Azərbaycanlılar Almaniyadan niyə deportasiya olunur?

760
Azərbaycanlılar Almaniyadan niyə deportasiya olunur?

Əksər ölkələrdə müəyyən səbəblərdən insanların xarici ölkələrə miqrant axını müşahidə edilir. İnsanlar rəsmi və qeyri-rəsmi yolla xaricə gedib, orada yaşayayırlar. Lakin hər kəs bu mövzuda şanslı ola bilmir. Üz tutduğu ölkələrin necə deyərlər, sərt qərarları ilə qarşılaşır və deportasiya olmaq məcburiyyətində qalırlar. Son zamanlar azərbaycanlıların da Almaniyadan kütləvi deportasiyasının olduğunu müşahidə edirik.
Maraqlıdır, bunun səbəbləri nələrdir? Yaxud bu, həqiqətən də reallığa uyğundurmu?
 
Mynews.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, Almaniyada yaşayan Dünya Azərbaycanlıları Assambleyasının (DAA)  sədri Rəşad Quliyev Modern.az saytına açıqlamasında deyib ki, Almaniya dövləti hansısa millət arasında fərq qoymur:

“Bu kütləvi göndərilmə halı əfqanlılardan tutmuş gürcülərə qədər - hamıya şamil olunur. Məsələ budur ki , Almaniya son illər qaçqınlıq və oturma statusu ilə bağlı proseduru sürətləndirib. Əgər öncəki illər bu prosedurla bağlı illər lazım olurdusa və ya şəxs doğru ad və soyadını verməyib gizlədir və bununla da prosesin naməlum müddətə qədər uzanmasına nail olurdusa, artıq belə deyil. Yəni Assosativ müqavilənin şərtlərinə və “Şərq Tərəfdaşlıq” proqramına daxil olan ölkələrlə Avropa İttifaqı arasında imzalanmış və ratifikasiya olunmuş readmissiya haqqında qanuna görə- bu qanun qarşılıqlı məlumat mübadiləsi öhdəliyidir- şəxs artıq özünü gizlədə bilmir. Beləliklə proses tezləşir və artıq bundan sonra yalnız bir imkanı qalır. Qaçqınlar İdarəsindən gələn neqativ qərarı üst məhkəmə orqanına şikayət etmək”.
 
R.Quliyev qeyd edib ki, məhkəmə instansiyalarındakı proseslər də sürətləndiyindən şəxslərin burda qalmaq, zaman qazanmaq şansları azalır:

“Məhkəmə prosesindən sonra əgər məhkəmə şəxsin Avropada oturum alması  haqqında qərara  müsbət baxmırsa, bu şəxsin geri göndərilməsi prosesi başlayır. Həm də bunu nəzərə almaq lazımdır ki, son illər dünyada cərayan edən qlobal krizis ölkəmizdən də yan keçə bilməyib. Bəzən şəxslər işsiz qaldığında şansı Avropada oturum almaqda görür. Buna görə də gələnlərin sayında da artım var və beləlikləgöndərilənlərin də sayında artım müşahidə edilir. Amma göndərilmə hər kəsə şamil olunmur. Məsələn,elə sizinlə danışarkən “miqrasiya nədir , bunun üçün nələr edilməlidir” sualı ilə mənə müraciət edən şəxsin oturum cavabı gəldi. Bu şəxs də çox gənc bir həmyerlimizdir, təxminən 23 24 yaşındadır . Deməli burdan belə qənaətə gəlmək olar ki, göndərilmə azərbaycanlılara ayrıcalıq formasında tətbiq olunmur”.
 
Müsahib deyib ki, zaman keçdikcə hər yerdə qanunlar və texnika təkmilləşir, o cümlədən Almaniyada:

“Müxtəlif üsullarla gələn miqrantların kimliyi, onun sosial durumu və sair tez bir zamanda müəyyən olunur və bu da Almaniya və ya Avropa yetkililərinə tez bir zamanda müəyyən qərar çıxarmağa imkan verir. Onu da deyim ki, Almaniya Türkiyədən sonra ən çox müsəlman qaçqın qəbul edən dövlətdir. Baxmayaraq ki,bu ölkədə Xristitan Demokratlar hakimiyyətdədir. Ancaq bu dövlət ən çox müsəlman qəbul edən xristian dövlətidir”.
 
Almaniyada diaspor fəaliyyəti ilə məşğul olan digər həmvətəndaşımız Toğrul Əziz deyib ki, Almaniya Federal Qaçqınlar İdarəsinin azərbaycanlılara qarşı özəl ayrı-seçkiliyi yoxdur:

“Deportasiya hallarının artmasını kütləvilik kimi dəyərləndirməzdim. Son aylar Almaniyadan sığınacaq istəyənlərin ümumi sayında azalma var, bu da müraciəti açıq qalanların işlərinə daha sürətli baxılmasına gətirib çıxarır. Yəni sığınacaq üçün müraciət edənlərin işlərinə daha sürətli baxılır.
Digər tərəfdən isə Azərbaycan vətəndaşları siyasi sığınacaq istəsə də, onların əsasən iqtisadi əsaslarla Almaniyaya gəldikləri Federal Qaçqınlar İdarəsinə də məlumdur. Cenevrə Konvensiyasına əsasən siyasi problemlərini isbat edə bilməyən qaçqınlar deportasiya olunur”.

Xəbər lenti