Ermənistanda "Haykakan Jamanak" qəzetinin keçmiş baş redaktoru və ölkənin sabiq prezidenti Levon Ter-Petrosyanın sabiq "yavər"i, sonralar "Yelk" fraksiyasının parlamentdəki liderlərindən birinə çevrilmiş Nikol Paşinyanın baş nazir seçilməsindən sonrakı hadisələr gözlənilən məcrada davam edir.
"Məhəbbət inqilabı" adlanan və Serj Sarqsyanın devrilməsi ildə başa çatan proseslər başlananda bu situasiyanın Ermənistanın Rusiyanın təsir dairəsindən uzaqlaşdırılmasına, Qərbin, daha doğrusu, ABŞ-ın İrəvandakı təsir imkanlarının artırılmasına yönəldiyini vurğulamışdıq.
Onu da bildirmişdik ki, Nikol Paşinyanın komandası, yəni Ermənistanın yeni hökumətinin heyətinin formalaşması peşəkarlıq, savad və bacarıq amillərinə yox, həmin "inqilab"ın sifarişçilərinin və müəlliflərinin tələbləri məcmusu sayıla biləcək göstərişləri əsasında olacaq.
Ermənistanda hadisələr elə həmin məcrada inkişaf edir.
Ölkənin sabiq fövqəladə hallar naziri David Tonoyan müdafiə naziri postuna təyin olunandan sonra ABŞ-ın Ermənistana təsir imkanları daha da artıb. 2004-2007-ci illərdə Ermənistan Müdafiə Nazirliyinin NATO-dakı nümayəndəsi olan Tonoyan 2005-ci ildə Belçikanın Mons şəhərində verbovka olunmuş, ABŞ-ın agentinə çevrilmişdi.
Həmin təyinatdan sonra onun karyerasında sürətli irəliləyiş başladı, çünki Tonoyanın hamisi və "kurator"u ABŞ-ın Ermənistandakı səfirliyinin hərbi attaşeliyinin əməkdaşı, mayor Erik Larsendi.
Ermənilərin əksəriyyəti bunu bilmirdilər və ümid edirdilər ki, Nikol Paşinyan ölkənin siyasətini, iqtisadiyyatını və ordusunu normallaşdıracaq, inkişaf başlayacaq. Axı o, kütləvi etiraz aksiyaları zamanı dəfələrlə təkrarlamışdı ki, Sarqsyanın iqtidarı devriləndən sonra hakimiyyətə peşəkarlar, işini bilənlər gətirilməlidir
Paşinyanın vədlərinin, sadəcə, kütlə üçün hesablanmış söz yığını olduğu bilindi. Amma çox gec.
Nikol Paşinyan hökumətini formalaşdıranda İrəvandakı "inqilab"ın tərəfdarları və fəalları deyirdilər ki, nazirlər gənc olmalıdır, onların nəyisə yaxşı bilməmələri heç də prolblem deyil.
Məsələn, nazirlərdən biri xarici ölkələrdəki erməni diasporundan danışarkən Livanın paytaxtının Beyrut olduğunu bilmirsə, bağışlamaq olar. Kütlə deyirdi ki, əsas məsələ nazirlərin əksəriyyətinin peşəkarlar olmasıdır.
Belə peşəkarlar arasında Zöhrab Mnasakanyan və David Tonoyanın adları ilk növbədə çəkilirdi.
Ermənilərdə David Tonoyanla bağlı ümidlər böyükdü. Əvvəla, Tonoyan 2010-2017-ci illərdə müdafiə nazirinin müavini olmuşdu. Sonra da ki o, Armen Yeritsyanın ölümündən sonra fövqəladə hallar naziri postunda çalışmışdı.
Və ən nəhayət, İrəvanda kütlə onu da şövqlə vurğulayırdı ki, Tonoyan bacarıqsız, səriştəsiz olsaydı, uzun müddət NATO-da işləyə bilməzdi.
Ermənistan mediası isə "Tonoyan kimi yaxşı müdafiə nazirimiz varsa, Ermənistanın sərhədlərinə və Dağlıq Qarabağa görə narahat olmağa dəyməz" məzmunlu eyforiyaya qapılıb.
