Əsəd rejimi ilə idarə olunan həbsxanalarda yaşanan vəhşiliyi danışan qadınlar dünya mediasının marağına səbəb olub. Həbsxanada saxlanılan məktəbli qıza 6 nəfər birdən təcavüz edib.
Mynews.az publika.az-a istinadən xəbər verir ki, Suriyada Bəşər Əsəd rejiminin həbsxanalarında qanunsuz olaraq saxlanılan, işgəncə görən və təcavüzə məruz qalan qadınlar gördüklərini jurnalistlərə danışıb. Rejimin nəzarətindəki həbsxanalarda qanunsuz şəkildə, heç bir mühakimə olunmadan 7900 nəfər qadın saxlanılır.
Suriya İnsan Hüquqları Şəbəkəsinin yayımladığı məlumata görə, qeydiyyat altına alınan həbsxanalarda döyüşən tərəflərə aid nəzarət mərkəzlərində ən az 8633 nəfər qadın saxlanılır.
Məlumatlarda həmin həbsxanalarda Əsəd rejimi tərəfindən ən azı 864 qadın və yaşı 18-ə çatmamış ən azı 432 qız uşağına qarşı 7699 təcavüz faktının aşkarlandığı qeyd olunur. Ancaq bu rəqəmlər sadəcə aysberqin görünən tərəfidir. Həqiqətdə isə həbsdə olan və təcavüzə məruz qalan qadınların sayı daha çoxdur.
Həmin həbsxanalarda olan qadınlardan biri danışır ki, orada 9-cu sinif şagirdinə hər kəsin gözü önündə 6 nəfər təcavüz edirdi:
"Mən Dəməşqin Şərq, Quta bölgəsində yaşayırdım. 2012-ci ildə səhər saatlarında işə gedərkən məni Əsəd rejiminə xidmət edən qüvvələr maşına mindirərək qaçırdıb. Hara aparıldığımı bilmədim, sadəcə möhkəm döyürdülər. 3 dəfə məndən ifadə aldılar və sonra başqa 7 qadın məhbusun da olduğu bir otağa qoydular. Orada məcbur hicabımı açdılar. İçəridəki qadınların hər biri o qədər işgəncələrə məruz qalmışdılar ki, hər şey üzlərindən oxunurdu. 9-ci sinifdə oxuyan qıza 6 nəfər o qədər təcavüz etdi ki, qız huşunu itirdi. Uşaq çox dindar bir ailəyə mənsub idi. Daha sonra onu bizim yanımızdan götürüb başqa yerə apardılar. Sağ qalıb-qalmadığı haqda heç bir məlumatımız yoxdur".
Qadın deyir ki, aralarında ən yaşlı məhbusun 55 yaşı olub:
"Qadın hicabının çıxarılmasına etiraz etdiyi üçün ona hər kəsdən artıq işgəncə verdilər. Daha sonra da mən hər kəsin gözü önündə təcavüzə məruz qaldım. Bizi 5-6 gün sonra tək nəfərlik kameralara saldılar. Təxminən 3 ay 10 günə yaxın bir çörək və bir qədər pendir vermişdilər. Çörəyi xırda-xırda ovub yeyirdik ki, qurtarmasın. Qadınların çoxu müxtəlif xəstəliklərə yoluxmuşdu. Sinir sistemimiz pozulmuşdu. Hərdən bir nəzarətçilərdən biri gəlib bizi döyürdü. Təxminən 30 yaşlarında bir qadın vardı, səbəbini bilmirəm, hamıdan çox onu döyüb işgəncə edirdilər".