90-cı illərin ehtiras və nifrət dolu serialları, cazibədar əsmərlərin vətəni, narkobaronların məskəni və daha nələr, nələr... Meksikanı sizə başqa nələr xatırladır? Mənim üçün bu ölkə çatma, qalın qaşlı, uzun hörüklərini başının ortasında haçalamış, azca vulqar makiyajlı, enli zərif ətəkli Frida Kalodur. Mənim kimi milyonlar üçün Frida Meksikanın əbədi rəmzidir.
Sənət dünyasına Frida Kalo adlı günəş doğmasaydı belə onu ocağın alovundan, göyqurşağının rənglərindən, dənizin dalğasından yaratmaq gərəkəcəkdi. Cənubi Amerikalı yöndəmsiz Frida nəinki feminizmin əfsanəsi, həmçinin mühüm siyası fiqur idi. Frida Kalo sadəcə rəssam deyil, həmçinin mədəni fenomendir.
Salvador Dalinin qadın nüsxəsi adlandırılan Frida Kalonun əsl adı Maqdalena Karmen Frida Kalo Kalderondur. Adətən sənətşünaslar onun yaradıcılığını sürrealizmə aid etsələr də, Frida sağlığında bu bənzətmədən hiddətlənirdi. O, əsərlərini öz düşüncəsinin süzgəcindən keçirdiyi həyat uğursuzluqlarının, mənəvi və fiziki ağrıların, xəyanətlərin və təəssüflərin təzahürü adlandırırdı.
Dünyanın ən gülməli hadisəsi faciədir...
Maqdalena Karmen Frida Meksika inqilabından 3 yaş böyük idi. O, 1907-ci ilin 6 iyulunda Meksikanın paytaxtı Mexikoda doğulub. Anası Matilda Kalderon hind əsilli meksikalı, atası Gilyermo Kalo isə Almaniyadan Meksikaya köçmüş yəhudi idi. Matilda qatı katolik olduğu halda Gilyermo incəsənətlə yaşayır və fotoqraflıqla məşğul olurdu. Maqdalenanın anası ərini və uşaqlarının sərt qaydalara tabe etmək istəyirdi, atası isə Bethovenə, Şopenhaurə aşiq sənətkar idi.
Fidanın uşaqlığı sevimli atasının epilepsiya qıcolmaları zamanı ona ilk tibbi yardım göstərməklə keçib. Mütəmadi təkrarlanan bu hadisə balaca qızın sərt xarakterini formalaşdırırdı. Bu da azmış kimi, Maqdalena 6 yaşında poliomielitə yaxalanır. Bu xəstəlik adətən ayağın birini inkişafdan qoyur və digərindən bir neçə santimetr qısaldır. Balaca qızcığaz xəstəliyinə görə ətrafdakıların, xüsusən də yaşıdlarının tənə obyektinə çevrilir, hər kəs onu “taxta ayaq” deyə çağırırdı. Lakin uşaqlığının acı təcrübəsi onun xarakterini möhkəmləndirirdi. Ağrılarına rəğmən oğlanlarla futbol oynayır, üzgüçülük və boksla məşğul olurdu. Həmçinin uzun, enli ətək və şalvarlarla eybini məharətlə gizlətməyi bacarırdı. Rəssam olmaq fikri balaca Fridanın beyninin ucundan da keçmirdi. Maqdalena 15 yaşında Milli Hazırlıq Məktəbinə daxil olur. Burada tibbin əsasları və əczaçılıq tədris olunurdu. Məktəbdə təhsil alan minlərlə oğlanın içərisində cəmi 35 qız oxuyurdu ki, onların da biri axsaq Frida idi.
"Mənim bəkarətimi o dəhşətli qəza pozdu"
1925-ci ilin 17 sentyabrında Maqdalena dəhşətli qəzaya düşür. Əslində bu qəza onun həyatında baş verən ən qəddar təsadüf idi. Qəza zamanı yanında olan sevgilisi Alexandro Arias sonralar yazırdı:
"Tramvay yavaş-yavaş avtobusun içinə doğru irəlilədi. Avtobus sanki heyrətdən donub qalmışdı. Və bir anda parça-parça oldu. Çoxsaylı qurbanlardan biri də Frida idi. Bəxtsiz qızın taleyini də bu qəza həll etdi və dahi rəssama çevirdi".
Frida özü isə bu faciəni belə xatırlayırdı:
"Dəmir armatur öncə rəhnimdən çanağıma, oradan isə uşaqlıq yoluma girdi. Bəli, mənim bakirəliyimi o dəhşətli qəza pozdu".
