Şərqi Hələbin 7 yaşlı sakini Bana Alabed ABŞ-ın yeni prezidenti Donald Trampa "Suriyalı uşaqların da sülh haqqı var"-başlıqlı məktub yazıb.
Bana Trampı bir neçə dəfə televizorda gördükdən sonra inauqurasiya mərasimindən əvvəl bu məktubu yazıb. Məktubda Bana prezidentə müraciət edib: "Mənim adım Bana Alabeddir. Hələbdə yaşayan 7 yaşlı suriyalı bir qız uşağıyam. Ömrüm boyu Suriyada yaşadım və ötən ilin dekabr ayında mühasirədə olan Şərqi Hələbi tərk etmək məcburiyyətində qaldım. Suriyada müharibədən əziyyət çəkən uşaqlardan biri də mənəm. Lakin artıq Türkiyədəki yeni evimizə qovuşdum. Hələbdəki məktəbim bombardman nəticəsində dağıldı. Bəzi dostlarım öldü. Onlar üçün çox üzülürəm".
Suriyalı qız Trampa suriyalı uşaqlar sizin də övladlarınızdır deyib: "ABŞ prezidenti olacağınızı bilirəm. Suriyadakı uşaqları və insanları xilas edə bilərsinizmi? Suriyadakı uşaqlar üçün nəsə etməlisiniz. Çünki onlar sizin də övladlarınız sayılır və onların da sülh içində yaşamağa haqqı var. Əgər Suriyadakı uşaqlar üçün nəsə etməyə söz versəniz, məni öz dostunuz sayın".
Qeyd edək ki, Trampın Suriya siyasəti hələ dəqiqləşməyib.(Ölkə.az)