Arif Alışanova qarşı AĞIR İTTİHAM YENİLƏNİB

793
Arif Alışanova qarşı AĞIR İTTİHAM YENİLƏNİB

AzTV sədri Arif Alışanov və onun  ailə üzvlərinə qarşı sui-qəsddə təqsirləndirilənlərlə bağlı prosesdə məhkəmə istintaqı başlayıb.

Prokuror Fərid Nağıyev ittiham aktının nəticəvi hissəsini elan edib.

Təqsirləndirilənlər Aqşin Hüseynov özünün qismən təqsirli bilmir, digər şəxslər isə ittiham üzrə özlərini qəti olaraq təqsirli bilməyib.

Şücaət Əkbərov ifadə verərək 2007-ci ildən Arif Alışanovla tanış olduğunu  deyib: "Alışanov Şamaxıdan torpaq almaq istəyirdi.  Onu  kürəkəni gətirmişdi. Dəfələrlə ona torpaq tapmışam və alıb. Mənim işim makler kimi torpaq tapıb ona vermək idi. 2-3 il bu cür alqı-satqılar davam etdi.  2011-ci ildə onun kürəkəni Fəridlə nəsə problemi oldu. Mənə zəng edib dedi ki, torpaqların hamısını Fəridin adından çıxardıb, arvadı Mehriban xanımın adına keçirdim. Çünki o vaxt qızı ilə kürəkəni düşmən kimi idilər, boşanma söhbətləri vardı".

Təqsirləndirilən şəxs bildirib ki, 2013-cü ildə Alışanov ona yenidən torpaq almaq üçün müraciət edib: "Mənə dedi ki, heç kim bilməsin. Ona görə də heç vaxt satıcılarla görüşmürdü. Bütün işləri mən görürdüm. Onun üçün 6 hektar torpaq aldım. Ümumilikdə Alışanovun 2011-ci ilə qədər Şamaxıda 120 hektar torpağı olub. İndi onların başqa adamların adına keçirib. Amma mən də köhnə sənədlər var, nəyin kimin olduğunu yaxşı bilirəm. Əvvəllər torpaqlar kürəkəni Fəridin, qızı Nigarın və. s ailə üzvlərinin adına olub. Sonra yoldaşı Mehribanın adına keçirilib, indi də eşitmişəm ki, Hacının adına rəsmiləşdirilib. Kimlərisə aldada bilərlər, lakin bütün proseslərdə mən iştirak etmişəm".

Şücaət Əkbərov ifadəsində onu da iddia edib ki, bildirib ki, Arif Alışanov sabiq MTN nazii Eldar Mahmudovun çox yaxın adamı olub.

O, çıxışının davamında Arif Alışanovu hətta bir qızın qətlində də ittiham edib.

12:15

AzTV sədri Arif Alışanov və onun  ailə üzvlərinə qarşı sui-qəsddə təqsirləndirilən Şücaət Əkbərovun vəkilləri prosesdə yeni vəsatət qaldırıb. Vəkillər bildirib ki, Ş.Əkbərovun səhhətində problemlər var və bunun üçün ekspertiza təyin edilməlidir.

Şücaət Əkbərov isə bildirib ki, 2 dəfə açıq ürək əməliyyatı olub: "Səhhətim yaxşı deyil. Bunu təcridxana rəhbərliyi də çox yaxşı bilir. Sağlam olmalıyam. Bilirsiniz, iş yaxşı araşdırmalıdır. Çünki bu işin bir ucu sabiq MTN naziri Eldar Mahmudova gedib çıxır"

Vəkillərin vəsatəti təmin edilməyib.

11:51

AzTV sədri Arif Alışanov və onun  ailə üzvlərinə qarşı sui-qəsddə təqsirləndirilən Şücaət Əkbərov, Qoçalı Cəbiyevin, Zöhrab Şirinovun, Aqşin Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Mynews.az Lent.az-a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin   sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Şücaət Əkbərov vəsatət qaldırıb. O, Arif Alışanovun məhkəmədə iştirakının təmin edilməsini istəyib: "O gəlmirsə, məhkəmə də təxirə salınsın. Təkcə Alışanov yox qızı da bura gəlməlidir".

Təqsirləndirilənin vəsatəti təmin edilməyib.

Məhkəməyə Arif Alışanov tərəfindən iddia ərizəsi daxil olub. O, təqsirləndirilən Şücaət Əkbərova qarşı 4 milyon 582 min manat məbləğində mülki iddia qaldırıb. O, həmçinin Şücaət Əkbərovun əmlakına həbs qoyularaq ona verilməsini istəyib.

İddia ərizəsi məhkəmənin icraatına qəbul edilib.