Maqdalena düz üç həftə xəstəxanada hərəkətsiz yatır. Üstəlik, qəza zamanı xəstə ayağı 3 yerdən sınmışdı. Bundan əlavə, daxili orqanları da kifayət qədər zədələnmişdi. Qızın yaşamağına heç bir ümid bəsləməyən anasının xəstəxanaya ayağı da dəymir. Atası isə əskinə, Fridanın hər gələn nəfəsinə görə yaradana şükür edirdi. Hətta həkimlər yaşamayacağını söyləsələr belə qızının sağalacağına olan inamını itirmirdi.
Frida həyatının 2 ilini xəstəxada yataq şəraitində keçirir. Fiziki ağrılar, ömürlük əlillik, mübarizə ruhu, qarışıq duyğular Maqdalenanın qəlbinə hakim kəsilmişdi. Mənəvi əzablarını unutmaq üçün gənc qız ümidini fırça və rənglərə bağlayır. Frida yalnız öz avtoportretlərini çəkirdi. Çünki küçəyə çıxmaq, təbiəti, insanları müşahidə etmək imkanı yox idi. Buna görə də atası ona yataq şəraitində rəsm çəkmək üçün bütün imkanları yaratmışdı. Dünyanın ən parlaq rənglərini qarşısına sərmişdi. Hətta arxasını, ətrafını yaxşı görsün deyə, qarşısına güzgülər düzmüşdü.
1927-ci ildə Frida yataqdan tam qalxmağa nail olur. 1928-ci ildə Kommunist Partiyasının üzvü olur. Bir il sonra isə Meksika Milli İnstitutuna qəbul edilir. Bu illərdə Maqdalenanın sənət eşqi ən yüksək zirvəyə çatmışdı. Maqdalena günlərini emalatxanasında rəsm çəkərək keçirər, gecələr isə ekzotik libaslarını geyinib, ziyafətlərə, əyləncə məkanlarına yollanardı. Zəngin dünyagörüşünə malik Fridanin əlində daim bir bokal şərab və siqar olardı. Kübar qadının kəskin, bəzən də ipək kimi hissləri oxşayan söhbətləri, güclü yumor hissi hər kəsi ona heyran qoyurdu.
Fridanın ictimai həyatdakı obrazı ilə əsərlərindəki ruhu tamamilə ziddiyətli olsa da, o dövrünün çağdaş incəsənətinin yeni nəfəsi idi. Nəfis söhbətlər qopan dilinin dərinində, milli ornamentlərlə bəzədilmiş eleqant, bir o qədər də sadə libasların altında yatan yaralı ürəyinin, sınmış arzularının təzahürü idi Frida Kalo yaradıcılığı. Onun holst üzərindəki sirli, aşkar dünyasına günbəgün daha çox insan bələd olurdu.
"Mən həyatımda iki dəhşətli qəza keçirmişəm. Biri avtomobil qəzası, ikincisi Dieqo..."
Bir gün Fridanın əsərlərini həmin dövrün tanınmış meksikalı kommunist rəssamı Dieqo Rivera görür. Gənc qızın yaradıcılığı istedadlı rəssamın ürəyini oxşayır. Elə o gündən Dieqo Fridanın taleyinə ömürlük yazılır.
Lakin həyatın hökmünə bax ki, dünyaya Frida Kalo adlı dünyanı bəxş edən, ən azı Frida qədər istedadlı Dieqo Rivera bu gün unudulmuş sənətkarların siyahısındadır.
Cütlük ailə quranda Dieqonun 43, Maqdalenanın isə 22 yaşı vardı. Müasirləri zarafatla onların ittifaqını fil və göyərçinin nikahı adlandırırdılar. “Şahzadə qurbağa” ləqəbli Dieqonu yöndəmsiz zahirinə rəğmən, bütün qadınlar sevirdilər.
Evləndikləri gündən bir neçə saat sonra Dieqo içindəki iblisi üzə çıxardır. Spirtli içkinin təsirindən silahla göyə atəş açır. Frida dəhşət və nifrət içərisində valideynlərinin evinə geri dönür. Lakin ərinə olan məhəbbəti onu geri qaytarır. Dieqo xanımına hər qarşısına çıxan qadınla xəyanət edirdi. Frida isə ərini cavab atəşi ilə susdururdu. Qarşılıqlı xəyanətlərin sayı günbəgün artsa da, cütlük ayrılmır, hətta Frida etiraf edirdi ki, onun yaradıcılığı Dieqo ilə dialoqdan ibarətdir. Rivera ilə Kalonun dostları onların ailəsini ən qəribə ittifaq adlandırırdılar. Fridanın rəfiqəsi deyirdi:
“Dieqo Maqdalenaya sevimli əşyası kimi, Maqdalena isə ona doğma iti kimi yanaşırdı. Onların nikahı hələ də mənə sirrdir.”