Fəqət, Tonoyanın səriştəli, bacarıqlı, superpeşəkar adam olması barədə iddiaların sabun köpüyü olduğu aşkarlandı.
Bu günlərdə erməni jurnalistlərdən biri Tonoyana sual verib: "Ermənistanda kütləvi etiraz aksiyaları yaşanan günlərdə Azərbaycan ordusunun Dağlıq Qarabağ münaqişəsi zonasındakı cəbhə boyu mövqelərində güclənmə, yeni canlı qüvvələrin və texnikanın gətirilməsi müşahidə olunurdu. Bu barədə nə deyərdiniz?"
David Tonoyanın cavabı erməni mediasında bomba partlayışı effekti yaratdı: "Bəli, Azərbaycan ordusunun belə davranışı vardı. Səbəb isə budur ki, Azərbaycan biz tərəfdən mümkün təxribatlardan narahatdır".
Ermənistanın müdafiə naziri ölkəsinin işğalçı olduğunu, üstəlik Dağlıq Qarabağdakı cəbhə xəttində və Ermənistan-Azərbaycan sərhəddində təxribatlarla məşğul olduğunu etiraf edib.
Ermənilər, sözün əsl mənasında, şokdadırlar.
"David Tonoyanın dediklərini Azərbaycanın müdafiə naziri deməliydi. Bizim nazir ölkəmizi rüsvay etdi", - erməni mediası yazır və deyir.
Sosial şəbəkələrdə isə dünənədək "ağıllı, səriştəli, bacarıqlı, superpeşəkar" adlandırılaraq bəh-bəhlə təriflənən David Tonoyanı aşağılayır, təhqir edirlər. Tonoyana ünvanlanmış epitetlər arasında ən yumşağı "eşşək" kəlməsidir.
Sosial şəbəkələrdə, xüsusilə də Facebook-da David Tonoyanın "təxribat" açıqlaması artıq ironiya, lağlağı obyektinə çevrilib, memlərə dönüb. O memlər arasında da ən "humanisti" eşşək belində oturmuş qarabağlı erməninin fotosu və yazıdır: "Tapın görək, bu fotoda Tonoyan hansıdır? Arxada duranlarsa nazirlərimiz ola bilər" Həmin fotoda arxa planda isə iki inək var...
... Ermənilər indi gerçəkdən də ayılmağa, Nikol Paşinyanın marionet və Qərbin fiquru olduğunu dərk etməyə başlayıblar.
Ermənistandakı "Qolos Armenii" qəzeti yazır: "Artıq hər şeyi və hər kəsi öz adı ilə çağırmaq gərəkdir. Paşinyanın baş nazir postuna yiyələnməsindən sonra nə əldə etmişik? Dağlıq Qarabağda kütləvi etirazlar, hökumətimizdə yarıtmaz və başabəla nazirlər, ABŞ-ın əmrləri ilə hərəkət edən hakimiyyət. Üstəlik, Naxçıvan istiqamətdən Azərbaycan ordusunun iriləliyb nəzarət altına aldığı ərazilər 2016-cı ilin aprelində Ermənistan ordusunun qoyub qaçdığı ərazilərdən də artıqdır. Biabırçılıqdır. Belə getsə, Nikol Paşinyan və onun nazirləri bundan sonrakı ən ağır məğlubiyyətlərimizi belə, "böyük uğurlar" kimi qələmə verəcəklər".
Ermənistan mediası onu da yazır və deyir ki, ABŞ prezidenti Donald Tramp Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu yollayıb, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyişlərə ümid etdiyini deyib.
Amma Ermənistanın dövlət müstəqilliyi günü münasibətilə Tramp Paşinyanı təbrik etmədi, heç yada da salmadı.
"Lənətə gələsən səni, Paşinyan! Sən hakimiyyətə gəlməzdən əvvəl inqilabdan, rüşvətxorluq və korrupsiya ilə mübarizədən, ordunun möhkəmləndiriləcəyindən danışırdın. İndisə məlum olur ki, sən və nazirlərin, sadəcə, buyruq qullarısınız. ABŞ bizi idarə edir! Eyb etməz, Sarqsyan kimi səni də kürüyüb kənara atarıq!" - ermənilərin Facebook-dakı hiddətini irəvanlı Mark Avoyan çox dəqiq ifadə edib.