"Facebook", "İnstagram" sosial şəbəkələrində məktəblərdən azyaşlı uşaqları oğurladığı iddia edilən naməlum şəxsin görüntüləri yayılıb. Paylaşım edən şəxslər bu kişinin uşaq oğrusu olduğunu iddia edərək, şəxsi görən və tanıyanlardan təcili olaraq polisə məlumat vermələrini xahiş edirlər.
Görüntülər Sumqayıt şəhəri, 10-cu mkr. ərazisində yerləşən 24 nömrəli məktəbin təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.
Məsələ ilə bağlı rəsmi qurumların mövqeyini öyrəndik. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə publika.az-a bildirdi ki, yayılan məlumatlar əsasında heç bir şikayət daxil olmayıb və bu sadəcə çaşqınlıq yaratmaq məqsədilə ilə yayılan görüntülərdir:
"Nə Sumqayıtda, nə də paytaxtın digər ərazilərində yerləşən məktəblərdə, ümumiyyətlə, respublikanın heç bir bölgəsində, orta ümumtəhsil müəssisələrində, heç bir uşaq oğurluğu qeydə alınmayıb. Görüntülərin ictimaləşməsindən sonra videonun çəkildiyi ehtimal edilən 24 saylı orta məktəbin direktoru Sumqayıt şəhər Polis İdarəsinə dəvət olunub. Direktor izahatında rəhbəri olduğu məktəbdə bu cür halın baş vermədiyini, yayılan məlumatların şayiə olduğunu bildirib".
O.Mansurzadə vətəndaşları ayıq-sayıq olmağa, bu cür əsassız informasiyalara inanmamağa çağırıb:
"Vətəndaşlardan qarşılaşdıqları, yaxud üzləşdikləri hər bir qanun pozuntusu, kriminal hadisə barədə Daxili İşlər Nazirliyinin "102 Zəng Mərkəzi” Xidmətinə, eləcə də aidiyyatı üzrə polis orqanlarına məlumat vermələri xahiş olunur”.
Xatırladaq ki, bir müddət əvvəl də orta məktəbin həyətində məktəblilərə narkotik tərkibli konfet verildiyi iddia edilən səs yazısı yayılmışdı. Rəsmi qurumların araşdırmalarından sonra həmin səs yazsının əsassız olduğu müəyyən edilmişdi.
Görüntülərin çəkildiyi iddia edilən 24 saylı orta məktəblə əlaqə saxladıq. Məktəb direktoru Publika.az-a bildirdi ki, bu onların məktəbin həyəti deyil:
"4 aydan çoxdur bu məktəbin direktoruyam. Burada elə hadisələr heç vaxt baş verməyib. O görüntüləri kim yayıb bilmirəm, nə məqsədlə yayılıb, bilmirəm. Dünəndən hər kəs bizə zəng edir. Bizim məktəbdə heç bir şagird təcavüzə məruz qalmayıb. Valideynlər məsələ ilə bağlı ciddi narahatlıq keçirirlər. Uşaqlar məktəbə gəlməyə qorxur. Belə əsassız şayiələri kim yayırsa, xahiş edirik, bizə kömək edin, o şəxs tapılsın və lazımı cəzanı alsın".
Məktəb direktorunun sözlərinə görə, görüntülərin çəkildiyi yer məktəbin hasarından xeyli aralıda yerləşir:
"Həmin görüntülərə baxmışam. Bu nə 28 nömrəli məktəbin, nə də 24 nömrəli məktəbin həyəti deyil. Heç yaxınlığı da deyil. Bizim məktəbin bir tərəfi bağçaya baxır, digər tərəfi isə hündürmərtəbəli binadı. Əraziyə gəlib baxsanız, özünüz görəcəksiz. Valideynlər çox narahatdır. 1-4-cü sinif şagirdlərinin valideynləri gəlmədən məktəbdən çölə buraxmırıq. Bu günə qədər bizim məktəbimizdə bu kimi hadisələr heç vaxt yaşanmayıb".