Əslində isə Frida və Dieqonu sənət bağlayırdı. Dieqo bəzən günlərini meşədə keçirər, yarım qalmış freskasını tamamlayardı. Yaxud heykəllərini hazırlamağa aylarını sərf edərdi. Frida hər gün ona səbətdə yemək aparar, aylıq qazanclarını hesablayar, hətta gündəlik terapiyasına da pul saxlayardı. Ərini bütün sərgilərdə qürurla müşaiyət edərdi. Ən əsası isə Frida Dieqonun yaradıcılığından ilhamlanıb, sənətdə öz addımlarını bərkidərdi.
Fridanın uzun, enli ətəkləri, donları da ərinin təsiri ilə daha rəngarəng şəkil alırdı. Rəssam gündəliyində yazır ki, insanın libası da onun avtoportretidir. Frida öz qeyri-adi tərzini Pikassonun əsərlərinin motivi əasında hazırlanan sırğalarla tamamlayırdı.
Cütlüyün ittifaqı nümunəvi olmasa da, Frida övlad həsrəti ilə alışıb-yanırdı. Ən böyük arzusu Dieqoya uşaq doğmaq idi. Lakin Dieqo qətiyyən övlad istəmirdi. Həm də onun əvvəlki xanımlarından uşaqları vardı. Qəzada aldığı zərbə Maqdalenanın rəhnini elə zədələmişdi ki, hər 3 hamiləliyi yarımçıq qalır. Ana olmaq xəyalları da körpələri kimi doğulmadan tələf olur. Frida bu bəxtsizliyini “Henri Fordun xəstəxanası” əsərində elə gerçək və vahiməli təsvir edir ki, Parisdə keçirilən sərgisinin təşkilatçısı onu nümayiş etdirməyə çətinliklə razı olur.
Ana ola bilməməyin kədərini qəlbində ovutmadan Maqdalena anasını itirir. Üstəlik, Dieqonun ona kiçik bacısı ilə xəyanət etdiyini də öyrənir.
Üzüntüdən qovrulan rəssam bir gün qəzetdə kriminal hadisə oxuyur. Sevgilisinı bıçaq zərbəsilə öldürən oğlan məhkəmədə “mən sadəcə ona bir neçə zərbə endirdim” deyirdi. Bu əhvalat Fridanı elə hiddətləndirir ki, “Bir az iynə vuraq” adlı satirik, ironiya dolu tablosunu yaradır. Əsərdə yatağa uzanan qadının yaralarının qanı çərçivəyə belə sıçrayırdı. Qurbanın yanında duran qatilin başında isə şlyapa vardı. O bununla Dieqoya işarə edirdi.
“Onunla sevişmək Tanrının özü ilə sevişməkdir”
Dünya qadın rəssamlığının qəlbi və ruhu sayılan Frida biseksual idi. Onun yatağından onlarla qadın və kişi keçmişdi. Ən məşhur qadın məşuqəsi isə dövrünün sevilən müğənnisi Çavela Varqas olub. Dieqo arvadının qadınlarla olan məhəbbət macəralarını ciddi saymırdı.
Frida və Dieqo qatı kommunist idilər. Maqdalena Ziqmund Freydin idealogiyasını ölkəsində yayan mühüm siyası fiqur sayırdı. İlk Sovet hakimiyyətinin ikinci rəhbəri Lev Trotski Stalin represiyasından qaçanda cütlük ona sahib çıxır, evlərinin qapısını üzünə açırlar. Frida Trotskini saqqalına görə “keçi” deyərək əzizləyirdi və onunla qaynar eşq macərası yaşayırdı. Rəssam Trotski haqqında “Onunla sevişmək Tanrının özü ilə sevişməkdir” deyirdi. Fridanın məşuqları siyahısında rus şairi Mayakovskinin olduğu da iddia edilir. Lakin sonradan məlum olub ki, bu gerçək fakt deyil. Çünki iki dahinin həyatları boyu heç bir yerdə görüşmək imkanları olmayıb. Onların birgə çəkilmiş şəkilləri isə fotoşopdur.
