ABŞ-ın Florida ştatının Parklend şəhər məktəbində odlu silahla məktəbliləri qanına qəltan etmiş Nikolas Kruz hücumun səbəbini polis müstəntiqlərinə açıqlayıb.
Mynews.az xəbər verir ki, bu barədə “ABC News” məlumat yayıb.
Dindirilən zaman cinayətkar səslər eşitdiyini və həmin səslərin onu cinayətə sövq etdiyini dilə gətirib.
19 yaşlı cinayətkarı tanıyanların hər biri onun özünü tənha hiss edən problemli yeniyetmə olduğunu bildirib. Ögey anasının ölümündən sonra onu qəyyumluğa götürən ailənin vəkili Nikolasın kəskin depressiyadan əziyyət çəkdiyini və psixoterapevtin qəbulunda olduğunu açıqlayıb. Ancaq sonradan seanslar dayandırılıb.
Məktəbin hərbi kafedrasında onunla birgə dərslərdə iştirak etmiş Kruzun tanışı onu silah düşkünü və psixopat kimi qələmə verib.
Bundan əvvəl verilən xəbərə görə, Kruz “Instagram” səhifəsində tapança və bıçaqla poz verdiyi fotoşəkillərini paylaşıb. Məlumata görə, 19 yaşlı cinayətkar şəkillərlə bağlı yazılarında müsəlmanları məsxərəyə qoyub, atışmanın “qruplu terapiya” olduğunu bildirib.
Qeyd edək ki, Florida orta məktəbində qətliam fevralın 14-də törədilib. Hadisə nəticəsində 17 nəfər həlak olub, azı 14 nəfər yaralanıb. Qurbanların sayının artacağı istisna edilmir. Yaralılardan üçü reanimasiyadadır.
Hal-hazırda həbsdə olan cinayətkara qarşı 17 nəfərin qəsdən öldürülməsi ittihamı ilə cinayət işi açılıb. Polis onun qətliamı təkbaşına törətdiyini bildirir.