Almaniya vətəndaşı azərbaycanlı ilə barışdı MƏHKƏMƏ

755
Almaniya vətəndaşı azərbaycanlı ilə barışdı MƏHKƏMƏ

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Ələddin Yusifovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 

Mynews.az xəbər verir ki, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Vüqar Quliyev çıxış edib.

O deyib ki, təqsirləndirilən şəxsə qarşı istintaq orqanı tərəfindən irəli sürülən ittiham təsdiqini tapıb. Prokuror qeyd edib ki, zərərçəkmişə vurulan 6 milyon 340 min manatlıq ziyandan 3 milyon 270 min manatı artıq ödənilib. 

Prokuror Ə.Yusifovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. 

Zərərçəkmiş  Stichternath Heins-Georg Tomasın nümayəndəsi isə çıxışında təqsirləndirilən şəxslə barışıq əldə edildiyini qeyd edib: 

“Bizə bildirdilər ki, hər ay 100 min manat olmaqla, 1 il 6 ay müddətinə pul ödəniləcək. Eyni zamanda, Almaniya vətəndaşına zərərə görə dörd əmlak verilib. Barışıq sazişinin təsdiqlənməsini istəyirik. Bu baxımdan, təqsirləndirilən şəxsə həbslə bağlı olmayan cəza verilməsini xahiş edirik”. 

Proses oktyabrın 9-dək təxirə salınıb. 

İttihama görə, Ələddin Yusifov 2005-ci ildə “QKSSS” Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edib. O, həmin MMC vasitəsilə neft məhsullarının idxalı, ixracı və digər işlərlə məşğul olub.

Ələddin Yusifov həmin MMC-nin direktoru vəzifəsində işləyərkən Almaniya Federativ Respublikasında qeydiyyatdan keçmiş “Airwerk” şirkətinin baş direktoru, həmin respublikanın vətəndaşı Stichternath Heins-Georg Tomasa 2010-cu ildə özünü uğurlu və geniş əlaqələrə malik iş adamı kimi təqdim edib.

O, almaniyalı iş adamına neft məhsullarının alqı-satqısı ilə məşğul olduğunu, bu yolla külli miqdarda gəlir əldə etdiyini bildirib, onu biznesə daha çox investisiya qoyulduğu halda, daha çox gəlir əldə edəcəklərinə inandırıb. 

Ələddin Yusifov qeyd olunan işləri görmək üçün almaniyalı iş adamından 6 milyon 540 min manat istəyib, həmin pulun 20 faizi miqdarında gəlir əldə edəcəklərinə yalandan vəd verib. 

Stichternath Heins-Georg Tomas Almaniya Federativ Respublikasında fəaliyyət göstərən müxtəlif banklar vasitəsilə “Texnikabank”da “QKSSS” MMC-nin hesabına 6 milyon 540 min manat köçürüb. 

Ələddin Yusifov həmin pulu şəxsi ehtiyaclarına sərf edərək, almaniyalı iş adamına qarşı külli miqdarda dələduzluq edib. 

İstintaq orqanı tərəfindən Ələddin Yusifovun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham elan edilib. 

Ələddin Yusifovun barəsində olan cinayət işinin ibtidai istintaqı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Xəbər lenti