İttihama görə, Ş.Əkbərov 2013-cü ilin iyul ayından 2017-ci ilin yanvar ayına kimi Şamaxı rayonunda və Bakı şəhərində külli miqdarda özgə əmlakını aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirmək məqsədilə dələduzluq edərək mütəşəkkil dəstə yaradıb, qanunsuz olaraq silah, döyüş sursat əldə edib, sifarişlə iki və daha çox şəxsi qəsdən öldürməyə cəhd edib.  O, A.Alışanovun 4 milyon 641 min 696 manatlıq əmlakını ələ keçirmək istəyib.

S.Əkbərov yaxın münasibətlərdə olduğu Müsahib Namazov, Qoçali Cəbiyev , onun vasitəsi ilə isə Zöhrab  Şirinov ilə A.Alışanovu öldürmək barədə razılığa gəlib, cinayət planını hazırlayıb və mütəşəkkil dəstəyə rəhbərlik edib. Bunun müqabilində dəstə üzvləri Q.Cəbiyevlə M.Namazova 600 min manat pul verəcəyini vəd edib.

2016-cı ilin dekabr ayının 13-də Şamaxı rayonunun Mədrəsə qəsəbəsindəki evinə gələcəyini qabaqcadan bildiyi A.Alışanovu, onun qızı Nigar Alışanovanı və sürücüsü Hacı Babayevi öldürməsini sifariş verib.

Lakin sonradan dəstə üzvü M.Namazov bu cinayətdən könüllü olaraq imtina edib.

Ş.Əkbərov 2016-cı ilin dekabr aylarında A.Alışanovu qəsdən öldürmək məqsədilə başqa şəxs tapmaq barədə dəstə üzvü Q.Cəbiyevə yenidən tapşırıq verib. Q.Cəbiyev əvvəllər məhkum olunmuş, tanışı Z.Şirinovla cinayəti törətmək məqsədi ilə 100 min manat qarşılığında razılığa gəlib. Bir qədər sonra A.Alışanovun, onun bacısı oğlu Dəyanət Cəfərovun içərisində olduğu “Toyota land Cruiser” markalı 99-AA- 400 dövlət nömrə nişanlı avtomaşını Çuxuryurd- Şamaxı şosesi yolunda hərəkətdə olarkən yüksək sürətdə vuraraq hündürlükdən dərəyə salmaq barədə plan hazırlanıb.

Q.Cəbiyev telefonla Z.Şirinova zəng edib, cinayətin törədiləcək vaxtı, A.Alışanovun içərisində olacağı avtomaşını markası, rəngi, dövlət nömrə nişanlı barədə məlumatlandırıb.

Lakin A.Alışanov gözlənilmədən öz avtomaşınına deyil, VAZ 21214 “NİVA” markalı, 10-LR-099 dövlət nömrə nişanlı avtomaşına əyləşib və Ş.Əkbərov bu barədə dəstə üzvləri Q.Cəbiyev və Z.Şirinovu xəbərdar etməyə imkan tapmayıb.

Plana əsasən, Q.Cəbiyev Çuxuryurd kəndindən keçib Şamaxı şəhərinə doğru hərəkət edən “Toyota Land Cruiser” markalı avtomaşını özünün idarə etdiyi VAZ 21214 “NİVA” markalı avtomaşınla bir neçə dəfə arxa sol və orta hissəsindən vuraraq yüksəklikdən dərəyə salmağa çalışsa da, buna nail ola bilməyərək idarəetməni itirib.

S.Əkbərov qəsdən adam öldürmə cinayətinin icrası üçün qrup üzvlərinə vəd etdiyi 100 min manat pulun bir hissəsini Z.Şirinova verib. Təqsirləndirilən şəxs 2017-ci ilin yanvar ayının 11-də növbəti dəfə A.Alışanovu Şamaxı rayonunda odlu silahdan istifadə etməklə qəsdən öldürmək qərarına gəlib.

Lakin yenə planları baş tutmayıb. Ş.Əkbərov sürücüsü Aqşin Hüseynov və mütəşəkkil dəstənin üzvü Q.Cəbiyev vasitəsilə avtomat silahı Z.Şirinovdan geri alaraq, yenidən A.Alışanovla Şamaxı rayonunun ərazisində görüşəcəkləri barədə razılığa gəlib. Həmin gün Şamaxı rayonunun Mədrəsə qəsəbəsində yerləşən su hovuzuna baxmağa apararkən odlu silahlardan atəşlər açmaqla qəsdən öldürmək barədə dəstə üzvləri Q.Cəbiyev, M.Namazov və Z.Şirinovu təlimatlandırıb.

M.Namazov dəstə üzvləri tərəfindən törədiləcək qəsdən adam öldürmə və qanunsuz silah əldə etmə daşıma, gəzdirməklə saxlama əməlləri barədə polis orqanlarına vaxtında məlumat verib. Polis əməkdaşları Ş.Əkbərovu, Q.Cəbiyevi,  A.Hüseynovu və Z.Şirinovu saxlayıb.

Məhkəmənin qərarı ilə Ş.Əkbərov, Q.Cəbiyev, A.Hüseynov və Z.Şirinovun barəsində həbs qətimkan tədbiri seçilib.

Xəbər lenti