Bu gün "Səs" qəzetinin təşkilatçılığı ilə redaksiyanın ofisində xalqımızın xilaskarı, dövlətimizin qurucusu və memarı, Ümummilli Lider Heydər Əliyevin 95 illik yubileyi münasibəti ilə "Heydər Əliyev və Müasir Azərbaycan" mövzusunda dəyirmi masa keçirilir. Mynews.az-ın verdiyi məlumata görə, dəyirmi masada əvvəlcə Ulu Öndər Heydər Əliyevin və mayın 8-də erməni hərbi birləşmələrinin işğalı zamanı qətlə yetirilmiş Şuşa şəhər sakinlərinin, eləcə də torpaqlarımızın ərazi bütövlüyü uğurunda gedən döyüşlərdə həyatlarını itirən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Dəyirmi masanı giriş sözü ilə açan “SƏS” Media Qrupunun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev Ulu Öndərimiz Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışından sonra Azərbaycanda əldə olunan uğurlardan, xalqın sosial rifah halının yaxşılaşdırlımasından, dövlətimizin dünyada yerinin və rolunun möhkəmlənməsindən bəhs etdi və bildirdi ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətinin bu gün Onun ən layiqli siyasi varisi, ölkə Prezidenti İlham Əliyev çox böyük uğurla davam etdirir.
Dəyirmi masada YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin Baş redaktoru Vüqar Rəhimzadə, YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, texnika elmlər doktoru, professor Mustafa Babanlı, Azərbaycan Dövlət Pedaqoji Univeristetinin rektoru, tarix elmləri doktoru Cəfər Cəfərov, YAP Gənclər Birliyinin sədri Seymur Orucov və digərləri çıxış edərək Dahi Öndər Heydər Əliyevin tarixi xidmətlərindən danışıb və bugünki güclü, qüdrətli Azərbaycanin Ümummilli Lider Heydər Əliyevin ən mükəmməl şah əsəri olduğunu bildiriblər. (SİA)