Ümumiyyətlə, Fridanın məşuqları Dieqonun məşuqələrindən öz keyfiyyəti və sanbalı ilə fərqlənirdi. Məsələn, Frida ilə ispan rəssam Xose Batoli arasında da qəribə məhəbbət vardı.
Batoli ilə Kalo İspaniyada keçirdiyi növbəti əməliyyatdan sonra tanış olmuşdu. Meksikaya dönəndən sonra Frida Bartoli ilə fiziki əlaqəni kəssə də, məktublaşaraq bir-birinə olan eşqlərini ölməyə qoymurdular. Bu yazışma bir neçə il davam edir. Fridanın platonik məhəbbəti onun sağalmağına yardımçı olur, əri ilə münasibətində də daha təmkinli davranmağa vadar edirdi. Bu günlərdə Maqdalena və Xosenin 100 vərəqdən ibarət eşq etirafları hərracda 137 min dollara satıldı. Etirafnamənin ən zərif cümlələrindən birində Frida Xoseyə yazır:”Sevgi məktubu necə yazılır, bilmirəm. Sənə aşiq olduğum gündən bəri hər şey bir-birinə qarışıb və daha da gözəlləşib. Sevgi sanki ətirdir, cərəyan kimi, yağış kimi güclüdür”.
"Tək “səni sevirəm” deməklə qane olan insanlar necə də xoşbəxt, bəlkə də lap bədbəxtdirlər".
1939-cu ildə Frida ərinin laqeydliyindən, xəyanətlərindən bezib, boşanır.
Bu aylar ərzində Frida yaradıcılığın ən acı günlərinə qədəm qoyur. Məşhur “İki Frida” avtoportreti də bu müddətdə doğulur. Frida burada bütün acılarını elə real, eyni zamanda da sürreal təsvir edib ki, tabloya baxıb, onun qanayan ürəyinə ağlamamaq mümkün deyil. İki Frida qarşı qarşıya oturub, əl-ələ tutublar. Onları arteriya damarı birləşdirir. Birinin əlində cərrah aləti var. Ürəkdən axan qanı durdurmağa çalışsa da, qan ağ libasını ləkələyir. Digər Frida isə əlində Dieqonun uşaqlıq şəkilini bərk-bərk sıxıb. 1 ildən sonra Dieqo böyük səhvinin fərqinə varıb, yenidən Fridaya evlilik təklif edir. Maqdalena razılaşsa da, Riveranın qarşısına şərt qoyur. Heç bir intim münasibət olmayacaq, bir-birinin şəxsi həyatına qarışmayacaqlar, ev xərcləri xaric, hər kəs öz maddi ehtiyaclarını qarşılayacaq. İlham pərisinin yenidən onun arvadı olmağına razlaşdığı üçün xoşbəxtlikdən uçan Dieqo bununla da kifayətlənir. Frida artıq ərini evə bağlamaq, onun xəyanətlərinin qarşısını almağı düşünmürdü. Əri üçün geyindiyi uzun ətəklərini də dolabında gizlədib, rahat cins şalvarlarını qarderobuna daxil etmişdi. Frida ömrünün son 10 ilini gündəlik də yazırdı. O, gündəliyinin hər səhifəsində Dieqonun adını və onunla bağlı arzularını qeyd edirdi:
“Yalnız bir şey istəyirəm. Onu heç kim incitməsin. Kaş ki, sağlam olardım. O zaman bütün ömrümü Dieqoya verərdim”.
Frida sevdiyi rəssam ərinə olan heyranlığını, nifrətini, məhəbbətini heç cür tam təsvir edə bilmirdi. Tablolarında gah ağlayır, gah qışqırır, gah da torpaq kimi ovulub, yerə səpilirdi, amma duyğularını tam üzə çıxarmaqda aciz qalırdı. Tək “səni sevirəm” deməklə qane olan insanlar necə də xoşbəxt, bəlkə də lap bədbəxtdirlər.
Fidanın yaradıcılığı birmənalı qarşılanmırdı. Onu tənqid edənlər sevələrdən çox idi. Lakin rəssam bütün bunları önəmsəmirdi. Çünki sənətinin ən böyük tənqidçisi elə özü idi:
"Mən sadəcə əşyaları necə görürəmsə, elə də təsvir edirəm. Bəlkə də sizin üçün bu qəribədir, mənim üçünsə deyil".
