Ötən ilin film sektorumuzda qaynar keçməsinin ardından bu dəfə gözlər yerli rejissorlara yönəlib.
Bu mövsüm hansı yerli filmlərimizin ekranda olacağı hər kəsin olmasa da, kinosevərlərin diqqət mərkəzindədir.
Mynews.az bu mövsüm kinoteatrlarda ekranlara çıxacaq yerli filmlərin siyahısını təqdim edir:
“Ağacdələn” – Filmin rejissoru və baş rolun ifaçısı aktyor Kamran Ağabalayevdir. Ekran işi dram janrındadır. Sosial problemlərə toxunulan filmdə Azərbaycanda baş vermiş bir sıra hadisələr bir-birilə əlaqələndirilir.
Bakı məktəbindəki seks skandalı, həkimin sağ ayaq əvəzinə sol ayağı kəsməsi, LGBT müdafiəçisi İsa Şahmarlının ölümü və s. filmdə öz əksini tapır.
Ekran işinin tizerləri sosial mediada geniş paylaşılsa da, hələlik premyerasının nə vaxt olacağı barədə məlumat verilməyib.
Filmdə Sənubər İsgəndərli, Taleh Yüzbəyov, Əlixan Rəcəbov kimi aktyorlar da yer alır.
“Qaragöz” – Orxan Mərdanın prodüserliyini etdiyi filmdə baş rollarıElməddin Cəfərov, Oksana Rəsulova və Kəbir Kərimov canlandırır. Həmçinin filmdə Əməkdar artist Hüsniyyə Mürvətova da çəkilib.
Hüsniyyə Mürvətova: Qadınlığımla sənətimi bir tuturam – MÜSAHİBƏ
Komediya və dram janrında olan ekran işinin qəhrəmanı o qədər simicdir ki, hətta öz oğlundan belə kirayə pulu alır.
“2 Mal” – komediya filmində baş rolları vaynerlər Mənsur Şərif və Rəsul Abbasov canlandırır.
Ekran işinin ssenarisinə əsasən, iki oğlan uşağa dayəlik etmək üçün varlı bir ailəyə müraciət edir. Hadisələr də elə bundan sonra başlayır. Film 28 sentyabrdan yayımlanmağa başlayacaq.
“Dalan” – Baş rollarında Ziya Ağa və Sevinc Əliyevanın çəkildiyi film hələlik qısa tizerləri ilə sosial şəbəkədə maraq oyada bilib. Film dram janrındadır. Rejissorluğu Rüstəmzadə Elvinə, ssenarisi isə Səbinə Əhmədovaya aiddir.
“Fəlakət” – Absurd komediya janrında olan filmdə baş rolu obrazın yaradıcısı Elşən Orucov oynayacaq.
Çəkilişləri cari ilin mart ayında tamamlanan filmdə həmişəkindən fərqli olaraq, “Fəlakət”in yanında “Bozbaş Pictures” komandası olmayıb.
“Art Film Baku”nun ərsəyə gətirdiyi komediyanın quruluşçu rejissoru Emil Quliyev, quruluşçu operatoru Orxan Abbasov, icraçı və kreativ prodüseriAzər Aydəmirdir.
Filmdə Elşən Orucovla bərabər, Azər Aydəmir, Orxan Ata, Nofəl Şahlaroğlu, Ülvi Həsənli, Taleh Yüzbəyov və başqaları çəkilib.
Ekran işinin sosial media səhifəsi kreativ paylaşımları ilə diqqət çəkir.
“Ümidlər puç olanda” – İzzət Bağırovun çəkdiyi sayca ikinci filmdir. Ssenari müəllifinin müğənninin özü olduğu film dram janrındadır. 11 oktyabrdan kinoteatrlarda yayımlanacaq.
“Bombaltı” – “Bozbash Pictures” komandasının növbəti filmi olan ekran işi ənənəvi olaraq mart ayının 1-də yayımlanacaq.
Filmdə İlkin Həsəni, İlkin Misgərli, Azər Baxşəliyev, Ramil Babayevçəkilir.