
Ermənistan maliyyə naziri Vardan Aramyan isə qəzetə verdiyi açıqlamada sanksiya riskinin mövcud olduğunu etiraf edib.
“ABŞ-ın qlobal iqtisadiyyata çox böyük təsir gücü var və onların sanksiya qəbul edərkən digər ölkələrlə hesablaşmalı olduğunu düşünmək düzgün deyil. ABŞ hətta Avropa ölkələri ilə də hesablaşmır”, - deyə Aramyan bildirib.
“Belə bir situasiya yaransa, biz danışıqlar masasına əyləşib, söhbət aparmalıyıq, ona görə ki, bir vaxtlar İrana qarşı beynəlxalq sanksiyalar qüvvədə olan dönəmlərdə oxşar vəziyyət yaranmışdı. Risklər hər zaman mövcuddur”, - deyə Ermənistanın maliyyə naziri bildirib.