Dünyanı koronavirus təhlükəsi bürüsə də, ölkələr maksimal şəkildə qorunma yollarını tətbiq edir, hətta dövlətlərarası əlaqələr müəyyən zamana qədər təxirə salınır. Amma buna baxmayaraq, dövlət rəhbərləri belə bir forsmajor vəziyyətdə belə, öz iş başlarında dövlət idarəçiliyini həyata keçirirlər. Bu, eyni zamanda xalqın onlara göstərdiyi etimadın doğrultması anlamını daşıyır.
Lakin Ermənistanda belə deyil. Daha dəqiq desək, Ermənistanın baş naziri Nikol Paşinyan da daxil olmaqla, bu ölkənin rəhbərliyi demək olar ki, xalqı, ölkəni koronavirus təhlükəsi ilə baş-başa buraxmaqla, sözün əsl mənasında canlarının hayına qalıblar.
“O, irəli sürülən bütün məsləhətləri rədd edərək, öz maraqları naminə virusa ciddi yanaşmadı və insanları təhlükəyə sürüklədi”
SİA sözügedən mövzu ilə bağlı Ermənistanın Voskanapat info saytına istinad edərək, ilginc faktları ortaya çıxarıb. Saytın analitiki Hayk Akunts “Mən ordudan qaçmışam, mən “1 martdan” qaçmışam: koronavirus kimin itidir ki, ondan qaçmayasan?” başlıqlı məqaləsində Nikol Paşinyanın pafosa söykənən “Ermənistan mənim ocağım, xalq isə mənim ailəmdir” ifadəsini xatırlatmaqla, əslində onun sözü ilə əməlinin üst-üstə düşmədiyini, əskinə siyasətini şüarlar üzərində qurduğunu yazıb: “Nikol Paşinyan növbəti dəfə solğunlaşıb və bunu özünüizolə adlandıraraq Sevanda (Göyçədə - düzəliş bizimdir) tapıb. Arvadı ilə bir yerdə. Nikol özünü koronavirusdan izolə edib. Əvvəlcə o, Qorxmaz Nazar (erməni nağlı-red.) ruhunda koronavirus kimin itidir ki, bizə mane olsun tipli çıxışar edirdi, ancaq indi isə itə məxsus qorxaqlıqla özünü izolyasiya edib”.
Erməni müəllif Paşinyanın buna qədər hansı oyunbazlıqlar çıxardığını da xatırladıb və qeyd edib: “Bəs buna qədər nə baş verib? O, irəli sürülən bütün məsləhətləri rədd edərək, öz maraqları naminə virusa ciddi yanaşmadı və insanları təhlükəyə sürüklədi. Qeyri-qanuni referendum haqqında danışdı və onun təbliğatını apardı. Nikol mitinqlər təşkil edib, nifrət təbliğatı apardı. Atmosferin zəhər buraxmasına rəğmən, o virusun masştabının artmasını və yayılmasını da təmin etdi...”.
Beləliklə, erməni baş nazirinin arvadı və ailəsi ilə Sevana qaçması və bunu virusdan qorunmaq üçün etdiyini bildirməsi Ermənistanda birmənalı qarşılanmır və əlbəttə ki, sadə ermənilərdə hiddət doğurur.
“Əsas məsuliyyətsizlik və koronaviorusun yayılmasının günahkarı elə onun özüdür”
Erməni analitiki daha sonra qeyd edir ki, indi o (Paşinyan – red.) vəziyyətdən çıxış yolları axtarır və başqalarını günahlandırır. SİTAT: “Bəyan edir ki, Eçmiədzində təşkil olunmuş yeyib-içmək masasındakı qadın məsuliyyətsizlik edib ki, nəticədə ətrafındakı insanları yoluxdurub. Lakin bu sadəcə onun (erməni baş nazirinin-red.) özünün öz üzərindəki məsuliyyəti atmağa yönəlib və cinayət əməlini gizlətməyə hesablanıb. Əsas məsuliyyətsizlik və koronaviorusun yayılmasının günahkarı elə onun özüdür – Pşainyandır və yaxşı olardı ki, o Eçmiədzindəki qadını günahlandırmasın və öz feyklərini onun üzərinə atmasın”.
Yeri gəlmişkən, koronavirusun yayıldığı dövrdə Nikolun referendum oyunbazlığı da erməni ictimai rəyini ciddi şəkildə qıcıqlandırıb. Bu məsələyə də toxunan müəllif Ayk Akunts yazır: “Maraqlıdır ki, Konstitusiya məhkəməsini işğal və öz planlarını realizə etmək üçün o koronavirus təhlükəsini gizlətdi, insanların həyatlarını təhlükəyə saldı, lakin anlayanda ki, şəxsən onun özü də həmin təhlükəni yaşaya bilər, bu zaman dərhal Sevanda özünü izolə etdi. Yəni solmağa başladı. Bundan sonra onun ocağı Sevandakı bağı olacaq, xalq isə artıq onun ailəsi deyil, halbuki ötən günlər boyunca o xalqı virusa yoluxmaq təhlükəsinə sürükləyirdi, indi isə bütün günahları həmin xalqın üzərinə atır, yəni özünüzü Eçmiədzindəki qadın kimi aparmayın. Bütün bunların yerinə o “unudur” ki, həmin qadından min dəfə özü günahkardır...”.
“O, insanları 1 mart 2008-ci ildə də təhlükəyə sürüyüb və arxasınca 10 ölü və yüzlərlə yaralı buraxıb”
Paşinyanın aradan çıxmasını digər tərəfdən də təhlil edən erməni müəllifə görə, onun bu cəhdi heç nəyi dəyişməyib. Çünki gəncliyində o ordudan da yayınıb və aradan çıxıb. SİTAT: “O, insanları 1 mart 2008-ci ildə də təhlükəyə sürüyüb və arxasınca 10 ölü və yüzlərlə yaralı buraxıb. Beləliklə, insanları koronavirus şəraitində mitinqlərə yığmaq, bunun dalınca isə sürüşüb, aradan çıxmaq Nikolun stilidir. O, hər zaman ölkənin əks tərəfində dayanır. Hətta düşmən tərəfdə də dayanır”.
Müəllif sonda yazır ki, onun daha sonra hansı addımı atacağı artıq heç nə kəsb etmir. “O sübut etdi ki, insanları təhlükəyə atır və qaçır”, Akunts yazıb.
Rövşən RƏSULOV