Rusiya polisi dörd yaşlı qıza kəmər vasitəsilə 15 dəfə zərbə endirən insan cildindəki bədheybətin işi ilə bağlı aparılan istintaq eksperimentinin videosunu yayımlayıb.
Mynews.az Oxu.Az-a istinadən xəbər verir ki, 20 yaşlı Bəhram adlı şəxs onun tələbi ilə beşə qədər saya bilməyən qıza ağır bədən xəsarətləri yetirib.
Fotoda başda, kürəkdə, sinədə, qarında və qızın əllərində olan xəsarətlər aşkar şəkildə görünür.
Bəhram Krasnoyarsk polisi tərəfindən saxlanılıb və əməlini etiraf edib.
Onun sözlərinə görə, kəmərə əl atmazdan əvvəl uşağı naqillə döyüb.
Onun sevgilisi, qızın anası 31 yaşlı Mariya Belonoqova döyülməni görsə də, heç nə etməyib.
O, bu mənzildə özündən 11 yaşlı kiçik sevgilisi, keçmiş həyat yoldaşı və daha bir nəfərlə birlikdə yaşayırmış.
Mariyanın sözlərinə görə, o, Bəhrama mane olmağa qorxub.
Qeyd edilib ki, Azərbaycandan Rusiyaya köçən Bəhram dörd yaşlı Lera və onun altı yaşlı bacısı Elizabeti “tərbiyə etdiyini” deyib.
Polisdən bildirilib ki, böyük qıza o toxunmayıb. Döyülmədən sonra uşağın vəziyyəti pisləşsə də, ana tibb işçilərinə müraciət etməyib və qorxub ki, sevgilisi həbsxanaya düşəcək. Ancaq evdə qalan digər şəxs, 45 yaşlı Aleksandr qızın vəziyyətini görüb və dərhal polisə məlumat verib.
“Mən qorxdum ki, uşaq öləcək”, - o deyib.
Hazırda Bəhram uşağa qarşı zorakılıqda ittiham olunur, onu yeddi ilədək həbs cəzası gözləyir. Azyaşlı qız xəstəxanaya yerləşdirilib.
Tibb işçilərinin sözlərinə görə, qız beşə qədər saymağı yaxşı bacarır, ancaq ögey atası qarşısında qorxudan bunu edə bilməyib.