Frida ağrılarını bəzəksiz, olduğu kimi təsvir edirdi. Ən məşhur əsərlərindən biri olan “Ümidsiz” avoportretində Frida çarpayıda yatır. Ağzı ət, balıq, kəllə sümükləri və digər üfunət qoxulu əşyalarla doludur. Səmada ay çətinliklə görünsə də, günəş pomidor kimi al qırmızı rəngdədir.
Maqdalenanın Nyu-Yorkda olduqca uğurlu sərgisi baş tutur. Rəssam ABŞ haqda gündəliyində yazırdı:
“Ümumiyyətlə, varlı təbəqə məni qıcıqlandırır. Minlərlə ac insan səfalətin içində boğulduğu halda pulunu xərcləməyə yer tapmayan insanları görmək necə də iyrənc hissdir. Amerika kifayət qədər inkişaf etmiş ölkədir, razıyam. Amma bu ölkənin milləti zərif zövqdən və dərin hisslərdən məhrumdurlar. Amerikalılar sanki kirli və narahat böyük hində yaşayırlar. Evləri də sobaya bənzəyir. Bir sözlə Amerika mifdir".
Fridanın ən qəribə əsərlərindən biri də “Doğuluşum” adlanır. O bu əsəri üçüncü dəfə körpəsi bətnində tələf olanda çəkir. Tabloda doğum anını təsvir edən Fridanın özünü, yoxsa dünyaya gətirə bilmədiyi körpəsini təsvir etdiyi hələ də müəmmadır.
Nyu-Yorkdakı uğurun ardınca Kalonun Parisdə sərgisi keçirdilir. Tədbirin təşkilatçısı dövrünün məşhur sənətşünası Andre Breton idi. “VOGUE” jurnalının yeni nömrəsinin üz qabığına çıxan ekzotik meksikalı gözəl Parisə vurulur, amma Dieoqoya məktubunda onun üçün çox darıxdığını yazırdı. Sərgiyə gələnlər Fridanı sürrealist rəssam adlandırır, onun sanki anotomik xəritələrinə məna yükü qoymağa çalışırdılar. O isə bu iddiaların cavabı olaraq, "kim nə istəyirsə, onu da görür. Mənim yaradıcılığım gerçək Fridanı tərk etməyən daimi ağırlarıdır” - deyirdi.
Kalonun ağrları günbəgün güclənirdi. Həkimlər öncə onun xəstə ayağının barmaqlarını, sonra isə bütün ayağını amputasiya edirlər. “Uçmağı bacarandan sonra ayaqlarım nəyim lazımdır?!” - deyə Frida gündəliyində yazırdı. Bəxtsiz qadın dəhşətli ağrılardan yalnız narkotik vasitələrin köməyilə qurtula bilir, yenidən yataq həyatına alışmağa başlayırdı. Hətta ölüm ayağında Dieqoya tapşırır ki, onun nəşini yandırsınlar: “Onsuz da bu lənətə gəlmiş yataqda çox vaxt keçirdim”.
“Ümid edirəm ki, gedişim uğurlu olacaq. Artıq dönməyəcəm”
Frida son sərgisində çarpayıda iştirak edir. Sevimli “iti” Dieqo və bütün fridasevənlər onun ətrafında son dəfə toplaşır. 1954-cü il iyul ayının 13-də, 47-ci doğum günüdən bir həftə sonra dünyanın ən güclü qadını Frida acılardan yorulub, yer üzündən göyə qaçır. Dözülməz fiziki əzablara boyun əyməyən Frida soyuqdəymədən dünyasını dəyişir. Meksikanın milli qəhrəmanı, qadın rəssamlığının simvolu Fridanın nəşi istədiyi kimi yandırılır. Onun külü bu gün də ev muzeyində qorunur.
Dieqo Fridanın cansız bədəninə uzun-uzun baxıb, sevimli arvadının surətini beyninə əbədi həkk edir. Fridanı “yeni dünya”sına yola salanlar içərisində dövrünün ən məşhur rəssamları və Meksikanın prezidenti də olur.
“Ümid edirəm ki, gedişim uğurlu olacaq. Artıq dönməyəcəm” - rəssamın gündəliyindəki son cümləsidir.
Lakin Frida zərif rəssamların fırçasından qopan əsərlərlə, dünyaya övlad gətirən anaların acıları ilə, istəyi uğrundə çırpınan hər qadının isti nəfəsi ilə yenidən bizə geri dönür. Əslində hər birimizin içində bir damla Frida yaşayır.