Qadın gözü ilə baxanda əksər kişilər arvadbazdır. Ya da özləri belə adlanmaqdan qürur duyduqları üçün artıq “damğa”lanıblar. Yerdə qalan sadiqlər də qurunun oduna yanan yaşlardır. Əslində elə onlar da “yaş” işlərdən hali deyillər. Amma hər halda hesabı itirməmiş olarlar. Qadın ətəyinin altından tarixə boylanan kişilər də var ki, adlarını salnamələrə böyük şücaətləri, istedadları ilə yazsalar da, üzərinə hopduğu çoxsaylı qadın qoxusundan qurtula bilməyiblər. Güman ki, qurtulmaq da istəməyiblər. Zamanın bütün dönəmlərində arvadbazlıq kişilərin özünütəsdiqi üçün bir vasitə sayılıb. Hətta kişilik funksiyasından məhrum olanlar belə adlarının gözəl qadınlarla hallanmasına etiraz etməyiblər. İndi gəlin görək bəşəriyyətin ən tanınmış arvadbazları kimlərdir. Düzü, onların arasında tanınmamışları da var, amma rəqəmlər istər-istəməz həmin lavlasları diqqət mərkəzinə çəkir.
Publika.az öncə məşhur adlarla başlamaqla arvadbazları diqqətinizə çatdırır.
Çingiz xan – dünyanın ən qüdrətli fatehlərindən biri! Bu kişinin adı ilə təkcə türk toplumları, asiyalılar deyil, hətta bütün dünya qürur duyur. Çünki azdan çox, yoxdan var yaratmaq qabiliyyətinə malik, ağılllı, güclü, uzaqgörən kişi millətindən asılı olmayaraq hər kəsin fəxarət istinadgahıdır. Deyilənə görə, dünyada hər 200 adamdan biri Çingiz xanın nəslinin nümayəndəsidir. Çingiz xanın arvadlarının dəqiq sayı bəlli deyil. Amma o bəllidir ki, hazırda 16 milyon kişi Çingizxanın “belindən gəlib”.
Cakoma Kazanova - Bu narsistin adı siyahıya düşməsə, təəccüblü olardı. Kazanova çoxsaylı sevgi macəraları ilə nəinki tarix, həm də kitab bağlamış adamdır. Sözün həqiqi mənasında! Bütün sevgi macəralarını qələmə alaraq özündən sonra maraqlı xatirələr qoyub. Onun adı bu gün də arvadbaz kişilərə ləqəb olaraq verilir. Amma tarixə həmçinin peşəkar musiqiçi, kimyaçı, səyyah olaraq da düşüb.
Lord Bayron – 36 illik ömründə yazdığı şeirlərlə yanaşı, yatdığı qadınlarla da yadda qalıb. Daha doğrusu, tarixin yadında qalıb. Özü isə bu qadınların əksəriyyətini yadında saxlamırdı. Fahişələr hesaba alınmasa, bir il ərzində 250 “ev qızı” ilə yatıb. Amma bu qızlardan yalnız birinə aşiq olub – o da ögey bacısı! Özünün dediyinə görə, taledən acıq çıxmaq üçün qadınları “vərəq-vərəq” qoparırmış.
Fidel Kastro – şayiələrə inansaq, Kastronun 35 min qadını olub. Hər halda gənc yaşından lider olmuş, 82 yaşına qədər hakimiyyətdə qalmış (90 yaşında dünyasını dəyişib) cazibədar kişi üçün təəccüblü deyil. Özünün dediyinə görə, uşaqları bir qəbiləni dolduracaq qədərdir.
Cek Nikolson – Hazırda 77 yaşında olan dünya şöhrətli amerikalı aktyorun təkcə incəsənət sahəsindən qadınlarının sayı 2 mini keçir. Onların başında Meril Strip kimi əfsanəvi aktrisa dayanır.
Basketbol ulduzu Uilt Çemberlen – bu ad bizə yaxşı tanış deyil. Amma siyahı tutanlara tanışdır. İdman dili ilə desək, aktivində 20 min qadın var. 1999-cu ildə 62 yaşında dünyasını dəyişərkən son söz olaraq dünya kişilərinə belə müraciət etmişdi ki, məndən nümunə götürməyin. Ən böyük səadət bir qadını sevmək, onun yatağında xoşbəxt olmaqdır.
Con Holms adlı aktyor ömrü boyu 14 min qadınla yatıb. Amma nəzərə alsaq ki, adam pornoaktyordur bu, qəribə görünməz. Neyləsin, işdən tapşırırmışlar da... Amma qadın həvəskarı olan bu kişi özü də ömrünü “qadın” kimi başa vurmalı olur. Narkotiklərə olan meyli kişilik funksiyasını zəiflədir və tezliklə impotentlikdən əziyyət çəkir.
Uorren Bitti – amerikalı aktyor, kinorejissor olub. 80 illik ömründə 13 min qadınla eşqbazlıq edib. Onların əksəriyyəti məşhur aktrisalardır. Deyilənə görə, filmə çəkilmək istəyən bütün qadınlar onun yatağından keçməli olurdu. Taleyin ironiyasına bax ki, Bittinin böyük qızı Ketlin 2010-cu ildə cinsini dəyişib kişi olduqdan sonra atasının “şərəfli yol”unu davam etdirib.
Cinn Simmons elə “cin kimi” də oğlan olub. Rok musiqiçisi olan bu “cəhənnəm zəbunu” (rokçular özlərini belə adlandırırlar) yatağına 5 min qadın salıb. Hətta tənbəllik eləməyib bu qızların hamısının şəklini də yataqda çəkib ki, sonra sübut eləməyə əlində dəlil olsun. Ondan soruşanda ki, bu qədər qadını neynirdin, maraqlı cavab verib. “Qrupun uşaqları məclislərdə narkotik qəbul edib hərəsi bir tərəfə yıxılırdı. Mən narkotik istifadə etmədiyimə görə çağırdığımız bütün qızlar da mənə qalırdı. Qızları da yola vermək lazım idi, ya yox?!”